Vəkilin işə xitam verilməsi və həbs qəti imkan tədbirinin dəyişdirilməsi haqda vəsadətləri rədd edilib
Bakı Dövlət Universitetinin hüquq fakültəsinin sabiq dekan müavini, hüquq elmləri doktoru, professor Məhəmməd İmanlının cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə Məhəmməd İmanlının vəkili Muxtar Mustafayev çıxış edib. Vəkil müdafiə etdiyi şəxsin əməlində cinayət tərkibi olmadığını əsas gətirərək onun barəsində olan cinayət işinə xitam verilməsi barədə vəsatət verib. Dövlət ittihamçısı isə hazırkı mərhələdə həmin vəsatətə baxmağın məqsədəuyğun olmadığını açıqlayıb. Daha sonra vəkil M. İmanlı barəsində seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatət qaldırıb. Hakimlər vəsatətləri müzakirə etmək üçün müşavirəyə gediblər. Müşavirədən sonra hakim Ə. Abbasov vəsatətlərin təmin olunmadığını elan edib. Məhkəmənin baxış iclası yanvarın 29-na təyin olunub. Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumatda bildirilib ki, Məhəmməd İmanlı külli miqdarda rüşvət alan zaman cinayət başında saxlanılıb. Bakı Dövlət Universitetinin hüquq fakültəsinin “Cinayət hüququ və kriminalogiya” kafedrasının müəllimi, hüquq elmləri doktoru, professor əvəzi İmanlı Məhəmməd Nağı oğlunun qanunsuz hərəkətləri barədə Bakı şəhər sakininin Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin "161-Qaynar xətt" əlaqə mərkəzinə daxil olmuş müraciəti araşdırılıb. Müəyyən edilib ki, Məhəmməd İmanlı ikinci ali təhsil almaq üçün ona müraciət etmiş Bakı şəhər sakinindən BDU-nun Beynəlxalq iqtisadi əlaqələr fakültəsinə tələbə kimi qəbul edilməsinə görə 40.000 (qırx min) manat pul tələb edərək, 05 may 2012-ci il tarixdə yaşadığı Bakı şəhəri, Zabrat qəsəbəsi, A.S.Puşkin küçəsi 6 №-li evdə qeyd olunan külli miqdarda pulu rüşvət kimi alarkən cinayət başında yaxalanıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?