Müavini Nizami Möhsümov isə “digər qazanclar”ını ört-basdır etmək üçün maşın alveri biznesini genişləndirməkdədir
Siyasətə əsil siyasət deyil, başqa fonda baxanlar həmişə uduzublar. Çünki gec-tez yalançılıq, başaldatma, camaatın gözünə külüfürmə və digər nə kimi neqativ hallar varsa hamısı üzə çıxır və siyasəti belə hallarla dəyişik salanlar ifşa olunurlar. Lap aşağı təbəqə mütilik göstərib etirazını büruzə verməsə belə yuxarı rəhbər təyin etdiyi məmuru cəzalandırır. Əksər hallarda belə olub və nə qədər ki, haqq-ədalət deyilən bir mənəvi dəyər padşahlara, ölkə başçılarına məxsusdur, inanın ki, belə olacaqdır. Haqqında söhbət açmaq istədiyimiz Zəngilan rayonunda yaranmaqda olan mövcud durumu artıq böhranlı vəziyyətin astanası hesab etmək mümkündür. İcra Hakimiyyəti Aparatı orada təmsil olunan bir qrup adam üçün Sultan Süleymanın şah sarayını xatırladır. Çünki təkcə şəhid ailələri, Qarabağ əlilləri, müharibə veteranları üçün deyil otuz beş minlik Zəngilan camaatının digər qayğıya ehtiyacı olan təbəqələri üçün də bu möhtəşəm bina bağlıdır. Heç kim deyə bilməz ki, sərbəst şəkildə İcra Hakimiyyəti binasında oturan (əlbəttə ki, söhbət səlahiyyət sahiblərindən gedir) hər hansı bir məmura müraciət edib probleminin müsbət həllini gözləyə bilər. Üç il əvvəl Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin Zəngilan rayon İcra Hakimiyyəti başçısının dəyişdirilməsi haqqında sərəncamını eşidənlərin çoxu sevinmişdilər. Ən azından köhnə başçını yaxından tanıyanlar sevinirdilər. Çünki on üç il başçı kürsüsünü “məşğul edən” Vəli Quliyevin sadəcə gün keçirdiyini bilənlər öz başlarının çarəsini qılmaqdaydılar. Bilirdilər ki, ondan hər hansı bir iş gözləmək mənasızdır. Amma Ramiz Həsənovun təyinatı ilə “nəhayət ki, buz çatladı” deyə fikirləşənlər daha çox oldu. Birincisi, onun Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsində işləyərkən siyasətdə, rəhbərlikdə, təşkilatçılıqda topladığı təcrübə idisə, ikincisi onun Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri cənab Əli Həsənovun qardaşı olmasıydı. Dədə-baba yurdundan didərgin düşmüş, adi insan kimi yaşamaq üçün elementar məişət qayğılarına ehtiyacı olan, ölkənin müxtəlif bölgələrinə səpələnmiş zəngilanlılar üçün bundan yaxşı nə ola bilərdi ki?! Ramiz Həsənov vəzifəsinin icrasına əhali ilə görüşlərlə başladı. Köhnə başçının illərlə üzünü görməyən camaat sevincək oldu. Nəhayət ki, onlarla maraqlanan belə bir rəhbərin təyinatına görə öz minnətdarlıqlarını məktub, teleqramma vasitəsilə ölkə başçısına ünvanladılar. R. Həsənov əhali ilə görüşlərini bol vədlərlə başlasa da bir neçə ay keçəndən sonra müəyyən təbəqə deyilənlərin sadəcə vədlərdən ibarət olduğunu başa düşdü. Amma sadəlövh çoxluq: “imkan verin, işləsin” deyə heç kimə müdaxilə etməyə imkan vermədi. Necə olmasa da Zəngilan camaatı ağsaqqallı camaatlardandır. “Cənab prezident məni bu vəzifəyə təyin edərkən şəxsən qəbul etdi. Onun Zəngilan camaatına xüsusi rəğbəti vardır. Çox tezliklə cənab prezidentin təsdiqləyəcəyi layihələr icra olunmağa başlayacaq. Mənə bir ay vaxt verib ki, əhali ilə görüşlər keçirim, sizin problem və təkliflərinizi dinləyim. Faydalı olanları nəzərə alaraq yuxarı çatdırım ki, cənab prezidentin layihələrində bu problemlər öz həllini tapsın”. Keçirilən görüşlərdə təxminən bu məzmunda çıxışını quran Ramiz Həsənovun nə qədər səmimi olub-olmadığı xeyli vaxtdır aşkarlansa da heç kim ona öz iradını bildirmir. Əvvəla, hamı rəhbərə irad bildirsə bu demokratiya yox, anarxiya olar. İkincisi, bütün zamanlarda xalqın sözünü rəhbərə çatdırmaq missiyasını bir qrup insan (ağsaqqal, alim, filosof, ən nəhayət yazıçı, şair, jurnalist) daşımaq məcburiyyətində qalıb. İndi elə bir vəziyyət yaranıb ki, həmin missiyanı daşıyan adamlar da imtina edirlər. Səbəbi nədir? Haqlı iraddan nəticə çıxarmaq əvəzinə rəhbər vəzifədə təmsil olunanlar onlara həqiqəti yazıb çatdıranı tapıb sıxışdırmağa, buna nail ola