Bakı sakini, analitik Elxan Şahinoğlu martın 24-ü “Media forum”a göndərdiyi məlumatda Yasamal rayonunun Mirəli Seyidov küçəsindəki 14 nömrəli binanın qarşısında cinayət əməli həyata keçirildiyini bildirib. Onun sözlərinə görə, təxminən 10 gün öncə müxtəlif idarələrin işçiləri həyətdə çalışmalara başlayıb: “Dedilər ki, park salırıq. Sevindik, çünki yaşlı sakinlərin istirahəti, uşaqların oynaması üçün münasib yer yoxdur. SSRİ illərində həyətdə hər cür şərait var idi. Ancaq hazırda çalışmaların gedişi göstərir ki, “park” bəhanədir, həyətin bir hissəsində dərin özül qazır, tikinti işlərinə hazırlıq gedir. Gecə ikən 40 illik ağacları qoparıblar, o biriləri isə traktor zədələyib. Bina 1964-cü ildə tikilib. Keçmiş “Kommunist”, indiki “Azərbaycan” nəşriyyatına bağlı binadır. Deməli, binanın Prezident Administrasiyasına da dəxli var. 1960-cı illərin sonlarında binanın həyətində park salınıb. Yaşlı qonşuların sözlərinə görə, Heydər Əliyev də parka gələrək bir neçə ağacı sakinlərlə birgə əkib. İndi bu vandallar Heydər Əliyevin əkdiyi ağacları kökündən qoparırlar. Müvafiq instansiyalara məktublar göndərmişik. Gözləyirik. Bir şey çıxmasa, bina sakinlərinin özləri müqavimət göstərmək məcburiyyətində qalacaq”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?