Bakı Apellyasiya Məhkəməsində həbsdə olan sabiq deputat Gülər Əhmədovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə baş ekspert Lətif Əliyev proses iştirakçılarının suallarını cavablandırıb. O, eksperti olduğu Mərkəzi Ekspertiza Mərkəzinin ən son texnologiyalarla təchiz olunduğunu deyib. Daha sonra Gülər Əhmədova ona suallar verməyə başlayıb. Təqsirləndirilən şəxs bildirib ki, ekspert rəyində ekspertiza edilən məlumatın ilk olmadığı qeyd edilib. Bu məqamda dövlət ittihamçısı onun sualına etiraz edib. G.Əhmədova isə cavab olaraq bunları deyib: “Mənim sözümü kəsməyin. Bir ana kimi yalvarıram, xahiş edirəm, sözümü kəsməyin. Nə istəyirsiniz edin, amma sözümü kəsməyin”. Daha sonra L.Əliyev G.Əhmədovanın suallarını cavablandırıb. Digər ekspert Məmməd Ramazanov da dindirilib. G.Əhmədovanın vəkil Əfsər Talıbov ondan soruşub ki, rəydə videoda səsin kəsilməsi, formatın dəyişməsi və digər məsələlər qeyd olunub, bunlar ciddi qüsur hesab oluna bilərmi? M.Ramazanov isə deyib ki, videoda siqnalın kəsilməsi kimi məqamları var və bu rəydə qeyd edilib: “Videonun əsl olmadığını biz müəyyənləşdirmişik. Video YouTube-da yerləşdiriləndə videonun formatı avtomatik olaraq dəyişir”. G.Əhmədova isə deyib ki, o, videonun montaj olduğunu iddia edir: “Elşad Abdullayev da deyir ki, o montajdır”. M.Ramazanov isə deyib ki, videodakı kəsilmələrin səbəbi qeyri-müəyyəndir. Ona cavab olaraq G. Əhmədova “o qeyri-müəyyənliyə görə mən 1 il 3 aydır, həbsdəyəm”, - deyə bildirib. Proses davam etdiriləcək. Xatırladaq ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin ötən ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova mandatından imtina edib. G.Əhmədova barəsində həbs-qətimkan tədbiri seçilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə G. Əhmədova 3 il müddətinə azadlıqdan məhrum edilib. Hökm zamanı onun ilk dəfə cinayət törətməsi, 3 dəfə deputat olması, ictimai-siyasi fəaliyyəti, müxtəlif xəstəliklərdən əziyyət çəkməsi, şəxsiyyəti, himayəsində yetkinlik yaşına çatmayan övladının olması məhkəmə tərəfindən yüngülləşdirici hal kimi nəzərə alınıb. Hökmdən narazı qalan təqsirləndirilən şəxsin vəkili Əfsər Talıbov isə apellyasiya şikayəti ilə məhkəməyə müraciət edib. Bakı Apellyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən iclas zamanı vəkil Əfsər Talıbov məhkəmənin istintaqla aparılması və digər bir neçə vəsatət verib. Lakin vəsatətlər təmin edilməyib. Bunun üçün prosesin ilkin baxış iclasının qərarından Ali Məhkəməyə kassasiya şikayəti ilə müraciət olunub. Ali Məhkəmə isə Bakı Apellyasiya Məhkəməsinin ilkin baxış iclasını ləğv edib. Məhkəmə kassasiya şikayətini də qismən edib. Qərara əsasən, Bakı Apellyasiya Məhkəməsində proses qismən istintaqla aparılacaq, əlavə şahid və ekspertlər yenidən dindiriləcək. Ali Məhkəmə Bakı Apellyasiya Məhkəməsinin ilkin baxış iclasının qərarını ləğv etdiyi üçün prosesə sədrlik edəcək hakim də dəyişdirilib. İş hakim İlqar Murquzovun icraatından alınaraq, hakim Əflatun Qasımovun icraatına verilib. G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?