bilmədikdə onun yaxınlarını, qohumlarını narahat etməyə rəvac verirlər. Zəngilan rayon İcra Hakimiyyəti başçısının üç il əvvəl keçirdiyi görüşlərdə ona verilən təkliflərdən birinin yas çadırı, xeyir-şər yerləri ilə təmin olunmaq haqqında idi. Çünki axirət hamı üçündür və hər bir ailənin buna ehtiyacı vardır. O da buna söz vermişdi. Amma neçə aydır ki, başçının verdiyi sözdən qaçdığını camaat hər yerdə danışır. Hətta ona olunan müraciətlərə: “xeyir-şər yeri tikməyə pulumuz yoxdur” deyə cavab verdiyini də söyləyirlər. Nə qədər ki, Azərbaycan Dövlət Neft Akademiyasının yataqxanaları mərkəz hesab olunurdu, hansı ki, zəngilanlıların bir qismi orada məskunlaşmışdı, yas mərasimlərinin əksəriyyəti orada keçirilirdi. İndi onlar Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində, duzlu gölə yaxın yerə köçürülüblər deyə hüzür məclislərinin çoxunun orada keçiriləcəyi şəksizdir. Amma xeyir-şər yeri olmadığından camaat müxtəlif ünvanlara üz tutur ki, bu da əhali arasında narahatçılıq və çaşqınlıq yaradır. Elə hüzür sahibinin özü üçün də problemə çevrilir. Eşidib başsağlığı verməyə gələnləri küçədə saxlamaq ən azından hörmətsizlik hesab olunur. Haqlı bir məsələ çıxır ortaya. Hamı bilir ki, məcburi köçkünlər üçün bu əzəmətli tikililəri, məktəbi baxçanı tikdirən Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Komitədir. Komitə də özlüyündə bu savab işi dövlət başçısının sərəncamı ilə ayrılan vəsaitin hesabına tikib. Bəs sizin camaatla keçirdiyiniz görüşlər, dinlədiyiniz təkliflər, layihələrə etdiyiniz əlavələr hanı? Deməli belə çıxır ki, bütün bunlar hamısı boş-boşuna keçirilib? Özünüzün vaxtınıza heyfiniz gəlmədiyi halda başı çörəkpulu qazanmağa qarışmış camaatın vaxtını niyə alırdınız? Camaatın haqqını yeməyə heç kimə haqq qazandırılmayıb! Bu gün hamıya bəllidir ki, bu qədər əzəmətli binalar tikdirən ölkə başçısı bir xeyir-şər evin tikilməsinə qətiyyən vəsait əsirgəməzdi. Sadəcə bu işə cavabdeh olan məmurlar camaatın təklifini çatdırmayıblar. Belə olan halda Zəngilan camaatının əksəriyyətinin formalaşdırdığı “işgüzar Ramiz Həsənov” obrazı ilə “milçəyini qovub gününü keçirən Vəli Quliyev” arasında fərq hanı? Ötən ilin hesabat yığıncağında Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri cənab Əli Həsənov da iştirak edib. Əlbəttə ki, bu yaxşı haldır. Amma yaşlı bir qadının sualı qarşısında aciz qalmış məmurun düşdüyü vəziyyəti unutmaq olmur. “Əli müəllim hər il bir köçkün rayonun hesabat yığıncağında iştirak etmiş olsaydı bu onun zəngilanlılarla ikinci görüşü olmalıydı. Mənə isbat edin ki, o, hesabat yığıncağına qardaşına yox rayon camaatına görə gəlib?” Ramiz Həsənovun görüşlərində cənab prezidentin ona bacarıqlı gəncləri işə cəlb etmək barədə tapşırığını da camaatın nəzərinə çatdıraraq belə gəncləri üzə çıxardaraq tapmaqda ona kömək etmələrini xahişlədiyi də çox keçmədən xətirlər-xətirinə deyilmiş boş sözlər olduğu üzə çıxdı. Çünki işə qəbul məsələsi Aparatda təmsil olunanlar çərçivəsindən çox da qırağa çıxmadı. Azacıq çıxdısa da müəyyən parametrlər çərçivəsində oldu. Yeni işə götürülənlər arasında tez-tez cildini dəyişib, gah cəbhəçi, gah kommunist, gah demokratik olanlara da rast gəlmək olur. Rəhbər işçilər hər hansı bir problemi daxili imkanlar hesabına həll edərkən, adətən iş adamlarına üz tuturlar. Amma nədənsə, başçı bunu etmir. Görünür, burada da müəmmalı bir məqam olmamış deyildir. Ən azından Zəngilanın imkanlı iş adamları rayon İcra Hakimiyyəti başçısının müavini Nizami Möhsümovun maşın biznesi ilə məşğul olduğunu yaxşı bilirlər. Bəlkə başçı ehtiyatlanır ki, bu işə cəlb olunacaq adamlar müavinin də qoşulması təklifini irəli sürələr? Camaatın təklifi qulaqardına verilibsə iş adamlarının da təklifinin eşidiləcəyi inandırıcı görünmür. Bəs onda başçı öz təklifinin iş adamları tərəfindən qulaqardına veriləcəyindən ehtiyatlanmır ki?! Əli BƏY AZƏRİ
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?