Gömrük işçiləri vətəndaşlara Gürcüstandan bir çöp belə gətirməyə imkan vermir, təhqiramiz sözləri isə hamı eşidir
gundemxeber.az Gürcüstanla Azərbaycan sərhəddində yerləşən «Qırmızı Körpü» və ya «Sınıq Körpü» kimi tanınan Gömrük-Keçid Məntəqəsində biabırçı vəziyyət yaranıb. İstər Azərbaycanın ayrı-ayrı rayonlarından gedən şəxslər, istərsə də gürcülərin özləri bu gömrükdən keçərkən olmazın eybəcərliklərlə üzləşirlər. Bu barədə danışan vətəndaşlar bildirirlər ki, Azərbaycan tərəfində üzləşdikləri problemlərin sayı-hesabı yoxdur. Belə ki, əllərində Gürcüstandan hər nə gətirsələr, hamısı gömrükçülər tərəfindən alınaraq, müsadirə edilir. Əvvəllər bəzi məhsullar üçün limit müəyyən edilsə də, artıq onu da aradan qaldırıblar. Şikayətçilərdən bir neçəsi bildirib ki, Gürcüstanla həmsərhəd gömrük postunda heç bir izah vermədən onların əlindən araq, siqaret və s. malları alırlar. Hətta iş o yerə çatıb ki, Yeni İl üçün bazarlığa gedərək, özlərinə bir şüşə araq, bir blok siqaret alanları da bu istəklərindən məhrum ediblər. Onların gətirdiyi bu məhsulları da əllərindən alaraq, hamısını müsadirə edirlər. İnsanları narahat edən bir başqa cəhət də «Sınıq Körpü» Gömrük Keçid Məntəqəsində işləyən gömrükçülərin əxlaqa zidd davranışlarıdır. Onlar bildirir ki, gömrük işçiləri insanlarla kobud davranmaqla yanaşı, həm də təhqir dolu sözlərdən geniş istifadə edirlər. Bu zaman qarşılarında qadın və ya qızın olmasının onlar üçün heç bir əhəmiyyəti yoxdur.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?