- Bu məktubu sizə yazmaqda məqsədim heç də pis niyyətdən irəli gəlmir, sizə olan münasibətim dəyişməzdir. İllər qabaq siz İmişli Çörək Zavodunun direktoru işləyərkən hesabatlarınızı baş idarədə qəbul etmiş iqtisadçı rəhbər kimi səmimiyəm, siyasətin və Azərbaycandakı bəzi əslində bütöv siyasətbazların üzü qara olsun, məni sizin kimilərin ayağına verdi. Bilirsiniz ki, 23-il müxalifətçi olmuşam. Rəsul Quliyev, İlyas İsmayılov, Sərdar Cəlaloğlu sədrlərim olub. 10 il ADP İmişli RT-nın sədri olmuşam. Müxalifətdən aralansam da keçmiş sədrlərimə sayğılıyam, qəlbən müxalifətçiyəm. Amma şükürlər olsun ki, mənə bu gündə sizdən və sizin kimilərdən qat-qat azad insanam. Hesabatlarınızı özünüz təqdim etməsəniz də araşdırıb tapıram, iqtisadi göstəricilərinizdə səmimi olmadığınızı, sosial sferada və əmək qanunvericiliyindəki əməllərinizdə hamı kimi fəaliyyət göstərirsiniz. Sizə verilən tapşırıqlar əsasında məktəblər tikirsiniz, təmir etdirirsiniz. Etiraf edim ki, tikdirdiyiniz məktəblər Avropa stillidir. Digər İmişlili oliqarxlardan fərqli olaraq İmişlidə butkanız belə yoxdur. Bu o deməkdir ki, iqtisadi sferalardakı əməliyyatınız yuxarılara məlumdur. Odur ki açıqlamaq, tədbir görmək mənim səlahiyyətimdən kənardır. Amma deputat seçildikdən sonra əmlakınızı oğlunuza verməyiniz diqqətə layiqdir. Hətta Kürdəmir taxıl kombinatında 3- il bundan qabaq taxıla suyu həddindən artıq vurduğuna görə bir mütəxəssisi də işdən qovmağınız diqqətə layiqdir. Pripiskadan yayınmaq üçün pambığa su vurulmasını bilirdim, amma taxıla su vurulmasını bilmirdim. İşdən qovduğunuz o mütəxəssisin hərəkətləri bizi linc çörək yeməyə cəlb etmək imiş, suyu az miqdarda vurmalı imiş. Əlbəttə çox yemək adamı az yeməkdən də qoyar- atalar misalıdır. O vaxt çörək zavodunda un hazır gəlirdi, üyüdülməsindən xəbərimiz olmurdu. Sən demə o vaxtlar su dəyirmançıları bunları bilmirmiş, ya bilərəkdən etmirlərmiş. Odur ki, nənələrimizin bişirdikləri çörəklər quru olurmuş. Bu texnologiyaya görə də sizə təşəkkür düşür. Cənab deputat! Məni bu məktubu yazmağa vadar edən məsələ başqadır, siyasətlə bağlıdır. Təmir etdirdiyiniz 5 nömrəli məktəbin qarşısında 29 aprel 2013-cü il sizinlə görüşmək xəyalı, sizin mübarək əllərinizi sıxmaq və iqtisadi göstəricilərinizdəki uğurları bildirmək deyildi. Bu görüş sizə də ünvanladığım İmişlidə Heydər Əliyevin adına olan parkın inkar edilməsi, keçmiş və bu günkü dostunuz Tofiq İsayevin “Gənclər Mərkəzi” adı altında şadlıq sarayı tikdirməsi və.s. və.s haqqındakı məktuba sizin münasibətinizi öyrənmək idi. Axı T.İsayev də hesabatı mənə təqdim edirdi, sizin o vaxtki qazancınız mənə gün kimi məlum idi. O görüşdə mənim cibimdəki “Azadlıq” qəzetini götürüb yerə çırpdınız, mənə sözümü deməyə imkan verməməyiniz, prezident İlham Əliyevi mədh etməyiniz yəqin ki, yadınızdan çıxmayıb. Əsabil müəllim, mənki sizin hesabatlarınızı yerə atmamışdım, ata bilərdim. Bir də axı mən də elə İlham Əliyevin atası Heydər Əliyevin adına əbədiləşdirilmiş parkın inkar edilməsindən yazmışdım. Əgər