4 gənc fəalın hökmü qüvvədə, özləri türmədə qaldı Qarabağ qazisi Zaur Həsənovun faciəli ölümü ilə bağlı keçirilən etiraz aksiyasında saxlanılaraq, inzibati həbs cəzalarına məruz qalan Cavid Hacıbəyli, Orxan Eyyubzadə , Orxan Carçı və Türkel Əlisoyun apelyasiya məhkəməsi keçirildi. Onlardan Orxan Eyyubzadə, Türkel Əlisoy və Orxan Carçının şikayətlərinə medianın iştirakı olmadan baxılıb və qərar qüvvədə saxlanılıb. Cavid Hacıbəyli isə vəkili olmadığına görə, məhkəmədə iştirakdan imtina edib və həbsxanaya qaytarılıb. Saat 16-00 da vəkil Nemət Kərimlinin iştirakı ilə müsavatçı gənc fəalın məhkəməsi başladı. Hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən məhkəmədə vəkil gənc fəalın həbsinin qanunsuz olduğunu bildirdi: ”Hər bir vətəndaşın konstitusiyamızın sərbəst toplaşmaq azadlığı haqqında 49-cu maddədən istifadə etmək hüquqi var”.
Gənc fəal Cavid Hacıbəyli isə həbsini Azərbaycan hakimiyyətinin Qarabağ qazisinə olan hörmətinin göstəricisi kimi qiymətləndirdi: ”Mən o aksiyanın fəal iştirakçısı olmuşam. Düşünürəm ki, qanında türk qanı axan hər bir vətəndaş torpaqlarımız, azadlığımız uğrunda qazi olan insanın ölümü ilə bağlı təşkil olunan aksiyada iştirak etməli idi. Mən məhkəmədən ədalətli qərar gözləmirəm. Çünki müstəqil olmalı halda, ölkəmizdə sifarişlə işləyən məhkəmə heç zaman ədalətli qərar qəbul edə bilməz”.
Müşavirə otağına yollanan hakim qərarın qüvvədə saxlandığını, əvvəlki qərarın doğru olduğunu elan etdi. Məhkəmənin bu qərarını Cavid Hacıbəyli “alqışlarla” qarşıladı. Xatırladaq ki, digər fəal Tural Sadıqlının Apelyasiya şikayətinə yanvarın 9-u baxılmış və qərar qüvvədə saxlanılmışdı.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?