Türkiyədə keçiriləcək prezident seçkisinin ən favorit namizədi Rəcəb Tayyib Ərdoğan NTV-də tanınmış jurnalist Oğuz Haksevərin aparıcılıq etdiyi “Namizədlər danışır” proqramında qonaq olub.
ANS-in verdiyi məlumata görə, Ərdoğan proqramda ölkədəki məzhəb qarşıdurmalarından və ertnik mübahisələrdən danışıb. Özü barədə də bu cür iddialar irəli sürüldüyünü deyən Ərdoğan türk oğlu türk olduğunu vurğulayıb.
“Mənim gürcü olduğumu dedilər. Hətta bundan da çirkin şeylər deyənlər oldu, "ermənidir" dedilər. Mənimsə atamdan, babamdan eşitdiyim bir şey var: Türk oğlu türkəm!”
Ərdoğanın fikrini bu cür ifadə etməsi sosial şəbəkədə uzun müddət müzakirə mövzusu olub. Müxalifətçi Cümhuriyyət Xalq Partiyasının (CHP) Kocaelidən olan millət vəkili Xurşid Günəş bu ifadə tərzinə görə, Ərdoğanı məhkəməyə verməyə hazırlaşır. Günəş Ərdoğanın konstitusiyanın 10-cu, cinayət məcəlləsinin 122 və 216-cı maddələrini pozduğunu iddia edib.
“Utanmazlığa bir baxın. Ərdoğan erməniliyə çirkin deyir. Yazıqlar olsun! Bir insana səhvən də olsa, erməni demək çirkin bir iftira deyil. Bunu belə dəyərləndirmək irqçilikdir! Ərdoğanın ağzından çıxanı qulağı eşitmir. O, prezident olarsa, Türkiyə sadəcə tiran yox, həm də irqçi seçmiş olacaq. Erməni həmvətənlərimiz inciməsinlər. Onun ağlı yerində deyil. Dünya bu irqçini tanısın. Erməni olma iddiasını çirkin bir iftira kimi göstərir. Hrant Dinki kim öldürdü? Heç axtarmayın. Onu öldürən düşüncə prezidentliyə namizəd oldu. Bəs bu adam yaradılanı Yaradandan ötrü sevirdi? Ermənini Allah yaratmayıbmı? Deməli, ya yalançıdır, ya da Yaradanı sevmir. Bu gün ilk işim prokurorluğa gedərək Ərdoğandan şikayət etmək olacaq...” – deyə, CHP millət vəkili açıqlamasında bildirib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?