İlham Əliyevə belə səmimiydinizsə, o məktubları niyə Milli Məclisdə faş etmədiniz, keçmiş və indiki dostunuzun ayağına verdiniz. Sizin deputatlıq platformanızı eşitmişəm. Bildirirdiniz ki, təhsili təbliğ edəcəksiniz, valideynlərə tövsiyə edirdiniz ki, uşaqlarınızın təhsil haqqını ödəyəcəksiniz. Uşaqlarınızı oxudun deyirdiniz. Gözəl platforma idi, amma bura vətəndaşı olmayan körpəlikdən uşağını bibisinin himayəsində atıb gedən və dindar 7 ildən sonra çox gözəl bir universitetə qəbul olan qız uşağının məktubları sizdədir, o qovulmaq dərəcəsindədir. Humanist müəllimlər onu birtəhər yola verir, şəhid ailəsindəndir. Sizə yəqin ki, köməkçiniz məruzə etməyib, məndən inciməyin. Mən sizi əsl deputat görmək istəyirəm. Qənirə Paşayevaya bütün Azərbaycan məktub yazır. İmişlililər nə Çingiz Qənizadəyə, nə də sizə müraciət etmir artıq, amma mən keçmiş iş yoldaşı kimi edirəm. Mən bu iqtidarın heç vaxt çörəyini yeməmişəm. Çörəyini yeyən nazir və komitə sədrləri komfortlu həyat sürən xarici banklarda hesabları olan, Avropada villaları olan, 30-40 inomarka avtomobilləri olan vəzifə sahibləri mənə cavab məktubu yazırlar ki, parklar barədə bizə yox məhkəməyə müraciət edin. Ədliyyə naziri hörmətli F.Məmmədov mənə məktub ünvanlamışdır ki, məktubunuz Şirvan Apellyasiya Məhkəməsinə göndərilib. Həmin məhkəmədən isə 03 fevral 2014-cü il № 5Q-25/14 saylı məktubla cavab yazılıb. Ədliyyə Nazirliyindən Şirvan Apellyasiya Məhkəməsinə daxil olmuş ərizənizə baxıldı. Ərizənizdə İmişli rayonundakı parkın ərazisində inşa edilmiş tikililərin qanunsuz olduğundan şikayətlənirsiniz. Bildiririk ki, Şirvan Apellyasiya Məhkəməsi ərazi yurisdiksiyası üzrə yalnız birinci inistansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə, hökm, qərar və qərardadlardan verilmiş şikayətlərə baxır. Ona görə də birinci inistansiya məhkəməsinə müraciət edə bilərsiniz. Məktubu aparat rəhbəri Anar Yusifov imzalayıb. Hörmətli Əsabil müəllim! Anar bəydən başqa Qərib Məmmədovun idarəsindən bir mütəxəssis gəlib bildirdi ki, parkların məsələsini məhkəmə yolu ilə biz araşdıracağıq, hətta həmin idarədən mənə məktub daxil olmuşdur ki, məsələni məhkəmədə çözəcəyik. O gedən getdi. Nə cavab verdi, nə də məhkəməyə verdilər. Yəni xatırladıram ki, Heydər Əliyevin çörəyini yeyənlər haqlı olaraq məhkəməyə müraciət etməli idilər, amma mənə məsləhət verirlər ki, məhkəməyə müraciət et. Vallah ayıbdır. Əgər siz də məsləhət bilirsinizsə, mən məhkəməyə müraciət edim. Çünki imişliliyəm. Dünyanın heç bir ölkəsində parklarda otel və ya saray olmayıb, hansı ki, sizə yaxın şəxs deputat seçkilərinizdə fəal olmuş Aslan Manafov MRX qarşısındakı parkı su qiymətinə özəlləşdirib, həyətyanı torpaq sahəsi kimi satışa buraxıb. Parkı 3 metr hündürlüyündə hasarlatdırıb. Odur ki, sizdən xahiş edirəm. Göstərdiyim məsələlər barədə Milli Məclisin tribunasından məsələni ictimailəşdirin, həllinə yardımçı olun. Hörmətlə!
Müstəqil jurnalist, Hüquq müdafiəçisi Məhbub Əvəzoğlu Zülfüqarlı
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?