Noyabrın 12-də cəbhənin Ağdam istiqamətində Azərbaycanın vurduğu helikopter ətrafında Ermənistan tərəfinin siyasi şousu davam edir. İrəvan helikopterin pilotlarına dəfn mərasimi təşkil edib. Azərbaycan tərəfinin məlumatlarının əksinə olaraq, iki gün əvvəl guya helikopterdə həlak olanlardan birinin meyitinin çıxarılmasına dair neytral kadrların nümayişindən sonra, bu gün həmin şounun davam olaraq, vida mərasimi təşkil edilib.
ANS TV-nin məlumatına görə, Ermənistan paytaxtının müqəddəs Saris kilsəsində noyabrın 12-də qoşunların təmas xəttində vurulan helikopterdə ölən pilotların “cənazə törəni” keçirilir. Sabah isə meyitlərin dəfni gözlənilir. Maraqlıdır ki, ermənilər ölən pilotların əvəzinə kimin meyitini dəfn etməyə hazırlaşırlar? Ermənistan tərəfi guya xüsusi əməliyyatla helikopterin vurulduğu yerdən pilotlardan birinin meyitini, digərlərinin bədəninin qalıqlarını və vertolyotun hissələrini ərazidən çıxardıqlarını söyləyirlər. Ermənistan tərəfinin hazırladığı videogörüntüdə bir nəfərin tabutda uzadılmış meyiti əks olunub, digər kadrlarda isə yanmış geyimlər, paraşüt görmək mümkündü.
Azərbaycanın Müdafiə Nazirliyi bu xəbəri uydurma, heç bir əsası olmayan, Ermənistanın daxili auditoriyasına hesablanmış informasiya hesab edir. Hərbi mütəxəssislərin rəyinə görə, “Mi-24” döyüş helikopterinin partlamasından və yerə çırpılmasından sonra oradakı cəsədlərin heç bir cəhətdən ictimaiyyətə göstəriləsi halda olması mümkün deyil. 11 ton çəkisi olan, saatda 250 km sürətlə yerə çırpılan helikopterdən düşən cəsədin də videoda təqdim olunan formada qalması qeyri-mümkündü. Aviasiya mütəxəssislərinin fikrinə görə, texniki baxımdan “İqla” daşınan zenit raket kompleksi ilə vurulduqdan sonra baş verən partlayış nəticəsində cəmi 3-4 saniyə yanaraq yerə düşən və zərbədən tam dağılan “Mi-24” helikopterin ekipajının katapult edə bilməsi, yəni paraşütlə tullanması, paraşütün isə ermənilərin təqdim etdiyi formada qalması mümkün deyil.
Buradan anlaşılır ki, təqdim edilən videogörüntülər montaj işidir və helikopter hadisəsi bağlılığı yoxdu. Fakt odur ki, Ermənistan ordusu 3 pilotunu itirib. Bunun ardı da gələ bilər. Azərbaycan gec-tez torpaqlarını işğaldan azad edəcək. Bu zaman Ermənistanın itkiləri daha çox ola bilər. Ölən əsgər hərbçilərin valideynlərinə cavabı isə bu münaqişəni başlayan, Ermənistan rəhbərliyi verəcək.
Sorğu
Yeni dizaynımız necədir?