Bakıda “Mədəniyyətlərarası dialoq: mədəniyyət və din arasında qarşılıqlı əlaqə” mövzusunda 2014-cü il mədəniyyətlərarası dialoqun dini ölçüsü üzrə görüş keçirilir. APA-nın məlumatına görə, Avropa Şurası Yeri və Regional Hakimiyyətlər Konqresi Palatasının prezidenti Jan Klod Frekon (Jean-Klaude Frecon) çıxışında dini tolerantlığın vacibliyini qeyd edib.
J. K. Frekon deyib ki, dini tolerantlıq müxtəlif böhranlar zamanı daha aktual olur və Avropa Şurası bu sahədə rolunu dərk edir: “Avropa Şurası mədəni irsin, dinlərarası dialoqun təşviqini qarşıya məqsəd qoyub. Bu dialoq yerlərdən başlanmalıdır və bütün bu məsələlərin hamısını mərkəzi hakimiyyət orqanlarının üzərinə atmaq düzgün deyil. Dinlərarası dialoqun 12 prinsipini yerli hakimiyyət orqanları üçün qəbul etmişik. Biz yüz min kilometrlərlə uzaqlıqda olmağımıza baxmayaraq, səylərimizi birləşdirməliyik, bu sahədə dərsliklər hazırlanmalıdır. Bələdiyyələr artıq bu sahədə tədbirlər keçirirlər, bu isə dini tarazlığın qorunmasına öz töhfəsini verir”.
Portuqaliyanın Avropa Şurasındakı daimi nümayəndəsi, AŞ Nazirlər Komitəsinin Təhsil, mədəniyyət, idman, gənclər və ətraf mühit üzrə məruzəçi qrupunun sədri Luis Filipp Kastro Mendes tədris prosesində bu kimi məsələlərin qaldırılmalı olduğuna diqqət çəkib: “Bütün dövlətlər arasında tolerantlığın təbliği prosesi getməlidir. Hazırda bu proses uğurla inkişaf edir. Bəzi hallarda böyük dinlərin tədrisində böyük səhvlərə yol verilir. Bu kimi halları pisləyirik”.
Slovakiyanın Avropa Şurasında daimi nümayəndəsi, AŞ Nazirlər Komitəsinin insan hüquqları üzrə məruzəçisi Draqoslav Stefanek çıxışında bildirib ki, Azərbaycan dini mədəniyyətlərin kəsişmə nöqtəsində yerləşir və görüşün bu ölkədə keçirilməsi çox mühümdür. D. Stefanekin sözlərinə görə, ekstremizm, ksenofobiya böyük təhdiddir: “Təəssüf ki, bu hallar bu gün Avropada baş verir. Ona görə də icmalar səviyyəsində Avropa miqyasında anlaşmaların gücləndirilməsi çox mühümdür. Biz bu dəyərləri müzakirə etməliyik. Avropa Şurasına hər bir üzv dövlətdə insanların bir dindən digər dinə keçməsi azadlığı təmin edilməlidir. Hər bir ayrı-seçkilik olmadan dini azadlıq təmin olunmalıdır”.
Roma Papası yanında Mədəniyyət Şurasının üzvü Jan Loren Mazas (Jean Laurent Mazas) bəyan edib ki, Azərbaycan dinlərarası dialoqa böyük töhfələr verib. J. L. Mazas bu gün böyük narahatlıqla İraqın şimalında baş verən prosesləri izlədiklərini söyləyib: “O insanlar əcdadlarının yaşadıqları torpaqlardan kənarda qalıblar. Beynəlxalq ictimaiyyət bu humanitar böhranın aradan qaldırılmasına müdaxilə etməlidir. Artıq beynəlxalq hüququn mexanizmi işləmir, insanlar dini baxışlarına görə sistematik məhv edilir. Birinci Dünya Müharibəsindən ötən 100 il ərzində hərbi sənayemizi inkişaf etdirmişik. İnsanların bir-birinə qarşı dözümsüzlüklə yanaşdığının şahidi oluruq. Vaxt yetişib, biz ən yaxşı yolların araşdırılmasına çalışmalı, qardaşlıq prinsiplərini yaymalıyıq”.
Fransanın İuadizm və protestant federasiyaları ilə əlaqə komissiyasının prezidenti Roland Poupin müxtəlif dinlər arasında dözümlülük münasibətləri qurmağa çalışdıqlarını vurğulayıb. Moskva Patriarxlığının Avropa Şurası yanındakı nümayəndəsi Filip Ryabıks qeyd edib ki, bu gün Avropada mədəniyyət və din arasında əlaqələrin araşdırılması çox mühümdür.
Fransanın Strasburq şəhərinin və Aşağı Reyn əyalətinin baş ravvini, Avropa Ravvinlər Konfransının Avropa Şurasındakı nümayəndəsi Rene Gutman bildirib ki, dialoq pis əməllərin yaxşı əməllərlə əvəz olunması istiqamətində mühüm vasitədir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?