Dünyanın ən müasir döyüş təyyarələrindən birini istehsal edən şirkət Azərbaycanla sövdələşmə üçün danışıqlar aparır
Britaniya ötən il Fars körfəzi ölkələrinə dünyanın ən güclü qırıcı təyyarələrindən hesab edilən “Eurofighter Typhoon” (qısaca “Tayfun”) təyyarələrinin kütləvi satışı sayəsində dünyada silah ixracına görə dördüncü yerə çıxıb.
Virtualaz.org saytının xəbərinə görə, Britaniyanın “The Telegraph” qəzetinin xəbərində belə deyilir.
Müştərilərə çatdırılmış silahların həcmi ilə bağlı dünya silah ixracatçılarının reytinq cədvəlində göstərilir ki, Böyük Britaniya bu göstərici üzrə ötən il Almaniyanı ötüb keçib və müştərilərə 3,9 milyard dollarlıq silah çatdırıb. Söhbət bağlanmış satış müqavilələrinin həcmindən deyil, real olaraq müştərilərə çatdırılmış silahlardan gedir.
Böyük Britaniyanın silah ixracında bu cür yüksəlməsi ötən il Səudiyyə Ərəbistanına 2 milyard dollarlıq “Eurofighter Typhoon” qırıcısını satması sayəsində baş verib. Qırıcıları “BAE Systems” şirkəti istehsal edir.
Lakin analitiklər qeyd edir ki, “Eurofighter Typhoon” qırıcılarının satışı üzrə müqavilələrin icrası başa çatandan sonra Böyük Britaniya cədvəldə yenidən aşağı enəcək.
“İHS Jane” şirkətinin baş analitiki Ben Mur deyir: “Reallıq belədir ki, uzunmüddətli perspektivdə “Eurofighter Typhoon”ların çatdırılması başa çatan kimi Böyük Britaniya silah ixracı üzrə ilk beşlikdə qalmaq uğrunda mübarizə aparmalı olacaq”.
Səudiyyə Ərəbistanı ötən həftə Britaniyadan daha 72 təyyarə almağa razılaşıb. Baxmayaraq ki, əvvəlki müqaviləyə nisbətən qiymət bu dəfə baha olacaq. Bununla belə Böyük Britaniyanın Birləşmiş Ərəb Əmirliklərinə “Eurofighter Typhoon” qırıcılarının satışına dair sövdələşməsi pozulub.
“BAE Systems” şirkəti hazırda Küveyt, Qətər və ola bilsin ki, Azərbaycana bu təyyarələrin satışı üçün sövdələşmə əldə etmək üçün danışıqlar aparır” - deyə qəzet yazır.
“Eurofighter Typhoon” dördüncü nəsil çoxməqsədli döyüş təyyarəsidir (beşinci nəsil qırıcılar dünyanın ən güclü ölkələrinin ordularında hələ yenicə sınaqdan keçirilir). Öz texniki-taktiki göstəricilərinə görə olduqca unikal təyyarə hesab olunan “Eurofighter Typhoon” “stels” texnologiyası əsasında hazırlanmasa da radara yaxalanması ehtimalı olduqca azdır.
Dünyanın ən güclü döyüş təyyarələrindən biri olan “Eurofighter Typhoon” Britaniya, Almaniya, İtaliya və İspaniyanın Hərbi-Hava Qüvvələrinin arsenalında var.
Qeyd edək ki, Azərbaycanın Hərbi-Hava Qüvvələri Rusiya istehsalı olan “MiQ” və “SU” tipli təyyarələrlə təchiz olunub. Əgər Böyük Britaniya şirkətindən “Eurofighter Typhoon” qırıcılarının alınmasına dair sövdələşmə baş tutsa, Azərbaycanın Hərbi-Hava Qüvvələri keçmiş sovet regionunda Qərb istehsalı olan qırıcılara malik ilk hava qüvvələri olacaq və sözsüz ki, Ermənistan da daxil olmaqla bir çox ölkələr qarşısında əzici üstünlüyünü təmin edəcək.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?