Ağdam Suvarma Sistemləri İdarəsinin müdiri ermənilərlə olan dostluğunu təsdiq etdi
“Gündəm xəbər” qəzetinin 21 may tarixli sayında “Hafiz Əzimzadənin qaranlıq oyunları” sərlövhəli yazı dərc olunub. Məqalədə Ağdam Suvarma Sistemləri İdarəsində baş verən qanunsuzluqlar, korrupsiya faktları barəsində danışılıb. Həmçinin yazıda daha çox diqqət çəkən əsas məqam isə İdarənin müdiri Hafiz Əzimzadənin gizlin “erməni sevgisi” barəsində olan faktlar idi. Məqalədə bildirilir ki, cəbhə zonasında yerləşən bir rayonun suvarma sistemlərinə rəhbərlik edən Hafiz Əzimzadə bu gün də Rusiyanın müxtəlif şəhərlərində keçmiş erməni dostları ilə görüşlər təşkil edir, onlarla “dərdləşir”. Xalqımıza qarşı soyqırım siyasəti həyata keçirən, bəlkə də Qarabağda aparılmış hərbi əməliyyatlarda iştirak etmiş ermənilərlə bu gün də mehriban dostluq əlaqələri saxlayan bir şəxsin mühüm dövlət postuna rəhbərlik etməsi çox ciddi faktdır. Odur ki, məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini öyrənmək qərarına gəldik. Hafiz Əzimzadənin 050 320 79 92 nömrəli mobil telefonuna zəng edərək onun fikirlərini öyrənmək istədik. Zəngimizi cavablandıran Ağdam Suvarma Sistemləri İdarəsinin müdiri bildirdi ki, həqiqətən də erməni dostları var və onlarla mütəmadi əlaqələr saxlayır. Erməni dostları ilə tez-tez görüşdüyünü bildirən Hafiz Əzimzadə bunda heç bir qəbahət olmadığı qənaətindədir. Beləcə erməni işğalı altında olan Ağdamın suvarma sistemlərinə rəhbərlik edən Hafiz Əzimzadənin “erməni sevgisi” öz təsdiqini tapdı. Görəsən öz “dostları” ilə keçirdiyi görüşlərdən sonra Ağdam torpağına qədəm qoyanda Hafiz Əzimzadənin ayaqları altında torpaq titrəmir ki? Ağdamın çörəyini yeyib, suyunu içib içərisində bir “erməni sevgisi” gəzdirməklə o torpaqları suvarmaq haqqını Hafiz Əzimzadə kimdən alıb görəsən? Erməni sevgisini gizlətməyən birinin daha yüksək posta iddia etməsi isə daha ciddi faktdır. Araşdırmalarımız davam etdiriləcək. “Gündəm Xəbər”
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?