İqtisadçı alimin təqdim etdiyi statistikaya görə, 2008-2013-cü illər ərzində idxal əməliyyatları zamanı 21,5 milyard dollar mənimsənilib; ən yüksək göstərici 2013-cü ildə qeydə alınıb - 4,9 milyard İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri, iqtisadçı-alim Qubad İbadoğlu Azərbaycana xaricdən mal idxalı zamanı həyata keçirilən maxinasiyalarla bağlı maraqlı faktlar açıqlayıb. Q.İbadoğlu bununla bağlı facebookdakı profilində statistika açıqlayıb. O yazır: “9 dekabr Beynəlxalq Antikorrupsiya günüdür. Odur ki, mən də öz növbəmdə Azərbaycanda korrupsiyanın azaldılması işinə töhfəmi vermək üçün 2013-cü ilin məlumatlarını da daxil edib, güzgü statistikası metodologiyası əsasında yeniləşdirdiyim hesablamaların nəticələrini təqdim edirəm”.
Q.İbadoğlu bildirir ki, hesablamalar Azərbaycanın əsas ticarət təfərdaşları olan 15 ölkədən Azərbaycana idxal məlumatları əsasında aparılıb: “2008-20013-cü illəri əhatə edən bu hesablamalara görə, son 6 ildə qarşı tərəfin verdiyi məlumatlarla bizim (Azərbaycanın - red.) rəsmi statistik məlumatlar arasında fərq 21,58 milyard dollar, il ərzində isə orta hesabla 3,6 milyard dollar təşkil edir. Son 6 ilin trend təhlili göstərir ki, fərqin dinamikası pozitivdir və ən yüksək göstərici 2013-cü ildə qeydə alınıb - 4,9 milyard dollar”.
Q.İbadoğlu həmin maxinasiyaları daha geniş şəkildə əks etdirən cədvəli də təqdim edib. Nəzərə çatdıraq ki, idxal əməliyyatları zamanı həyata keçirilən maxinasiyalarla bağlı iqtisadçılar tərəfindən bir neçə dəfə rəqəmlər açıqlanıb, həyəcan təbili çalınıb. Lakin fakt bundan ibarətdir ki, bu sahədə bir durulma getmir.
Bu da səbəbsiz deyil. Çünki Azərbaycana xaricdən böyük həcmdə mal gətirən şəxslərin demək olar ki, hamısı yüksək vəzifə tutan məmur-oliqarxlardır. Onlar zəncirvari şəkildə bu prosesi həyata keçirirlər və idxal olunan malların alış qiymətini, çəkisini, həcmini dəfələrlə azaldırlar. Məsələn, tutaq ki, Rusiya gömrüyündə 100 ton rəsmiləşdirilən mal Azərbaycan gömrüyündə 20 ton kimi göstərilir. Bu zaman gömrük və vergidən yayınmalar baş verir.
Nəzərə çatdıraq ki, son illərdə daha çox maxinasiya Çin, Rusiya və Türkiyədən həyata keçirilən idxalda baş verir.
Ekspertlər bildirir ki, bu maxinasiyaların aradan qaldırılması üçün idxal zamanı rəsmiləşdirmə və gömrük qeydiyyatı prosesini həyata keçirmək “Asan Xidmət”ə həvalə olunmalıdır. Bununla bağlı layihə də hazırlanıb, ancaq onun nə zaman gerçəkləşəcəyi haqda bilgi yoxdur.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?