Bu gün – dekabrın 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə NİDA və “Azad gənclik” təşkilatının bir üzvünün işi üzrə məhkəmə prosesi keçirilib.
Virtualaz.org saytının məhkəmə prosesini izləyən əməkdaşı xəbər verir ki, hakim NİDA-nın üzvü Bəxtiyar Quliyevin ifadə verməsini istəyib. Lakin B.Quliyev indiki mərhələdə ifadə verməkdən imtina edib. O bildirib ki, şahidlərin ifadəsi və sübutların araşdırılmasından sonra ifadə verəcək. Hakim isə B.Quliyevin ibtidai ifadəsinin elan olunacağını bildirib. Bundan sonra məhkəmə zalında qalmaqal yaranıb. Təqsirləndirilən şəxslərin vəkilləri hakimin qərarına etiraz ediblər. Vəkillər söyləyiblər ki, Bəxtiyar Quliyev istintaq zamanı təzyiq altında verdiyi ifadədən imtina edib. Buna baxmayaraq, hakim ibtidai istintaq zamanı verilən ifadənin təqdim olunmasına dair qərar çıxarıb.
Məhkəmə təxirə salınıb. Növbəti proses dekabrın 10-a təyin edilib.
Xatırladaq ki, bu ilin mart-aprel aylarında tutulan NİDA-çıları Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi əvvəlcə qanunsuz olaraq partlayıcı maddə əldə etmə, saxlama, daşıma və gəzdirmədə, zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə cəhdində günahlandırıb. İstintaqın iddiasına görə, gənclər Məmməd Əzizov, Bəxtiyar Quliyev, Şahin Novruzlu, Rəşadət Axundov, Üzeyir Məmmədli, Rəşad Həsənov, Zaur Qurbanlı martın 10-da Bakıda kütləvi aksiya zamanı “Molotov kokteyli”ndən istifadəyə hazırlaşırmışlar. Gənclərin bir neçəsinə qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama ittihamı da verilib.
“Azad Gənclik” Təşkilatının üzvü İlkin Rüstəmzadənin işi də NİDA-çıların işi ilə birləşdirilib. İlkin Rüstəmzadə mayın 17-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin təqdimatı əsasında həbs olunub. Prokurorluq əvvəl ona xuliqanlıq ittihamı irəli sürüb, sonra işə zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə cəhdi ittihamı da əlavə olunub.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?