Elşad Abdullayevin videolarından sonra məlum oldu ki, istənilən şəxs video müşahidə cihazları əldə edə bilər
“Bu kameraları istənilən vətəndaş əldə edə bilər. Şəhərin video müşahidə cihazları satılan mağazalarına müraciət edib ala bilərsiniz. Elə bizim mağazaya da hər gün alıcı gəlir və hətta onların arasında yaşadığı mənzil üçün də kamera alanı var. İndi elə dövrdür ki, insana gözünün qabağında etdiyi cinayəti sübut etmək olmur. Bunun ən yaxşı yolu videoya çəkib yaymaqdır. Özünüz görürsünüz ki, internetdə necə videolar yayırlar. Adam baxanda dəhşətə gəlir”. Bakının Nizami küçəsində yerləşən video kameraların satıldığı mağazanın sahibi belə deyir. Onun sözlərinə görə, gizli müşahidə qurğusu yerləşdirmək həmişə kimlərəsə lazım olub. Ona görə də bu məhsullara tələbat günbəgün artır. Xüsusilə, sabiq rektor Elşad Abdullayevin keçmiş deputat Gülər Əhmədova ilə mandat alverini əks etdirən videonu yayması, ardınca daha səkkiz belə fraqmenti üzə çıxarması gizli kamera məsələsini gündəmə gətirdi. Maraqlıdır, nəzarət videokamerasını necə əldə etmək olar? Açıq satışda bu qurğular varmı? Bu suallara elə Nizami küçəsindəki videokamera satılan mağazada cavab tapa bildik. Satıcı Alim deyir ki, vaxtilə qiymətli əşyaların və daşınmaz mülkün mühafizəsi üçün video kameralar sifariş olunurdu. Bu cihazlar kommersiya şirkətlərinə, banklara lazım idi. İndi vəziyyət dəyişib və müşahidə qurğuları marketlərdə, ticarət mərkəzlərində yerləşdirilir. Bu sistemlər banklarda təhlükəsizlik şəbəkəsinə bütün zallardan, pul anbarlarından, kassalardan və bankomatlardan rəqəmsal siqnalların gəlməsini təmin edir. Şübhəli və ya yolverilməz hərəkətlər haqqında mühafizəçilər dərhal məlumat ala bilirlər. Kim istəsə ala və quraşdıra bilər. Satıcı deyir ki, əsasən bu mallar Koreya, Çin və digər uzaq Şərq ölkələrindən gətirilir: “Bizi maraqlandırmır ki, video müşahidə sistemlərini kim alır, harada quraşdırır. Bu alıcının öz işidir. Bizim heç haqqımız da çatmır ki, alıcıdan soruşaq niyə alırsan, harada qoyacaqsan? Biz ticarət və əyləncə mərkəzlərində, sənaye müəssisələrində, komplekslərdə təhlükəsizlik qurğularının quraşdırılması işini də həyata keçiririk”. Satıcı bildirir ki, adətən vəzifəli şəxslər video cihazlar almaq istəyəndə özünə yaxın adamları göndərir: “Onların üslubundan bilinir ki, dövlət adamlarıdır. Nazirliklər, idarələr üçün də bu cihazlara müraciətlər çoxdur”. Onu da deyək ki, video müşahidə kameraları rəqəmsal və analoq kameralarına bölünürlər. Onların əsas fərqi: rəqəmsal kameralar bütövlüklə avtonom video müşahidə sistemləridir - kameralar kronadan, qəbuledici 5 voltlu noutbuk və ya kompüterdən qidalanır. Aslan
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?