Bir müddətdir ki, ANS telekanalı ilə gənclər və idman naziri Azad Rəhimov arasında qalmaqal yaşanmaqdadır. Əvvəlcə ANS televiziyası Hesablama Palatasının hesabatında Gənclər və İdman Nazirliyində korrupsiya əməllərinə dair faktların yer aldığı haqda məlumat verdi, dərhal sonra həm nazirlik, şəxsən nazir Azad Rəhimov, həm də Hesablama Palatası telekanalda yayılan xəbəri təkzib etdi. Nazir həmçinin ANS-i məhkəməyə verəcəyi ilə də hədələdi. Telekanal isə yenidən mövzuya qayıdaraq xüsusi reportaj verdi və Gənclər və İdman Nazirliyi ilə bağlı korrupsiya faktlarını açıqladı. Bundan sonra isə A.Rəhimov bildirdi ki, ANS-i məhkəməyə verməyəcək. Nazirin fikrincə, ANS nazirlikdə korrupsiya faktının olması ilə bağlı səhvini başa düşüb: “ANS özü Hesablama Palatasını təkzib etdi. Özü-öz səhvini gördü və geriyə durdular. Bu baxımdan onların məhkəməyə verilməsi mənasızdır”. Nazir daha sonra telekanalın olimpiya komplekslərinin tikintisində yol verdiyi yeyinti faktlarına dair araşdırmalarına aydınlıq gətirib. Bildirib ki, belə iddianın irəli sürülməsi qeyri-peşəkarlıqdır: “Biz belə şeylərə fikir vermirik”. ANS isə nazirdən əl çəkməyib və bildirilib ki, əllərində məhkəmədə sübut edə biləcəkləri sənəd də var. Telekanal prezidentinin media üzrə müşaviri Mais Məmmədov deyib ki, Azad Rəhimovun ANS-i məhkəməyə verib-verməməsi onun öz istəyindən asılıdır: “Azad Rəhimov yaxşı edir. Özü bilər, istəyir məhkəməyə versin, istəyir iddiasını geri götürsün. Hər bir insanın məhkəməyə vermək ixtiyarı var. Bizim əlimizdə sənəd var. Azad Rəhimov nə deyir desin. Azad Rəhimov çox söz deyə bilər. Məhkəməyə çağırsalar bizim sənədimiz var, sənədə əsasən çıxış edəcəyik”. Əldə etdiyimiz məlumata görə isə nazirlə telekanal arasındakı qalmaqalın səbəbləri var. Belə ki, telekanal rəhbərliyinin on beş ildən artıq ölkədə saat satışı ilə məşğul olan dükanları iflas həddindədir. Bunun səbəbi isə məhz nazir A.Rəhimovdur. Belə ki, artıq nazirə məxsus olduğu bildirilən butiklərdə vaxtilə ANS rəhbəri Vahid Mustafayevə məxsus VMF şirkətində satılan bahalı brend saatlar satışa çıxarılıb. Hətta bildirilir ki, A.Rəhimov həmin brend saatların satış hüququnu hansısa yollarla VMF-dən ala bilib. Söhbət daha çox “Breguet” və “Blancpain” brendlərindən gedir. İsveçrə istehsalı olan bu dəbdəbəli saatların Azərbaycandakı təmsilçisi vaxtilə VMF olsa da, artıq A.Rəhimova məxsus elit saat dükanlarında satılır. Vəziyyət hətta o həddədir ki, paytaxtın mərkəzində, Zərifə Əliyeva küçəsində A.Rəhimovun yeni açdığı dükan “Elit saatların Bakıda tək ünvanı” hesab edilir. Bildirilir ki, burada saatların qiyməni 10 min dollardan başlayır və 1 milyona qədər yüksəlir. “Glampire Time Pieces”də sözügedən brendlərin satışa çıxarılması isə elə həmin küçədə olan VMF-in dükanının bağlanmasına gətirib çıxarıb. Doğrudur, VMF-dən Z.Əliyeva küçəsindəki dükanın bağlanmasının təmir işləri ilə əlaqədar olduğu söylənildi. Bildirilir ki, may ayında VMF-in yeni dükanı açılsa da, o, həmin ərazidə yerləşməyəcək. Həmçinin qeyd edilir ki, nazir-telekanal rəhbərinin “saat çəkişməsi”ndən ikinciyə qalan “Maurice Lacroix”, “Tissot”, “Longines”, “Rado”, “Omega” kimi daha ucuz brendlərdir. Mübahisəyə səbəb olan dükanlar Z.Əliyeva küçəsində yan-yana yerləşir. Hər üç dükanın ötən il açıldığı bildirilir. Biz həmin dükanlara baş çəkərək saatların qiymətləri ilə maraqlandıq. İlk olaraq “Chopard”a baş çəkdik. Burada yalnız bir brend- “Chopard” satışdadır. Eyni zamanda bahalı zinət əşyaları da satılır. Satıcı bildirir ki, dükanda ən ucuz saat 9-10 min dollardan başlayır: “Ancaq hazırda həmin ucuz saatlar dükanda yoxdur, satılıb. Sadələri var və 13 min dollaradır”. İkinci dükan “Glampire”dir ki, burada “Harry Winston”, “de Grisogono” və “Jaquet Droz” brendləri elit müştərilərə təqdim edilir. Burada ən ucuz saatlar 15 min İsveçrə frankından başlayan qiymətlərlə satılır. Bu isə 13 min manatdan çoxdur. Polad korpuslu saatların ucuzu 15 min frank, qızıl korpuslu saatlar isə 28 min frankdan başlayan qiymətlərlə təklif edilir. Üçüncü dükan isə məhz mübahisəyə səbəb olan brendlərin adı ilə adlandırılıb: “Breguet” və “Blancpain”. Qeyd edək ki, həmin elit butiklər “İtaldizain Group” şirkəti tərəfindən açılıb. Bildirilir ki, bu şirkət 1996-cı ildə Bakıda İtaliya mətbəx avadanlığını Azərbaycan bazarına gətirməklə fəaliyyətə başlayıb. Hazırda “İtaldizain Group”un 21 salon və butiki var. Şirkətin prezidenti Elçin Zeynalov adlı şəxsdir. Ancaq bildirilir ki, holdinqin prezidenti Elçin Zeynalov olsa da, faktiki olaraq Azad Rəhimova məxsusdur və hətta bütün haqq-hesabı nazirin köməkçisi aparır. VMF-dən isə öyrənə bildik ki, “Breguet” və “Blancpain” brendləri hələ də onların bir neçə dükanında satışdadır. Şirkətdən məsələ ilə bağlı suallarımızın cavablandırılacağı vəd edilsə də, buna əməl edilmədi. “Yeni Müsavat”
Sorğu
Yeni dizaynımız necədir?