Hakimiyyətdaxili ziddiyyətlər qrupıaşmaların nəzarətində olan mediada da özünü göstərir. PA rəhbəri Ramiz Mehdiyev qruplaşmasının müdafiə naziri Səfər Əbiyevə qarşı kampaniyasının cavabı təhsil naziri Misir Mərdanovu “vurmaqla” cavablandırılıb. R.Mehdiyevin nəzarətindən alınmış YAP-a bağlı olan “Səs” informasiya agentliyində yer almış yazı da buna misal ola bilər. “Çətinləşdirilmiş dərsliklər və döyülən uşaqlar” başlıqlı yazını olduğu kimi diqqətinizə çatdırırıq: “Bugünkü dərsliklərlə təhsil alan şagirdlərdə ciddi psixoloji problemlər var”. SİA-nın xəbərinə görə, bunu psixoloq Dəyanət Rzayev orta məktəb təhsilinin tədris olunmasında istifadə edilən dərsliklərin çətinləşdirilməsinə münasibət bildirərkən deyib. O bildirib ki, hazırda Amerika kimi inkişaf etmiş dövlət Sovet hakimiyyətinin təhsil sistemini tətbiq etmək fikrindədir: “Lakin biz bu sistemdən kənarlaşdıq və yeni bir sistem yaratdıq. Ola bilsin ki, hazırda kompyuter texnologiyaları inkişaf edib, bir sıra sahələrdə geniş imkanlar əldə edilib. Lakin bu yenilikləri də təhsil sisteminə düzgün bir şəkildə tətbiq etmək lazımdır. Çünki, hazırda nəşr olunan dərsliklərin şagirdlər tərəfindən dərk edilməsində böyük çətinliklər var. Dərsliklər çətinləşdiyindən artıq 1-ci sinif şagirdləri də gündəlik keçirilən dərsləri anlamaq üçün repetitor yanına gedir. Artıq təhsilimiz elə bir dərəcəyə gəlib çatıb ki, uşaqlar təhsil almaq üçün və gələcəkdə universitetə qəbul olmaq üçün 5-ci sinifdən hazırlıqlara getməyə məcbur olunublar”. Psixoloqun sözlərinə görə, dərsliklərin çətin olması şagirdlərin öz uşaqlıq illərini də tam yaşamaqlarına mane olur: “Onların beyni həddindən çox yüklənir və bu da şagirdlərdə psixoloji problemlərə yol açır. Ölkəmizdə şagirdlər attestat və diplom almaq üçün oxuyurlar. Lakin xaricdə isə şagirdlər bilikli və savadlı mütəxəssis olmaq üçün təhsil alırlar”. Dəyanət Rzayev sosial şəbəklərdə şagirdlərin müəllim tərəfindən döyülməsi ilə bağlı yayılan video-görüntüyə də münasibət bildirib: “Döyülən şagirdlər bu vəziyyəti tədrisin bir hissəsi kimi qəbul edəcəklər və gələcəkdə də onlar bu metodu tətbiq edəcəklər. Düşünəcəklər ki, tədris məhz belə də olmalıdı. O müəllimlərin özlərinin psixoloji problemləri var. Nə özləri normal həyat tərzi keçirirlər, nə də şagirdlərə normal təhsil almağa şərait yaradırlar”. Nərmin Nəsirli
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?