Torpaq alveri ilə bağlı məsələ Səbail Prokurorluğunda araşdırılır
Qəzetimizin ötən saylarında Bakıda torpaq alveri ilə məşğul olan mütəşəkkil dəstə barəsində məlumat vermişdik. Vaxtilə vəzifə sahibi olan və hal-hazırda vəzifədə çalışan bir çox şəxslər əlbir olaraq qanunsuz olaraq torpaq sahələrinin alqı-satqısını həyata keçirir, bu yolla böyük məbləğdə vəsait qazanırlar. Vaxtilə Bakı şəhər İcra Hakimiyyətinin Baş Memarlıq və Şəhərsalma idarəsində mühasiblik edən Tamara Həmidova xüsusi şəbəkə formalaşdırmaqla torpaq biznesi sahəsində bir çox qanunsuzluqlara imza atıb. Qəzetimizin müxtəlif saylarında Badamdar bələdiyyəsinin sədri Həbib Əsədovun çıdırğı torpaq alveri barəsində ətraflı məlumat vermişik. Araşdırmalarımız nəticəsində aydın olub ki, Həbib Əsədovun bu sahədə əsas himayədarlarından biri məhz Tamara Həmidovadır. Onların müştərək fəaliyyəti nəticəsində böyük torpaq sahələri qanunsuz yollarla satılaraq əldə olunan vəsait mənimsənilib. Həmçinin, Tamara Həmidovanın Nizami rayonu, Çobanzadə küçəsində sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar kateqoriyasına aid olmaqla su kəmərinin mühafizə və sənaye zonalarını yaşayış massivindən ayıran sanitar mühafizə zolağında yerləşən 105 kvadrat metrlik ərazini qeyri-qanuni olaraq zəbt etmiş və tikinti işləri aparmışdır. Zəbt olunmuş ərazidə hər-hansı tikinti işlərinin aparılmasını qadağan edən rəsmi sənədlər olmasına baxmayaraq, Tamara Həmidova əlaqələrindən istifadə edərək saxta sənədlər əldə etməklə ərazini zəbt edib. Şəhərin böyük hissəsini su ilə təchiz edən magistral su kəmərinin üzərindədir. Göstərilən ərazinin mülkiyyətə verilməsi mümkün olmadığı halda Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Bakı şöbəsi tərəfindən Tamara Həmidovaya göstərilən torpaq sahəsinin mülkiyyətə verilməsi barəsində sənəd verilib. Müxtəlif dövlət orqanlarının bir-birinə ziddiyyət təşkil edən sənədləri ilə torpaq biznesini genişləndirən Tamara Həmidovanın qanunsuz əməlləri hələ də davam etməkdədir. Tamara Həmidovanın etdiyi qanunsuzluqlarla bağlı Səbail rayon prokurorluğunda araşdırmalar aparılır. Səbail rayon prokuroru Şirxan Adıgözəlova müraciət edərək bildiririk ki, Tamara Həmidovanın qanunsuz torpaq alverinin ədalətli şəkildə araşdırılması hələ çox qaranlıq mətləbləri üzə çıxarda bilər. Bu işdə ona yardımçı olan ayrı-ayrı şəxslərin vəzifə səlahiyyətlərini aşan əməlləri və bundan istifadə edən Tamara Həmidovanın qanunsuz torpaq biznesi qanunun aliliyi ilə durdurulmalıdır. İnanırıq ki, Səbail rayon Prokurorluğu bu qanunsuzluqlara son qoyulması üçün qanunun bütün ciddiyyəti ilə tədbirlər görəcəkdir. NİCAT
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?