"Babək prospektində yolun çökməsinin su xətləri ilə heç bir əlaqəsi yoxdur"
Dünən Bakının Xətai rayonunda Babək prospekti ilə Telnov küçəsinin kəsişməsindəki yolda baş verən çökmə ilə bağlı “Azərsu” ASC də mövqeyini açıqlayıb.
"Azərsu" ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya bildirilib ki, Bakı Sukanal idarəsinin əməkdaşları ərazidə araşdırma aparıblar. Məlum olub ki, Babək prospektində yolun çökməsinin ərazidən keçən su xətləri və ya xətlərin köçürülməsi ilə heç bir əlaqəsi yoxdur.
Məlumatda deyilir ki, həmin ərazidən 700 mm diametrli Hövsan xətti keçir və bu xətdə heç bir sızma yoxdur: “Yeni piyada keçidinin tikintisi ilə əlaqədar kommunikasiya xətlərinin ərazidən köçürülməsi 1 ilə yaxındır yekunlaşıb və o vaxtdan yolda heç vaxt çökmə müşahidə olunmayıb”.
Xatırladaq ki, bundan öncə “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib ki, hadisə baş verəndən sonra sözügedən ərazidə “Azərsu” ASC-nin əməkdaşları tərəfindən araşdırmalar aparılıb. Məlum olub ki, həmin ərazidən iki ədəd 700 mm diametrlik su borusu keçir. Boruların biri-birinə qaynaq olunan hissəsində çat olduğu aşkarlanıb: “Bu çatdan su axaraq, yolun torpaq yatağını yuyub və yolun çökməsinə səbəb olub”.
Xatırladaq ki, qeyd edilən ərazidə yol ötən gün çöküb. Hadisə baş verəndən sonra “Azəryolservis” ASC-nin müvafiq müəssisələri tərəfindən yolun həmin hissəsinə müvəqqəti olaraq lazımi material doldurulub. Bu gün isə ora hətta asfalt da döşənib. Amma yeni döşənən asfalt da çöçüb. Məhz bu səbəbdən həmin ərazidə hələ də böyük tıxac müşahidə olunur.
Onu da xatırladaq ki, “Azəryolservis” ASC-nin sədri deputat Cavid Qurbanovdur.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?