Bakı bulvarında daş örtüklərin təzə ildə təzədən sökülüb əvəzlənməsinə başlandı
Sağlam üzlük daşlar qoparılır və yenilənir, Bulvar İdarəsi isə “ardı var” deyir...
Azərbaycan dövlət büdcəsinin xərclər strukturunda ən böyük bölmələrdən biri təyinatı bilinməyən xərclərdir. Bu, büdcənin təqribən 10 faizini təşkil edir. Bütün illərdə büdcənin xərc istiqamətində “Əsas bölmələrə aid olunmayan” və ya “və s. xərcləri ” xüsusi narahatlıq yaradır. Maraqlıdır ki, bu xərc maddəsinin illər üzrə xüsusi çəkisi azalmaq əvəzinə, artır. 2013-cü ilin büdcə layihəsində bu bölməyə təxminən 2 milyard (1,997, 815 min) manat vəsait ayrılacaq. Bu isə büdcənin ümumi xərclərinin 10 faizindən artığını təşkil edir. Maliyyə naziri Samir Şərifov “Yeni Müsavat”a açıqlamasında “və sair” adı ilə nəzərdə tutulan xərclərə aydınlıq gətirmişdi. Nazir bildirmişdi ki, hökumət bu xərclərin miqdarını azaltmağa çalışıb: “500 milyon manat Sovet dövründən qalma əmanətlərin qaytarılması ilə bağlı olan məbləğdir. 1 milyard 172 milyon manat isə xüsusi müdafiə sahəsində işlərin həyata keçirilməsi ilə bağlıdır. Fövqəladə halların aradan qaldırılması ilə bağlı 145 milyon manatdan söhbət gedir. Yəni burada gizli, nəsə açıqlanmayan xərclər yoxdur. Sənədlər açıq şəkildə bizim internet səhifəsində yerləşdirilib. İstənilən şəxs maraqlana bilər”. Amma ötən ilin sonundan gözlənilən “və sair” xərclərin yeyintisi artıq başlanıb. Təzə ilin ilk ayında Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) “siftə” edərək bulvarı təzədən söküb tikməyə başlayıb. Bir həftədir ki, bir neçə il əvvəl vurulmuş daş üzlüklər sökülür. Bulvardan keçən hər bir vətəndaşın reaksiyası eynidir: “Halal olsun, hər həftə səkkiz, mən doqquz tikirlər, sökürlər, sökürlər tikirlər”. Həqiqətən də, orduda ölən əsgərlərə baş daşı qoymağa pul tapmayan valideynlərin haqqı Bakı bulvarında daşa-divara hörülür. Paytaxt meri Hacıbala Abutalıbov üçün “və sair” yemi ələ düşüb və bulvarı altına-üstünə çevirir. Halbuki, həmin üzlük daşları yerindən qoparmağa ehtiyac yoxdur. Amma bulvar Abutalıbovun gözünə “kasıb” görsənir. Ona görə də Kukla Teatrı həndəvərlərinə, Saat Qülləsi çevrəsinə və tennis kortunun arxasına gedib göz gəzdirsəniz, eyni mənzərənin şahidi olacaqsınız. Daş üzlükləri - döşəmə tavalarını bellə söküb-çıxarırlar. Bunu həm orada çalışan fəhlələr, həm də qazıcı texnika ilə həyata keçirirlər. Beləliklə, Bakı bulvarı yeni ilin ilk günlərində növbəti dəfə şumlandı. Artıq Kukla Teatrının qarşısında dəmir hasarlar çəkilib və bulvara giriş məhdudlaşdırılıb. Ərazidə səhərdən - axşama qədər sürətli iş gedir. Fəhlələr isə bildirirlər ki, tapşırıq “yuxarı”dan gəlib. Onların sözlərinə görə, üzlük daşları söküb yerinə yenisini vuracaqlar. Fəhlələrə deyilib ki, üzlük daşlar tab gətirmir deyə onlar dəyişdirilməlidir. Gələn ayın ortalarına qədər buradakı işlər yekunlaşmalıdır. Fəhlələr deyirlər ki, daşların çıxarılmasına səbəb olaraq yağışın onları xarab etməsi ilə bağlıdır. Ancaq daşların yararsız halda olduğunu göstərən heç bir fakt belə görmədik. Hətta “köhnə” daşlar yenidən istifadə olunur. Onlar sökülən daşları Dənizkənarı Bulvar İdarəsinin anbarına daşıyırlar. Söküntünü izləyən şəhər sakini Nadir Abdullayev Abutalıbovun fərasətinə heyran qalıb: “Adamda gərək bacarıq ola. Əlindən gəlir eləyir. Camaatın pulunu küçəyə, daşa, yola, ora-bura tökür. Guya burda yenidənqurma işləri gedir. Pulu yeyirlər, yalandan bir az iş görürlər vəssalam. Hərə yeməyin bir üsulunu tapıb, Hacıbala da bu üsulunu”. Bakı sakini Cəfər Qurbanov deyir ki, sökülən daşlar sağlamdır: “Martda bir də sökəcəklər, təzə daş döşəyəcəklər. Azərbaycanda daş dövrüdür. Büdcədən pul oğurlamaq istəyən abadlıq, tikinti bəhanəsi ilə basıb yeyir. Axı şəhər “Torqovı” və Bulvardan ibarət deyil. Neynək qoy yesinlər, amma heç olmasa bulvardakı daşları sökməkdənsə şəhərin başqa yerində iş görsünlər”. İqtisadçılar isə hesab edir ki, neft pullarının acgözlüklə xərclənməsi prosesi gedir. Bunun kökündə idarəetmə, məmurların dövlət vəsaitlərini artıqlaması ilə xərcləməsi, xərcləri şişirdərək daha çox pul yeməsi, vəsaitlərin öz təyinatı üzrə xərclənməməsi dayanır. Bakı Bulvar İdarəsi rəisinin müavini Nazim Məcidov isə “Azadlıq” radiosuna deyib ki, bulvardakı daş üzlüklər 2008-ci ildə salınıb. İdarə son illər çoxlu ağır texnika alıb. Dövlət tədbirlərinin, bayramların, beynəlxalq tədbirlərin müəyyən hissəsi Bulvarda keçirilir. Ona görə də ağırlığa tab gətirməyən ərazilərin daş üzlükləri dəyişdirilir. N.Məcidov bildirib ki, bunlar öncədən planlaşdırılmış işlərdir və hissə-hissə görülür: “Ona görə də keçən ilin qış ayından başlayaraq “Azneft meydanı”»ndan Kukla Teatrınadək ərazidəki daşlar dəyişdirildi. Yeniləri həmin formada olan daşlardır. Sadəcə, nisbətən ağır yükə davamlı daşlardır. İndiki də həmin prosesin davamıdır. Bu da son deyil. Ola bilsin, gələn qış bu işlərin müəyyən hissəsi davam etdirilsin”. N.Məcidov indiki təmirə sərf olunan məbləği açıqlamayıb. Vəssalam, Məcidov gələn qışın da anonsunu verib və deməli, hələ çoxlu pul var və xərcləmək lazımdır. İnternet resurslarından aldığımız məlumata görə isə yenidənqurma və abadlaşdırma işlərinin davam etdirilməsi üçün Prezidentin Ehtiyat Fondundan 5 milyon manat ayrılıb. Aslan
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?