Hesablama Palatasının Milli Məclisə təqdim etdiyi illik hesabatla bağlı ANS-lə gənclər və idman naziri Azad Rəhimov arasında baş verən qalmaqal davam etməkdədir. “Yeni Müsavat” qəzetində ötən gün gedən məlumat aradakı qalmaqalı bir qədər də dərinləşdirdi. Belə ki, “Yeni Müsavat” qəzetindəki məqalədə qeyd edilirdi ki, tərəflər arasındakı qarşıdurmanın əsas səbəbi A.Rəhimovun bahalı brend saatların satışı ilə məşğul olan dükanlara sahib olmasıdır. Qəzetin yazdığına görə, telekanal rəhbərliyinin on beş ildən artıq ölkədə saat satışı ilə məşğul olan dükanları iflas həddindədir. Bunun səbəbi isə məhz nazir A.Rəhimovdur. Belə ki, artıq nazirə məxsus olduğu bildirilən butiklərdə vaxtilə ANS rəhbəri Vahid Mustafayevə məxsus VMF şirkətində satılan bahalı brend saatlar satışa çıxarılıb. Hətta bildirilir ki, A.Rəhimov həmin brend saatların satış hüququnu hansısa yollarla VMF-dən ala bilib. “Yeni Müsavat” qəzetinin dünənki sayında isə baş verənlərə münasibət bildirən deputat Siyavuş Novruzov maraqlı açıqlamalar verib. Onun fikrincə, bu qarşıdurmada şəxsi maraqlara toxunulmadan söhbət gedir və nəsə qərəzçilik var: “Hesab edirəm ki, burada məqsədli işlər var. Bilirsiniz ki, ölkəmizdə 2015-ci ildə Birinci Avropa Yay Olimpiya Oyunları keçiriləcək. Ona görə ard-arda verlişlərin çəkilməsi təsadüfi ola bilməz. Bir dəfə xəbərdarlıq etdin, ictimaiyyətə bəlli oldu. Ancaq dalbadal, silsilə verilişlərin hazırlanması təsadüfi ola bilməz. Bu məsələ ilə bağlı məlumat verildi, ona veriliş də həsr olundu. Ancaq dünən baxıram ki, bu məsələ yenə təkrar olunur. Belə görünür ki, burada şəxsi maraqlara toxunmaqdan söhbət gedir”. S.Novruzov jurnalistin “bu faktların dövriyyəyə buraxılmasında hakimiyyətdaxili mübarizənin rolu ola bilərmi” sualına cavabı isə belə olub: “Burada hakimiyyətdaxili mübarizədən yox, şirkətlərarası, təşkilatlararası mübarizədən söhbət gedə bilər”. Məsələ ilə bağlı ANS televiziyasının vitse-prezidenti Mirşahin Ağayev Azadlıq qəzetinə açıqlamasında bildirib ki, ANS Avropa Yay Olimpiya Oyunlarının Azərbaycanda keçirilməsini hamıdan birinci yayan kanaldır: “Bir tamaşaçı, bir şirkət olaraq da Azərbaycan öz tarixinin ən mötəbər yarışlarından birinə hazırlaşır. Bu oyunlar ərəfəsində guya ANS-in hər hansı təxribatla məşğul olması, məqsədli şəkildə informasiya yayması həqiqətə uyğun deyil. Bu mənada ANS-i qərəzlilikdə, mötəbər yarışlar ərəfəsi təxribatda günahlandırmaq sırf məlumatsızlıqdan və teleşirkətin Azərbaycan dövlətinə münasibətini düşünməməkdən irəli gəlir. Təəssüf edirəm ki, dostum Siyavuş Novruzov bu məsələlərə birtərəfli yanaşıb”. M.Ağayevin sözlərinə görə, eyni mövzuya jurnalistin bir neçə dəfə müraciət etməsi jurnalistika prinsipləri baxımından normal haldır: “Məsələnin ən vacib tərəfi jurnalistika prinsiplərinə aid məsələdir. Siyavuş Novruzovun siyasətçi olaraq jurnalistika prinsiplərindən xəbər tutmaması məndə təəccüb