Oxucular tərəfindən daxil olan çoxsaylı müraciətlərdə bildirilir ki, "Azərsu" ASC-nin əməkdaşları tərəfindən təmir işlərinin aparılması üçün Bakının bir çox yeni asfaltlanmış yolları qazılaraq sökülür. İşlər bitdikdən sonra isə yollar elə "Azərsu"nun əməkdaşları tərəfindəncə yenidən asfaltlanır. Lakin məsələ burasındadır ki, əvvəlkindən fərqli olaraq, sonradan yolun yamaqlanmış asfalt örtüyünün keyfiyyəti çox aşağı olduğundan qısa müddətdə sıradan çıxır. Bu isə həm nəqliyyat vasitələrinin sürücülərinə, həm də piyadalara müəyyən problemlər yaradır və bu da narazılıqlara səbəb olur.
Qeyd edək ki, bu problem həm magistrallarda, həm də yaşayış massivləri daxilindəki yollarda özünü qabarıq büruzə verir.
Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev problemlə əlaqədar Trend-ə açıqlamasında bildirib ki, avtomobil yollarında hər hansı bir kommunikasiya xəttinin çəkilməsi üçün qazıntı işləri aparılmazdan öncə Nəqliyyat Nazirliyinə müraciət olunmalıdır. Yəni, bunun üçün icrası məcburi olan texniki şərt alınmalıdır: "Texniki şərtdə asfalt-beton örtüyünün hansı qaydada kəsilməsi, telekommunikasiya xəttinin çəkilməsi ilə bağlı xəndəyin qazılması, lazımi materiallar və s. aparılacaq zəruri işlər göstərilir. Yolu qazan kommunikasiya təşkilatı icrası məcburi olan bu texniki şərti aldıqdan sonra işlərə başlaya bilər. Bəzi hallarda qazıntıdan sonra kipləşdirmə işi düzgün aparılmadığı üçün yenidən həmin avtomobil yolunda çökmələr baş verir".
Məsələ ilə bağlı iki gün ardıcıl olaraq "Azərsu" ASC-nin mövqeyini öyrənmək üçün bu qurumun mətbuat xidməti ilə əlaqə saxlamağa çalışsaq da, telefonlara cavab verən tapılmadı. /
Sorğu
Yeni dizaynımız necədir?