İdarə rəisi ilə bağlı niyə heç bir tədbir görülmür?
Ölkədə korrupsiya və rüşvətxorluğa qarşı ciddi mübarizə aparıldığı zamanda, elə bil bəzi dövlət məmurları təzad yaradırlar. Demək olar ki, korrupsiya sözü gündən-günə adiləşir. Sözün açığı bəzi fərmanlar, sərəncamlar ancaq kağız üzərində qaldığı kimi, korrupsiyaya qarşı mübarizə hərdən bir aparılır. Qanunu, qanunçuluğu uca tutan mətbu orqanlar saxtakarlıq, rüşvətxorluq barəsində informasiya yaysa da heç bir tədbir görülmür. Hətta, 2-ci tərəfin mövqeyini öyrənmək belə mümkün olmur. Ona görə adiləşmə fikrində qalırıq. Ağcabədi Suvarma Sistemləri İdarəsində baş verən saxtakarlıqlar barəsində kifayət qədər məlumatlar daxil olsa da, məlumatların dəqiq olub-olmadığını bilmək üçün xeyli müddətdir həmin idarənin rəisi Əli Əliyevi əli çıraqlı axtarırıq. Nəhayət, 5-51-20 nömrəli idarə telefonuna 9-cu zəngdən sonra bir nəfər götürüb özünü katibə kimi təqdim etdi. Nə qədər xahiş etsək də, katibə müdirlə əlaqə yaratmaq istəmədi. Bildirdi ki, “rəisə deyəcəklərimizi ona söyləyək. O, özü cavablandıracaq”. Həqiqət olub-olmadığını bilmək istədiyimizi dedik. Katibə hazırcavablıqla “gedin o sualların cavablarını İH-dən, Əhməd Əhmədzadədən öyrənin” söylədi. Belə çıxdı ki, bütün olub keçənlərdən katibənin daha ətraflı xəbəri var. Əli Əliyev katibəsinə daha yüksək status verib. Ağcabədi SSİ-nin rəisi Əli Əliyev 1997-ci ilə kimi Cəbrayıl kəndində sədr işləyən müddətdə dövlət əmlakını mənimsəməyə görə həbs olunub. Ətrafının köməkliyi sayəsində 3 aydan sonra sudan quru çıxıb. Siz deməyin, belə kadrları Əhməd Əhmədzadə göydə axtarırmış. Aradan az keçmiş Ə, Əliyev SSİ-nin rəisi ola bilib. Mənbə bildirir ki, Əli Əliyev harada işləyibsə işçilərində qorxu, xof yarada bilib. Ona görə də, hərə öz kölgəsindən qorxur. Odur ki, adları işdə, özləri Bakıda, Rusiyada olanlar barəsində hər kəsin məlumatı olsa da, heç kim bir tikə çörəyin xətrinə saxtakarlıqlar barədə danışmaq belə istəmir. Araşdırmamız zamanı məlum oldu ki, aşağıda adlarını qeyd etdiklərimiz işçilərin yalnız zəhmət haqqı plastik kartları Ə.Əliyevin seyfində saxlanılır. Ola bilsin ki, həmin işçilərin adlarının işdə olmalarından heç özlərinin də xəbəri yoxdur: 1. Hüseynov Rafiq Mirələm oğlu 2. Əliyev Fəzail İsfəndiyar oğlu 3. Fərzəliyev Fəxrəddin 4. Əliyev Elburus Yusif oğlu 5. Cəfərov Bayram Yahya oğlu 6. Süleymanov Aqil adil oğlu 7. Əmrahov Gövhət Əmrah oğlu 8. Həsənov Məhərrəm Tapdıq oğlu və s. Maraqlıdır, əmrlə yanacaq anbarları İbrahimov Qasım olsa da, anbardarlığı Bərdə rayon sakini Seyid adlı şəxs edir. Görünür, yanacağın Bərdədə satılmasını Əli Əliyev daha məqsədə uyğun hesab edib. Meloservisin müdiri İbrahimov Mübariz saxtakarlığa yol verə bilmədiyi üçün oyundan kənarda qalıb. Odur ki, Əli Əliyev meloservislə iş görmək istəmədiyindən işini digər MMC-lərlə qurub. Əlbəttə ki, kağız üzərində görülən işlər Ə. Əliyevə daha yaxşı sərf edir. Təsəvvür edin, 2008-ci ildə 335 km, 2009-cu ildə 315 km, 2010-cu ildə 310 km, 2011-ci ildə 433 km, 2012-ci ildə 423 km, 2013-cü ilin 9 ayında 272 km su arxları təmir olunub və çəkilib. Şübhəsiz ki, 2088 km arxın təmiri və çəkilişi üçün külli miqdarda vəsait xərclənib. İş göstərir ki, Ağcabədidə əvvəllər su arxları olmayıb. Pambıq sahələrini suvarmağa ehtiyac olmayıb. Doğurdanmı, Ə.Əliyev Bakıdan Moskvaya qədər olan məsafə qədər su arxlarını təmizlətdirib? Bir neçə kənd ərazisindəki su arxlarına nəzər saldıq. İllərlə qamış basmış su arxları Ə.Əliyevdən “gileyləndi”. Katibə demişkən, su təsərrüfatı və meliorasiya ASC-nin sədri Əhməd Əhmədzadədən soruşuruq: - Əli Əliyevin 2088 km su arxının təmirinə xərclədiyi vəsaitdən xəbəriniz varmı? Əli Əliyevin seyfindəki plastik kartlara nə ad vermək olar? Əgər su anbarı hər il daban dönməzdən təmir olunubsa, suvarma qalmaqalı niyə səngimir? Təmir-tikinti sifarişlərini MMC-lər həyata keçirirsə, Ağcabədi SSİ və meloservis təşkilatı nəyə lazımdır? Ə.Əliyevin dövlət əmlakını mənimsəməyə görə həbs ediləcəyindən xəbəriniz olubmu? İdarənin texnikaları niyə icarəyə verilib?
P.S. Yazı çapa gedərkən məlum oldu ki, Əli Əliyevin oğlu Ağcabədi İH-nin şəhər üzrə nümayəndəsidir. O da atasının iş təcrübəsindən istifadə etdiyindən xoşagəlməz hallar get-gedə böyüyür.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?