Ukrayna mətbuatı yerli əhalinin onların hərəkətlərindən narazı olduğunu yazır
Özlərini “Donetsk Xalq Respublikası”nın Slavyan batalyonunun döyüşçüləri adlandıran Rusiya yönümlü silahlı şəxslər Kramatorsk şəhər milis şöbəsini ələ keçiriblər. İnzibati binaya hücum zamanı silahlı şəxslər və milis əməkdaşları arasında atışma baş verib. İlkin məlumata görə, hücum edənlər Kramatorsk milis şöbəsini “Kalaşnikov” avtomatlarından və “Makarov” tipli tapançadan atəşə tutublar. Atışma zamanı bir nəfər yaralanıb. Onun hansı düşərgənin nümayəndəsi olduğu hələlik məlum deyil. Krasnıy Liman rayonunda milis əməkdaşları şöbədə mövqe quraraq silahlıların hücumunu gözləyir. Slavyansk şəhərində isə zəbt olunan milis şöbəsindən ələ keçirilmiş silahlar şəhərin meydanında yerli sakinlərə paylanılır. Məlumata görə, əsasən, kriminal elementlər və narkomanlar silahlandırılır. Ukrayna mətbuatı yerli əhalinin onların hərəkətlərindən narazı olduğunu yazır. Yerli sakinlərin sözlərinə görə, yerli milis şöbəsinə və Təhlükəsizlik Xidməti idarəsinə hücumu birbaşa Rusiya hərbçiləri həyata keçirib, hadisə yerində olan yerli silahlı sakinlər isə əməliyyatı, sadəcə, pərdələyiblər. Bundan başqa, Ukrayna Təhlükəsizlik Xidmətinin yerli idarəsinin binası ələ keçirildikdən sonra, Rusiya hərbçiləri UTX əməkdaşlarını bir neçə saat dindirib. Silahlı şəxslər arasında olan mənbə bildirib ki, onların qarşısına Rusiya qoşunları üçün Slavyansk-Krasnıy Liman-Rovenki marşrutu üzrə “yaşıl dəhliz” yaratmaq tapşırığı qoyulub. Lakin silahlıların rəhbərləri bu məlumatı hələlik təsdiqləməyib. Daha bir hadisə Donetskdəki kimya zavodunda baş verib. Silahlı şəxslərin zavoda hücum etdikləri xəbəri yayılıb. Bu barədə Ukrayna DİN-nin saytında məlumat verilib. Qurumun məlumatına görə, Ukrayna Milli Qvardiya tərəfindən mühafizəsi həyata keçirilən Donetsk Kimya Zavoduna hücum aprelin 12-də, günün ikinci yarısında törədilib. “Milis əməkdaşlarının qətiyyətli və peşəkar tədbirləri nəticəsində hücum edənlərdən 2-si tərksilah edilərək saxlanılıb. Hüquq mühafizəçilərdən 1 nəfər bədən xəsarətləri alıb”, deyə açıqlamada bildirilir. Baş verənlərin fonunda Kiyevdə bu gecə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclası keçirilib. ANS PRESS-in məlumatına görə, bu barədə Ali Radanın saytında yazılıb. Məlumata görə, iclasda antiterror tədbirlər və Urkaynanın şərqində vəziyyətin normallaşması ilə bağlı məsələlər müzakirə olunub. Xatırladaq ki, bir müddət əvvəl yerli KİV-lər Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının ölkədə fövqəladə vəziyyətin elan olunması məsələsini müzakirə etdiyini bildiriblər.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?