Bu ilin aprel ayında 11 saylı marşrutda sürücünün səhlənkarlığı üzündən avtobusdan düşəndə yıxılaraq belindən ciddi zədə alan xalq artisti Nuriyyə Əhmədovanın vəziyyəti yaxşıdır.
Xalq artisti indi sərbəst şəkildə gəzə bilir. Bu məlumatı virtualaz.org saytına açıqlamasında Nuriyyə Əhmədova özü verib.
Hazırda Maştağada rəfiqələrindən birinin evində qaldığını deyən xalq artisti xəstəxanada olduğu müddətdə ona göstərilən diqqət və qayğıdan razı olduğunu söylədi. O, yayın sonuna qədər rəfiqəsigildə qalacağını dedi.
Qeyd edək ki, iki aya yaxın 3 saylı Şəhər Klinik Xəstəxanasında müalicə alan aktrisanın bütün müalicə xərcləri mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin tapşırığı ilə Səhiyyə Nazirliyi tərəfindən ödənilib.
N.Əhmədova indi sərbəst şəkildə gəzə bilməyinə görə şükür edir: “Allaha şükürlər olsun ki, özüm gəzə, sərbəst hərəkət edə bilirəm. Ətrafımda olan insanlara artıq yük olmuram. Ancaq qan təzyiqim mənə çox hərəkət etməyə imkan vermir. Xəstəxanaya düşməmişdən də təzyiqim güclü idi. Təzyiq mənə çox əziyyət verir. Çox hərəkət edə bilmirəm”.
Xalq artistinin indi təzyiqdən başqa daha ciddi problemi də var. Bu problem evsizlikdir. Bildiyimiz kimi, N.Əhmədovanın evi yoxdur. Xalq artisti ya bacılarının, ya da rəfiqələrinin evində yaşayır.
46 ildir sənətdə olan xalq artisti ev növbəsində olsa da ev ala bilməməsinin başadüşülən olmadığını söyləyir: “46 ildir bu sənətdəyəm. Saçım bu yolda ağarıb. Ev növbəsi mənə çatanda hər dəfə bir bəhanə çıxır. Nəsə problem olur. Səbəbini başa düşmək olmur”.
Ev ala biləcəyi ümidini itirməyən xalq artisti avqustun 2-də qeyd ediləcək Milli Kino Gününü gözləyir.
“Qarşıdan Milli Kino Günü gəlir. Ümid edirəm ki, bu günlə əlaqədar mənə də şad xəbər verilər. Hər kəs bilir ki, buna çox ehtiyacım var. Nə qədər olar kimlərinsə evində qalmaq, onlara əziyyət vermək?! Birotaqlı ev belə mənə kifayət edir” - deyə aktrisa ümidini itirmir.
N.Əhmədova ev almaq üçün prezident İlham Əliyevə müraciət etdiyini, lakin onun bu istəyinin ölkə başçısına çatdırılmadığını dedi: “Cənab İlham Əliyevə müraciət etmişəm. Amma bilirəm ki, mənim istəyimin prezidentə çatmasına imkan vermirlər. Prezidentimiz İlham Əliyev də ulu öndər Heydər Əliyev kimi sənət adamlarına qarşı çox diqqətlidir. Bu məsələnin prezidentə çatmasına imkan versələr, problemin həll ediləcəyinə inanıram”.
Xalq artisti son ümid kimi Kino Gününü gözləyir, əgər ona ev verilməsə, prezidentin qəbulunda olmağa çalışacağını dedi.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?