Azərbaycan Respublikasının Konstitusiyasının müvafiq maddəsinə görə, yeraltı və yerüstü sərvətlər birmənalı şəkildə xalqa məxsusdur. Bəs belə bir ali qanunda göstərilənlərə ölkədə əməl edilirmi? Əlbəttə, yox! Belədirsə, konstitusiyadakı həmin maddə kimə və nəyə lazımdır? Gözgörəsi sərvətlər kimlər tərəfindən talan edildiyi halda xalqa yalnız seyr etmək qalır. Necə ki, Qazaxın “Avey” dağında olduğu kimi. Yaxşı yadımızdadır. Sovet dönəmində həmin dağda 2 daş karxanası var idi. O dövr daşın ölçüsünə və keyfiyyətinə ciddi fikir verilirdi. Xüsusi dövlət nəzarəti vardı. Hazırda “Avey” dağında 11-dən çox daş karxanası açılıb. Bir sözlə, “işbazlar” dağı mal-pay ediblər. Necə deyərlər, hərə bir “karyer” açıb. Bu bir yana, kəsilən daşların keyfiyyəti aşağılanıb, ölçüləri isə standartlara uyğun deyildir. Belə çıxır ki, daşın enindən və uzunundan kəsməklə say artıran “işbazlar” küllü miqdarda var-dövlət əldə etməklə məşğuldurlar. Belə çıxır ki, Respublika Meterologiya və Standartlaşdırma Komitəsinin bu karxanalardan xəbəri yoxdur. Şəxsi maraqlar imkan vermir ki, əhalinin qeydinə qalsınlar. Ev tikənlər isə daha çox pul xərcləməli olurlar. Sovet dönəmində 1 kvadratmetr hörük üçün 12 ədəd kubik lazım gəlirdisə, indi 15-17 ədəd kubik lazım gəlir. Bəyəm belə rüsvayçı halların arxasında şəxsi maraqlar durmurmu? Onsuz da imkanlı adamlar çox vaxt “Avey” daşından istifadə etmirlər. Edənlərin də gözünə nə say, nə də pul görünmür. Meterologiya və standartlaşdırma komitəsinin bircə işçiləri nəzərə çarpaqdadır. Guya təkcə çörəyə nəzarət edirlər. “Tasa” düşməyən çörək sexlərini yoxlayıb cərimələr və qadağalar qoyurlar. Gəlin, insafla danışaq. Gündəlik təlabatımız olan çörək standarta uyğundurmu? Əsla yox! Necə olur ki, tində, bucaqda olan çörək sexlərini tapırlar, səsi-küyü Qazaxı bürüyən daş karxanalarını tapa bilmirlər? Açıqca hiss olunur ki, daş karxanalarına məlum səbəblər üzündən göz yumulur. Onsuz da məlumdur ki, daş karxanası açmaq üçün bir neçə iri məmurun bığının altından keçmək labüddür. Deməli, xalqın sərvəti xalqa məxsus deyildir. Şübhəsiz ki, karxananı bir nəfər işlədə bilməz. Müsahibimiz əsas verdi ki, hər karxanada azı 5-6 nəfər çalışır. Bunlar bir tikə çörək üçün özlərini təhlükəyə atırlar. Ömürlərinin azaldığına belə düşünməyə vaxtları qalmır. Deyilənə görə, son 3-4 ildə bir neçə nəfər xəsarət alaraq şikəst olmuşdur. Bəziləri müxtəlif yollarla əlillik dərəcəsi alsalar da, bəziləri hələ də bir tikə çörəyə möhtacdır. “Deyirlər əmək müfəttişliyi var”. Biz də eşitmişik. Amma həmin müfəttişliyin kimlərin əməyini müdafiə etdikərindən xəbərsizik. Hərdən eşidirik ki, filan idarəyə və ya ticarət obyektinə əmək müfəttişliyi cərimə yazıb. Bu da yaxşı haldır. Bəs hərdən yollarını istehsal sexlərindən, daş karxanalarından niyə salmırlar? Bax bu sual ətrafında xeyli düşünməyə dəyər. Baş sındırmağımız özümüzə qaldı. Onu öyrənə bildik ki, son 5 ildə 1 nəfərə cərimə yazıblar. Həmin cərimə də hələ də havada qalıb. Fikir verin, cərimələr yazılır, məhkəmə də müstəqilliyindən istifadə edərək cərimələri ləğv edir. Apellyasiya şikayəti verilmir. Deməyə əsas var ki, çətinliklə dil tapa bilmişlər. 22 saylı Region üzrə Dövlət Əmək Müfəttişliyindən bildirdilər ki, “Ədliyyə nazirliyindən çıxarış olmadan yoxlama aparılması qeyri-qanunidir”. Nə deryirik... Bəs onda müşahidə etmək, dövlət sərvətini talançılıqdan qorumaq, ali orqanlara məlumat vermək kimin öhdəsinə düşməlidir? Belə çıxır ki, əməyin istismar olunmasına, icbari sığortadan yayınmağa Ədliyyə Nazirliyi göz yumur. Biz belə düşünməzdik. Əgər məlumat verilsə ki, Qazağın “Avey” dağını sökməklə xalqın sərvəti talan edilir. 11 ədəd daş karxanasında 70-80 nəfər əmək müqaviləsi olmadan işləyir. Onda yəqin ki, Ədliyyə Nazirliyi canla-başla yoxlama aparılmasına razılıq verər. Onu da qeyd etmək yerinə düşərdi ki, əmək müfəttişliyi tərəfindən daş karxanalarının bir neçəsində yoxlamalar olub. Hətta, “işlərin qanuni” olduğu halda aktlar da yazılıb. Guya hər karxanada 2 nəfər işləyir. Buna inanmaq ağılsızlıqdır. Müşahidəmizdən məlum olur ki, hər daş karxanasında ən azı 7 nəfər çalışır. Mənbə bildirir ki, 22 Saylı Region üzrə Dövlət Əmək Müfəttişliyində daxili çəkişmənin nəticəsidir ki, din-bərəkət “ərşə” çəkilib. ƏMİ-nin bir nəfər işçisi bir neçə ayda 170 dəfə yoxlama aparıb. Təəssüflər olsun ki, heç bir cərimədən söhbət getməyib. Yoxlanılan obyektlərdə işləyənlərlə söhbət etdikdə məlum olur ki, aparılan yoxlamadan işçilərin birinin də xəbəri yoxdur. Belə isə əmək müfəttişləri kiminlə söhbətləşib, yaxud necə yoxlama aparıb? (mövzunu diqqətdə saxlayacağıq). Vəkil Rüstəm
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?