Maraqlı qüvvələr Bakıda kasıblar üçün pul toplayır
Millətlər, xalqlar, ümumiyyətlə insanlar arasında dini ideologoiyanın yayılması tarixən aktual məsələ olub. Müxtəlif dini cərəyanlar öz ideologiyalarını yaymaqda daim maraqlı olublar. Məqsədlərinə nail olmaqdan ötrü bütün mümkün və mümkün olmayan vasitələrə əl atıblar, hətta insan qırğınından çəkinməyərək müharibələr törədiblər. Elə insan şüurunun maksimum inkişaf etdiyi müasir cəmiyyətdə də bu istiqamətdə müxtəlif addımlar atılır. Hətta bu məqsədlə elm və texnikanın son nailiyyətlərindən yararlanırlar. Son illərdə isə sosial şəbəkələrdə müxtəlif dini cərəyanların çağırışlarına tez-tez rast gəlinir ki, bu da müasir cəmiyyətdə ən təsirli vasitələrdən hesab edilir. Bununla yanaşı, müəyyən qüvvələr öz dini ideologoyalarını yaymaq üçün ən etibarlı vasitə kimi əhali arasında vərəqələrin yayılmasında görür. Qeyd edək ki, bu üsul ölkə vətəndaşlarına tanışdır və ötən illər ərzində bir neçə dəfə bu prosesin təkcə şahidi deyil, həm də iştirakçısı olublar. Xatırlatmaq yerinə düşərdi ki, bir müdət öncə əhali arasında paylanan vərəqələrin sorağı gedib Səudiyyə Ərəbistanına qədər çıxdı. Zahirən xeyirxahlıq, nicat nümayiş etməsilə adi görünən həmin vərəqələrin yayılmasının əsl mahiyyəti hələ də bir çox insanlara qaranlıq qalır. Sözügedən vərəqələrdə hər bir müsəlmandan onu oxuduqdan sonra daha on nəfərə (fərqi yoxdur kimə) yayılması tövsiyyə olunurdu. Guya bununla həmin şəxs nicat tapacaq, istəyinə çatacaq. Məsələ orasındadır ki, buna inananların sayı kifayət qədər idi və onları öz fikirlərindən döndərmək elə də asan deyildi. Elə buna görə də insanlar həmin vərəqələrin əsil mahiyyətini dərk etməkdə maraqlı deyildilər. İndi yenidən bu məsələ aktuallaşıb, lakin bir qədər fərqli tərzdə. Belə ki, bir qrup naməlum şəxs paytaxtın mərkəzində vərəqələr paylayaraq maddi vəsait toplamağa cəhd ediblər. Guya bunu Əjdərbəy məscidində kasıb insanlar üçün ehsan mərasimi düzənləmək məramı ilə həyata keçirdiklərini iddia ediblər. Qafqaz Müsəlmanları İdarəsi isə əhaliyə Əjdərbəy məscidi adına yardım toplayan şəxslərə etibar edilməməsi barədə xəbərdarlıq edir. Xəbərdarlıqda bildirilir ki, adı çəkilən məscid ehtiyacı olanlara sadəcə öz vəsaiti hesabına yardım edir. “İdarəyə daxil olan informasiyalara görə, Bakı şəhərinin müxtəlif yerlərində xüsusi hazırlanmış vərəqələr insanlara paylanır və əvəzində müəyyən maddiyyat umulur. Vərəqələri paylayaraq maddi vəsait toplamağa cəhd edənlər bunu guya Əjdərbəy məscidində kasıb insanlar üçün ehsan mərasimi düzənləmək məramı ilə həyata keçirdiklərini iddia edirlər. Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidməti olaraq bildiririk ki, bu, həqiqətə uygun olmayan bir məsələdir və burada Əjdərbəy məscidinin adının hallandırılmasından təəssüf hissi keçiririk. Belə ki, Əjdərbəy məscidi kasıb insanlara yardımı hər zaman yalnız öz daxili imkanları hesabına gerçəkləşdirir”. Bununla QMİ öz işini bitmiş hesab edir, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi isə susmağa üstünlük verir. Əslində hər iki qurum birgə əməkdaşlıq şəraitində əhaliyə paylanan vərəqələrin mahiyyətini araşdırmalı, onun hansı məqsədlər üçün istifadəsinin mümkünlüyü öyrənilməli idi. Təəssüf hissi keçirmək əvəzinə, hüquq mühafizə orqanlarına rəsmi müraciət edərək əhalinin narahatçılığına səbəb olan məsələnin aradan qaldırılmasına nail olunmalı idi. Axı nəzərə almaq lazımdır ki, bu qüvvələr ölkədə mövcud dini boşluqdan istifadə edərək hərəkətə keçirlər. Mümkündür ki, həmin qüvvələr Əjdərbəy məscidi tərəfindən kasıb insanlara yardımının lazımi səviyyədə olmamasından sui-istifadə edərək bu yolu seçiblər. Onu da qeyd edək ki, ölkədə Əjdərbəy məscidi kimi yüzlərlə məscid və pir var ki, onların hamısında nəzir qutusu quraşdırılıb. Sirr deyil ki, ibadət yerlərində qoyulmuş həmin nəzir qutularına kifayət qədər vəsait toplanır. Onların hesabını aparan yox, sorğu-sual edən yox, vergi tələb edən yox. Əgər həmin vəsaitdən kasıb insanlara yardım ənənəsi təmin edilsə, əminliklə demək olar ki, maraqlı qüvvələrin “humanitar yardın kampaniyasından” sui-istifadə etmək imkanları minimuma enmiş olar. Birdə ki, həmin vəsait elə kasib insanların müsəlman bacı-qardaşlarının nəzir verdikləri pullardır. Onun cüzi hissəsinin kasıb müsəlmanlara qaytarılması hən savab olardı, həm də neqativ halların qarşısı alınardı. Alim
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?