"Rusiya zəiflədikcə, Qafqazda mövqeyini sürətlə itirəcək”. Bu sözləri Axar.az-a politoloq Qabil Hüseynli Rusiyanın Qafqazda mövqeyini itirməsi məsələsini şərh edərkən söyləyib. O, Şimali Qafqaz xalqlarının Rusiyaya ediləcək təzyiqlər fonunda yenidən ayağa qalxmağa hazır olduqlarını bildirib: "Hesab edirəm ki, Rusiya zəiflədikcə Qafqazda mövqeyini sürətlə itirəcək. Şimali Qafqaz xalqları Azərbaycanla Rusiya arasında bufer rolunu oynayır. Şimalda çeçenlər artıq təşkilatlanmaqda, ayaqlanmaqdadırlar. İnquşlar da, avarlar da eyni prosesi keçirirlər. Dağıstanda ümumi narahatlıq var. Şimali Qafqazla bağlı əsas məsuliyyəti Səudiyyə Ərəbistanı öz üzərinə götürüb. Ərəbistan burada vəhhabiliyi yaymaqla bu xalqları ayağa qaldırmaq istəyir. Bu bir az arzu olunan şey deyil. Amma hər halda, bölgəyə silah-sursat, maddi vəsait göndərilməsi ABŞ-la danışıqlar nəticəsində Səudiyyə Ərəbistanının üzərinə qoyulub. Yəqin ki, Şimali Qafqaz Azərbaycan üçün də mühüm rol oynayacaq. Cənubi Qafqazda Rusiyanın təsiri demək olar ki, itiriləcək. Şimali Qafqazda faktiki olaraq ikinci cəbhə var, amma onun hələlik ikinci Cövhər Dudayevi yoxdur”. Buna baxmayaraq, mücahidlər arasında ciddi simaların yetişmə şansını dəyərləndirən politoloq Qərbin indiki məqamda bu faktdan istifadəsini istisna etmədi: "Mücahidlərin arasında inamlı, əqidəli adamların sayı çoxdur. Onlar Cövhər Dudayev səviyyəsində olmasa da, Şamil Basayev, Aslan Məshədov, Zəlimxan Yandarbayev səviyyəsində xalqların milli azadlıq hərəkatına mühüm köməklik etmiş olacaqlar”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?