“3 aylıq proqram üçün getmişəm, sonra daha 2-3 ay artıracaqlar”
Media Hüququ İnstitutunun direktoru Rəşid Hacılının mühacirət etməsi ilə bağlı ictimai sektorda söz-söhbət yayılıb. Xüsusən də R.Hacılının hüquqlarını müdafiə etdiyi NİDA üzvlərinin məhkəməsinə qatılmaması, ölkədə olmaması bu şayiələri daha da artırıb. Həbsdəki gənclər də vəkillərinin hansı səbəbdən prosesə qatılmamasından xəbərsizdir. Bu səbəbdən biz də internet vasitəsilə R.Hacılı ilə əlaqə yaradıb, mühacirətlə bağlı şayiələrə münasibətini öyrəndik. R.Hacılı musavat.com-a açıqlamasında bildirdi ki, həqiqətən də bir neçə gündür Bakıda deyil: “Bu bir scholarship proqramıyla bağlıdır. Scholarship proqramı Çexiya hökumətinin dəstəyilə verilir, Çexiya, Polşa, Bolqarıstan və bəzi Avropa təşkilatlarının insan haqları sahəsində advocacy təcrübəsiylə yaxından tanış olmaq, onlarla birgə əməkdaşlıq imkanlarını araşdırmaq üçün. Amma iş elə müəyyən olunub ki, mən Bakıdakı işlərimdən ayrı düşməyim. 3 aylıq proqramdır. Sonra daha 2-3 ay artıracaqlar. Bu gün onun kontraktını bağladım. Yaxın aylarda Bakıda olmayacam. Bəlkə tədbir-filan olsa gələcəm. Amma öz işlərimdən 1 gün belə ayrılmıram. Əksinə burada daha çox işləyirəm. MHİ-də də deyəsən belə intensiv işdən şikayətlər başlayıb.(gülür) Bilirəm ki, mənim olmamağım söz-söhbət doğuracaq təbii. Kimsə yazacaq. Ona görə də sualınıza ətraflı cavab verməyə çalışdım”. Müsahibimiz bildirdi ki, bu proqram bir neçə ölkədə həyata keçirilir. Ona görə də proqram çərçivəsində müxtəlif ölkələrdə olacaq. R.Hacılı hüquqlarını müdafiə etdiyi NİDA-çı gənclərin onun gedişindən xəbərsiz olması ilə bağlı suala da aydınlıq gətirdi: “Vəkillərə demişəm ki, onlara xəbər versinlər. Onların işini mütləq aparacam. Sadəcə məhkəmədə olmaq imkanı yoxdur. Orada mənsiz də işləyirlər. Şikayətləri, vəsatətləri işləyəcəm buradan. Vəkillərlə danışmışam ki, sənədləri, vəsatətləri versinlər. Hələ tam bəlli deyildi deyə getmədən öncə onlara heç nə deməmişdim”. Sevinc TELMANQIZI
Sorğu
Yeni dizaynımız necədir?