Rza Hacıyevin öldürdüyü iddia olunan qadının qohumu “Yeni Müsavat”a məktub tollayıb; Əzizə Ələkbərova: “Dedi ki, mən Rza ilə Antalyaya gedəcəyəm”; qətlin baş verdiyi deyilən “Mardan Palace” hoteli cinayəti ört-basdır etməkdə ittiham olunur
Sabiq polis rəisi Rza Hacıyevin Türkiyədə öldürdüyü iddia edilən qadının qohumu “Yeni Müsavat”a məktub yazıb. Əzizə Ələkbərova yazır ki, Arzu Zeynalovanın dayısı qızıdır: “Rza Hacıyev onun sevgilisi idi. Mən hazırda İstanbulda yaşayıram. Arzu Antalyaya getməzdən əvvəl mənimlə telefonla danışdı. Dedi ki, mən Rzaynan Antalyaya gedəcəyəm. Ordan da İstanbula gələcəyəm, görüşərik demişdi. Mənim bibimin qızını o adam öldürüb. Bunu mən bilirəm. Onlar bərabər idilər. Mən “Mardan Palace” hotelindən də məlumat alacağam. O adamın oraya nə vaxt giriş-çıxış elədiyini isbatlamağın qarşısı alınır, hər şeyi gizləyirlər. Amma mən bu ölümün gizlinlərinin ortaya çıxmasını istəyirəm”. Məlumat üçün deyək ki, sentyabrın 20-də R.Hacıyevin Türkiyədə bir qadını öldürməsi haqda məlumat yayılıb. Həmin vaxt musavat.com-a etibarlı mənbədən daxil olan məlumatda bildirilirdi ki, Telman İsmayılovun (“AST Telman”- E.H) Antalyadakı “Mardan Palase” otelində Rza Hacıyevin tanışı olduğu bildirilən qadının meyiti aşkarlanıb. 24 yaşlı Arzu Zeynalovanın bədənində zorakılıq əlamətləri olub. Məlumatda polis rəisinin qadına həmin xəsarətləri yetirməkdə şübhəli bilindiyi də qeyd olunurdu. Qaynağımız isə iddia edirdi ki, R.Hacıyev qadını döyərək öldürüb. Polis polkovniki olan R.Hacıyev bu ilin fevralında Neftçala Rayon Polis Şöbəsinin rəisi vəzifəsindən yaş həddi ilə bağlı azad olunaraq təqaüdə göndərilib. O, sonuncu iş yeri olan Neftçala RPŞ-yə Bakının Sabunçu Rayon Polis İdarəsinin rəisi vəzifəsindən çıxarılandan aylar sonra, 2009-cu ildə təyin olunmuşdu. 2008-ci ildə R.Hacıyevi Sabunçu RPİ-nin rəisi vəzifəsindən evində baş verən müdhiş oğurluğa görə çıxarmışdılar. Həmin vaxt R.Hacıyevin sürücüsü polis rəisinin ailə üzvlərindən biri ilə evdən qızıl-zinət və xeyli pul götürərək Rusiyaya qaçmışdılar. Sonradan R.Hacıyevin ümumilikdə 1 milyon manatlıq mal-pulunun oğurlandığı bildirildi. Bu hadisənin sorağı ölkə rəhbərliyinə çatandan sonra ən yuxarı səviyyədə R.Hacıyevin tutduğu vəzifədən azad edilməsi istənilmişdi. Arqument kimi isə “öz evini qoruya bilməyən rəis rayonu necə qoruya bilər” fikri səsləndirilmişdi. R.Hacıyev qətllə bağlı xəbəri təkzib etmişdi. O, Türkiyədə sonuncu dəfə bu ilin yazında olduğunu demişdi. Sabiq rəis hazırda Bakıda istirahət etdiyini söyləmişdi. Digər bir məlumatda isə R.Hacıyevin öldürdüyü iddia olunan qadının Bakıdakı “Qurd qapı”sı deyilən ərazidə yerləşən qəbiristanlıqda dəfn olunduğu iddia edilirdi. Bildirilirdi ki, A.Zeynalovanın dəfni üçün qəbir yerinin alınmasına sabiq polis rəisi 8 min manat xərcləyib. A.Zeynalova polis rəisi ilə illər əvvəldən tanış olublar və Türkiyəyə istirahətə birgə gediblər. Oradan A.Zeynalovanın meyiti gətirilib. Bildirək ki, redaksiyamıza daxil olan məlumata görə R.Hacıyevi Türkiyədə, “Mardan Palace” otelində 24 yaşlı Arzu Zeynalovanı öldürməsi haqda yayılan məlumatlarla bağlı dindiriblər. Hələlik şahid qismində dindirilən sabiq rəisin istintaqa cəlb olunma ehtimalının böyük olduğu da bildirilir. Baş Prokurorluğun mətbuat xidmətindən R.Hacıyevin iş üzrə dindirilməsi xəbərini təkzib etməmişdilər. Sorğumuza verilən cavabda Rza Hacıyevin istintaqa çağırılaraq dindirilməsi təkzib olunmurdu. Mövzuya qayıdacağıq.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?