Malayziyanın "Malaysia Airlines" aviaşirkətinin yoxa çıxmış Boeing 777-200 ER avialaynerinin sərnişinlərinin ailə üzvləri və qohumlarına kompensasiyaların ödənməsinə başlanılıb. Martın 8-də Kuala-Lumpurdakı beynəlxalq hava limanından səmaya qalxaraq MH370 reysi ilə Pekinə yönələn təyyarə uçuşun 2-ci saatında yoxa çıxıb. Təyyarədə 227 sərnişin və 12 nəfər heyət üzvü vardı. "gundemxeber.az" AsiaOne-a istinadən bildirir ki, təyyarənin Hind Okeanının cənubuna düşdüyü artıq şübhə doğurmur. Fransanın kosmosdakı peykləri həmin bölgədə 122 üzən obyekt aşakarlayıb. Həmin obyektlərin təyyarələrin qalıqları olduğu deyilir. Bölgə Avstraliyanın Pert şəhərindən 2500 km şimal-qərbdədir. Sərnişinlərin ailə üzvləri və qohumları isə çox narazıdırlar. "Malayziyanın hakimiyyət dairələrinin, "Malaysia Airlines" aviaşirkətinin rəhbərliyinin bizim qanuni sorğularımıza belə cavab verməsinə çox təəssüflənirik. Aviaşirkətin yalanları, cinayətini ört-basdır etmək cəhdləri isə bizi hiddətləndirir", - yoxa çıxmış təyyarənin sərnişinlərindən birinin atası Xinhua-ya bildirib. Sərnişinlərin ailə üzvləri və qohumları Avstraliyanın Pert şəhərinə yollanmağa başlayıblar. Avstraliyanın hakimiyyət dairələri bu şəxslərin qəbul edilərək yerləşdirilməsi üçün gərəkli hər şeyi edəcəyini vurğulayıb. Bu arada təyyarə ilə bağlı yeni faktlar aşkarlanıb və axtarış bölgəsi indiyədək təyyarənin qalıqlarının arandığı yerdən şimala yer dəyişib. Mütəxəssislərin dediklərinə görə, MH370 reysi ilə uçmuş təyyarə ilkin olaraq nəzərdə tutulduğundan daha sürətlə hərəkət edib. "Bu səbəbdən də axtarış zonası 1100 kilometr şimala dəyişib. Yeni axtarış bölgəsi 319 min kvadrat kilometrdir", - ABŞ-ın Federal Təhqiqat Bürosunun əməkdaşları deyiblər. Həmin zona indi Avstraliyanın Pert şəhərindən 1850 km aralıdadır. Tailandın kosmik peyklərindən əldə edilmiş görüntülərdə isə Pertdən 2700 km aralıda 300 obyekt var. Yaponiya az öncə bəyan edib ki, həmin bölgənin peyk çəkilişlərini Malayziyanın hakimiyyət dairələrinə təqdim edib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?