Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qayınanasını bıçaqlamaqda təqsirləndirilən 1981-ci il təvəllüdlü Razim Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, Razim Həsənov Cinayət Məcəlləsinin 126-cı (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham edilib. Hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə çıxış edən prokuror Razim Həsənovun 6 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Son sözlə çıxış edən Razim Həsənov bağışlanmasını istəyib. İki azyaşlı körpəsinin olduğunu deyən təqsirləndirilən şəxs ona yüngül cəzanın verilməsini xahiş edib. Daha sonra hakimlər hökm qəbul etmək üçün müşavirə otağına yollanıblar. Müşavirədən qayıdan kollegiya üzvləri təqsirləndirilən şəxsin 5 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum edildiyini açıqlayıblar.
Qeyd edək ki, bu il fevralın 17-də Sumqayıt şəhəri Sülh küçəsi 29 ünvanında da Razim Həsənov münaqişə zəminində qaynanası Zərnigar Lətifovanı bıçaqlayıb. 53 yaşlı qadın sinə, qarın və qol nahiyəsindən xəsarət alıb. Hadisənin baş vermə səbəbinə gəlincə, Razim Həsənov həyat yoldaşı Zeynəb Həsənov ilə aralarında mübahisə yaranıb. Mübahisə nəticəsində məsələyə qaynana qarışıb. Münasibətlər gərginləşib və kürəkən qayınanasını bıçaqlayıb. Razim Həsənov qayınanasını söyüş söydüyü üçün vurduğunu deyib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?