Rusiya hüquq-mühafizə orqanları Moskvadakı restoranlardan birində keçirilən “sxodka”ya-kriminal avtoritetlərin toplantısına basqın təşkil edib.
gundemxeber.az saytı xəbər verir ki, Rusiya DİN-in mətbuat xidməti əməliyyatda 50 kriminal avtoritetin yaxalandığını açıqlayıb. Onların hamısı azərbaycanlılardır.
Saxlanılanlar arasında 54 yaşlı Azərbaycan vətəndaşı, “Qara Yunus” ləqəbli Yunus Nəzərov da var. İstintaqın bildirdiyinə görə, kriminal avtoritetlər restorana “obşak” üçün pulların yığılması məsələsini və vəsaitlərin bölüşdürülməsini, habelə həbsxanada cəza çəkən kriminal elementlərin maliyyələşdirilməsini müzakirə ediblər.
Əməliyyatı Rusiya DİN-in Baş cinayət axtarış idarəsi nazirliyin “Rıs” xüsusi təyinatlı dəstəsi ilə birlikdə keçirib.
“Praym Crime” agentliyinin məlumatına görə, sxodka Moskvanın Altaysk küçəsindəki “Neolit” kafesində keçirilirdi. Saxlanılanlar hamısı Yunusun adamları olub və bildirilir ki, onlar azərbaycanlı kriminal avtoritetin iki gün əvvəl tamam olan ad gününü qeyd etmək üçün toplaşıblar.
Kriminal aləmdə həm də “Yunus Yasamalski” kimi tanınan Yunus Nəzərov əvvəllər 20 il həbs cəzası çəkib. Məlumata görə, bu dəfə o, həbsdə yatmalı olmayacaq. Y.Nəzərovu Rusiyada qeyri-leqal qaldığı məlum olub və o, Federal Miqrasiya Xidmətinə təhvil verilib. Gözlənilir ki, onu Azərbaycana deportasiya edəcəklər.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?