Astara keçid məntəqəsində Hikmət Məmmədovun icazəsi və xəracı alınmadan “quş da uça bilmir”, sürücülər qan ağlayır, komitə rəhbərinə şikayət olunub
İrandan kafel gətirən sürücülərin Astara gömrüyündə üzləşdiyi maneələr artıq normanı keçib. Gömrük məntəqəsinin rəisi Hikmət Məmmədovun əməlləri barədə mətbuat yazsa da, bir faydası yoxdur. Gömrük rəisi özünün qoyduğu qanunları həyata keçirir və heç kimi saymır. Artıq aylardır ki, yük maşını sürücüləri problemlə üzləşir. Maşınların uzun müddət yüklü qalması isə sürücülərə sərf etmir. Bu haqda “Gündəm-xəbər”ə yazan sürücülər qeyd edirlər ki, gömrük rəisinin özbaşınalıqları hamını bezdirib: “Səbəb nədir, demirlər. Kafel vururuq. Bizi ya buraxmırlar, ya malların boşaldırlar, ya da pul istəyirlər. Maşın işləməyəndən sonra mənim ailəm nə yeməlidir? Heç olmasa, gündəlik çörəkpulu olsun ki, çörək alım. Qalmışıq avara, heç kim də bizə sahib durmur, yiyəsizik. Kredit veririk. Maşınla dolanırıq da biz. Monopoliyadır. Pul istəyirlər, saxlayırlar, verəni buraxırlar. Rüşvət istəyirlər. Biz vermirik. Astara gömrüyündə özbaşınalıqdır, bizdən monopolistlə görüşməyi tələb edirlər. Natiq Cəfərli var burda. Deyir, burda mənəm, Bağdadda kor xəlifə. Açıq deyir ki, bizə deyilməsə, buraxmarıq. Mən də monopolistin yanına nə üçün getməliyəm?” Şikayətçilər bildirirlər ki, Astara gömrüyündə Azərbaycana daxil olan bütün istehlak malları monopoliyadadır. Ölkəyə gətirilən istənilən məhsula dövlət rüsumundan başqa əlavə haqq istənilir. Bu qayda 20 ildir davam edir və bu gün də qüvvədədir. Onların dediyinə görə, İranda ən keyfiyyətli kafelin bir kvadratmetri 3 manat 20 qəpiyədirsə, Azərbaycanda ən yaxşı halda 11 manatadır. Onlar deyirlər ki, gömrükdə monopoliya götürülsə, qiymətlər ən azı 2 dəfə aşağı düşər. Narazıların sözlərinə görə, Gömrük Komitəsinin sədri Aydın Əliyev Astarada olanda gömrükdə baş verən qanunsuzluqlar barəsində ona şifahi və yazılı şəkildə şikayət edilib. Komitə sədri bildirib ki, bütün şikayətlər araşdırılacaq. Ancaq nə cəza var, nə araşdırma. Hikmət Məmmədov sürücüləri boğaza yığıb. Bir gün Astara gömrüyündə üsyan qalxsa, təəccüblü olmaz. Sürücülər yazırlar ki, gömrük rəisinin adamları mülki formada gömrüyün qapısını kəsdiriblər. Onlar sürücülərə yaxınlaşır, rüşvət tələb edir, problem yaradırlar. Artıq Astara gömrüyündə gestapo rejimi hökm sürür. Vətəndaşlar da sərhədi keçmək üçün əziyyət çəkirlər. Bu barədə saysız-hesabsız şikayətlər var, müraciətlər olub. Gəl ki, irəliləyiş yoxdur. Gömrük rəisi isə general himayəçisinə güvənərək bu addımlarını atmaqda davam edir. Sirr deyil ki, Astara gömrüyünün sahibi hansı yüksək çinli məmurdur. RAFİQ
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?