Qafqazı tikanlı məftillə hasarlamağa çağıran avantürist siyasətçi prezidentlə miqrantlar və Ukrayna məsələsindən danışacaq
Rusiya Liberal Demokrat Partiyasının lideri, avantürist və nasist çıxışları ilə həmişə gündəmdə olan Vladimir Jirinovski prezident Vladimir Putinlə görüşə hazırlaşır.
Virtualaz.org saytı Rusiya qaynaqlarına istinadən xəbər verir ki, Jirinovskinin Putinlə görüşünün dəqiq vaxtı məlum deyil, lakin siyasətçinin bu gün Kremldə qəbul ediləcəyi gözlənilir. “İzvestiya” qəzeti xəbər verir ki, görüşün bu həftənin sonuna qədər baş tutması razılaşdırılıb. Lakin təşəbbüsün kimdən gəldiyi hələ məlum deyil.
V.Jirinovski bu günlərdə miqrantlar və qafqazlılar haqda qalmaqallı bəyanatları ilə növbəti dəfə gündəmə gəlmişdi. Azərbaycan vətəndaşı Orxan Zeynalov tərəfindən törədilmiş cinayət hadisəsi və Moskvanın Biryulevo rayonunda baş verən hadisələrdən sonra Jirinovski demişdi ki, Qafqazı tikanlı məftillə hasarlamaq və qafqazlıların Moskvaya axınını dayandırmaq, həmçinin bu bölgədə əhali artımını məhdudlaşdırmaq lazımdır. Jirinovskinin bəyanatı Şimali Qafqaz respublikalarında qəzəblə qarşılanıb.
Siyasətçinin Putinlə nələri müzakirə edəcəyi hələ müəyyən deyil. Lakin müşahidəçilərin qənaətinə görə, Jirinovskidən sözügedən bəyanatı ilə bağlı izahat tələb edilə bilər. Jirinovski özü isə deyib ki, prezidentlə görüşündə Rusiyanın yaxın qonşusu və geosiyasi müttəfiqi Ukrayna ilə münasibətləri, Orta Asiya regionu ilə qarşılıqlı münasibətləri, o cümlədən miqrantlar problemini müzakirə etməyə hazırlaşır.
Jirinovskinin partiyasından isə deyiblər ki, siyasətçi özünün və partiyasının gələcəyi üçün narahatdır. Çünki Rusiyada vəziyyət dəyişir və Jirinovski kifayət qədər hiyləgər, uzaqgörən siyasətçi kimi ona siyasətdə hansı rol veriləcəyini dəqiqləşdirmək istəyir. Jirinovski və partiyası indiyədək Kremlə bir çox planlarını həyata keçirmək üçün zəmin hazırlamağa lazım idi. Ekspertlərin fikrincə, Jirinovski Kremlə hələ bu statusda lazımdır. Onun təxribatçı çıxışları cəmiyyətin əhval-ruhiyyəsini müəyyən etməyə və beləliklə də mərkəzin öz siyasətini formalaşdırmasına kömək edir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?