Məlum olduğu kimi bir neçə gün bundan öncə Qazax rayonunda yerləşən “Sınıq Körpü” gömrük keçid məntəqəsində rayon sakini şair Bəxtiyar Hidayətin təhqir olunaraq təzyiqlərə məruz qalması barədə məlumat vermişdik. Belə ki, Dövlət Gömrük Komitəsinin Fariz Quliyev adlı əməkdaşı vəzifə səlahiyyətlərini aşaraq vətəndaşı təhqir etmiş və ona qarşı zor tətbiq etmişdi. Hadisənin üsündən xeyli vaxt keçməsinə baxmayaraq, bu günə kimi heç bir yenilik yoxdur. Bu barədə Hüquq və Azadlıqların Müdafiəsi İnstitutunun Qazax filialının rəhbəri, hüquq müdafiəçisi Cavid Şirəliyev məlumat vermişdir. Onun sözlərinə görə, baş vermiş hadisə ilə bağlı dərhal araşdırılma aparılması və zəruri hüquqi tədbirlərin həyata keçirilməsi vacib idi: “Bəxtiyar Hidayətin təhqir olunaraq döyülməsi 23.12.2012-ci il tarixində axşam saatlarında baş vermişdir. Məsələ ilə bağlı ictimaiyyətə dərhal operativ məlumat çatdırılmışdır. Paralel olaraq baş prokurorluğa və DGK-nə rəsmi müraciət olunmuşdur. Hadisənin üstündən müəyyən zaman keçməsinə baxmayaraq, işin gedişində heç bir yenilik yoxdur. Yəqin ki, məsələ ilə bağlı olaraq yaxın zamanlarda geniş mətbuat konfransı keçirəcəyik. Bizə məsələnin mahiyyətinin ədalətli şəkildə araşdırılması və qanun çərçivəsində ölçü götürülməsi lazımdır. Və bu işin obyektiv həll olunması üçün HAMİ lazımi addımları atacaqdır”. Qeyd edək ki, Bəxtiyar Hidayətin başına gələn hadisə ictimailəşəndən sonra hüquq müdafiəçisi Cavid Şirəliyev Bəylər Eyyubovun yaxın qohumunun adamları tərəfindən hədələnmişdir. C. Şirəliyevin hədələnməsi ilə bağlı aidiyyətli qurumlara müraciət olunmuşdur. Məsələ ilə bağlı şairin özü ilə də əlaqə saxladıq. Bəxtiyar Hidayət bildirdi ki, doğrudan da işin gedişində heç bir yenilik yoxdur: “ Əslində o keçid məntəqəsindən nə zaman ki, keçmişəm, mənə problem yaradıblar, yersiz bəhanələrlə incidiblər. 24. 08. 2011-ci il tarixində də heç bir səbəb göstərmədən mənim 5 kq yağımı həmin keçid məntəqəsində almışdılar. O zaman heç bir sənədləşmə olmadığına görə, sonradan yağı geri ala bilmədim. Sonra isə DGK-nin sədri Aydın Əliyevə elektron müraciət ünvanladım. Amma məsələ həll olunmamış qaldı. Mən də o zaman hadisə ilə bağlı mətbuatda “Xram balıqları bığları yağlı” adlı satirik bir məqalə ilə çıxış etdim. O məqalə dərc olunandan sonra mənə qarşı “Sınıq Körpü” gömrük keçid məntəqəsində daim belə qeyri- insani münasibət göstərilmişdir. Həmin hadisə zamanı da sənədləşmə olmadan 5 kq yağı gömrük əməkdaşlarına vermək istəmədim. Protokol tərtib edilməsini tələb etdim. Uzun çək-çevirdən sonra protokol tərtib edildi, amma protokolda malın götürülmə səbəbi qeyd edilməmişdi Həmçinin protkola möhür də vurulmamışdı. Mən bunun qanunsuzluq olduğunu bildirəndən sonra həmin hadisə baş verdi. Həmçinin sözügedən hadisədən bir müddət öncə mənim 2-ci şeir kitabım olan “Ağ Qaranlıqlar” ın satışı ölkədə qadağan olmuşdur. Mənim adını çəkdiyim həmin məqaləmdən sonra bu keçid məntəqəsinin əməkdaşları yəqin ki imzamı izləmişlər və kitabımın qadağan olunmasını biləndən sonra daha da aqressivləşərək hakimiyyətin yuxarı eşalonunda hörmət qazanmaq istəmişlər. Çünki həmin gün o hadisədən sonra digər vətəndaşların yağı qaytarıldı, yalnız məndən başqa. Onu da qeyd edim ki, Aydın Əliyevə yenə də müraciət ünvanlamışam və müraciətimə dərhal cavab verilib ki iş araşdırılır. Amma hələ də “araşdırma” davam edir. Görünür Fariz Quliyevin arxasında çox böyük səlahiyyət sahibləri durur”. Cavid Şirəliyev
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?