doğurmur. Bu normal haldır. Prinsipcə, mən də siyasətçi deyiləm və siyasətlə məşğul olmuram. Ona görə ki, peşəkar siyasətçi deyiləm. Amma jurnalistika prinsiplərindən yanaşanda bir mövzuda dörd, hətta on material da vermək olar. Bu, jurnalistikanın qaydalarıdır. Araşdırmaçı jurnalist bir mövzuya onda olan bütün suallara cavab alana qədər qayıda bilər. Məsələn, şəxsən mən ”Hesabat" verilişində Gənclər və Idman Nazirliyinə bir neçə sual ünvanlamışam və o sualların cavabını gözləyirəm. O sualların cavabını alacağıma əminəm. Ondan sonra da mənim bu məsələ ilə bağlı mövqeyim bəlli olacaq. Siyavuş Novruzovun məsələni şirkətlərarası, təşkilatlararası kontekstdə şərh etməsinə gəlincə, buna təəccüblə yanaşıram. Çünki biz Azad Rəhimovu şirkət rəhbəri kimi deyil, gənclər və idman naziri kimi tanıyırıq". M.Ağayevin sözlərinə görə, yaranmış vəziyyət adi bir durumdur və ANS-in buna qədər də oxşar araşdırmaları olub. Indi də Idman və Gənclər Nazirliyinin fəaliyyəti ilə bağlı Hesablama Palatasının yoxlaması nəticəsində ortaya çıxan faktlar araşdırma predmetidir: “Əgər Gənclər və Idman Nazirliyinin sualları varsa, onu ANS-ə deyil, Hesablama Palatasına ünvanlamalıdır. Biz Hesablama Palatasının verdiyi məlumatlar əsasında araşdırma hazırlayırıq”. ANS-lə Azad Rəhimov arasında olan qalmaqalın əsil səbəbinin brend markalı bahalı saatların satışı ilə əlaqəli olduğu barədə “Yeni Müsavat” qəzetində yer alan məqaləyə gəlincə, M.Ağayev “Yeni Müsavat”da müxtəlif vaxtlarda A.Rəhimovun nəzarəti altında olan biznes sahələri barədə məlumatları oxuduğunu dedi: “Yeni Müsavat”ın da fəaliyyəti göstərir ki, bir mövzuya bir neçə dəfə qayıtmaq heç də qərəzlilik əlaməti deyil. Bu, məsələyə ciddi yanaşmağın təzahürüdür. Baş verənlərin hansısa maraqların toqquşmasının təzahürü olaraq meydana çıxdığı barədə yazılanlara gəlincə, buna Vahid Mustafayevin tutarlı cavabı var. Əmin deyiləm ki, Vahid Mustafayevin bu məsələyə münasibətindən sonra daha nəsə əlavə edə bilim". Azərbaycanda tədqiqatçı jurnalistikanın prinsiplərinin uzun müddət iflic olmasının yanlış təsəüvvür yaratdığını deyən M.Ağayev qeyd etdi ki, hazırda nəyisə ciddi araşdırmaq istəyən jurnalistləri kiməsə, harasa bağlamaq istəyirlər: “Yadımdadır ki, bir neçə il bundan öncə keçmiş müdafiə naziri Səfər Əbiyevlə böyük bir müsahibəm çıxmışdı. Biz bu müsahibəni eksklüziv aldığımıza sevindiyimiz bir zamanda, hörmətli dostlarımız ”Yeni Müsavat" qəzetində bu müsahibəni onunla bağlamışdılar ki, biz ANS olaraq hansısa qurumumuz vasitəsilə Müdafiə Nazirliyinə makaron satırıq. Və onun əvəzində də bizə müsahibə verilib. Belə şeylər olur. Sadəcə olaraq mən istəmirəm ki, Azərbaycan jurnalistikasına özünü pioner olaraq irəli atmış şirkətin əməkdaşlarına bu cür yanaşılsın. Bu baxımdan Siyavuş müəllimin açıqlamasını ciddiyə almadığı məsələyə verdiyi etinasız yanaşma sayıram".
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?