Rafiq Hüseynov özündən əvvəlki icra başçısı Qəzənfər Ağayevin qanunsuz əməllərini davam etdirir
gundemxeber.az Masallı rayon Ziyalılar Birlyinin bir qrup üzvü rayon rəhbərliyinin qanunsuz əməlləri ilə bağlı mətbuat konfransı keçirib. Birliyin sədri Məmmədağa Eynullayev bildirib ki, bu ilin aprelində rayona icra başçısı təyin edilən Rafiq Hüseynov özündən əvvəlki icra başçısı Qəzənfər Ağayevin qanunsuz əməllərini davam etdirir. Onun sözlərinə görə, rayonda geniş miqyasda quruculuq və ya abadlıq işləri yoxdur. Rayonda quruculuq adına iki il öncə təmir edilmiş İcra Hakimiyyətinin binası yenidən təmir edilib, yenicə tikilmiş Heydər Əliyev Mərkəzi sökülərək 50 metr kənarda tikilib, yol kənarlarına hasar çəkilir. Rayonda təhsilin ağır duruma düşməsi xüsusi vurğulanıb. Təhsil şöbəsinin müdiri Aslan İlyasovun təyinata qədər mal-qara alverçisi olmasına diqqət çəkilib. İcra Hakimiyyəti səviyyəsində isə təhsil bir saat belə dərs deməmiş humanitar şöbənin müdirinin nəzarətindədir. Təhsil şöbəsinin korrupsiya yuvası olduğu qeyd edilib. Sənədlər üzərində yollar təmirli olsa da gerçəkdə palçıq əlindən tərpənmək olmur. Hər həftənin cümə günü icra başçısının qəbul günü olsa da buna riayət olunmur və icra başçısı vətəndaşları qəbul etmir. Təsadüfən qəbuluna düşən vətəndaşlarla isə kobud davranır. İcra Hakimiyyətinin hüquq şöbəsi ictimai fəallığına görə Ziyalılar Birlyinin üzvlərini izləməkdə ittiham edilib. R.Hüseynov siyasi savadsızlıqda ittiham edilib. Belə ki, birlik üzvü Ramil İbadullayev icra başçısının yadına salıb ki, gələn il prezident seçkisidir və əhalini iqtidardan narazı salmaq olmaz. »Cənab prezidentin sizin səsinizə ehtyacı yoxdur», - R.İbadullayev icra başçısının cavabını konfransda səsləndirib. Qeyd olunub ki, rayon sakinlərindən pul toplamaq üçün rəsmi qurumlar mağaza və digər obyekt sahiblərindən mülklərinin »müasir tələblərə» cavab vermədiyi üçün sökülməsini tələb edib. Sahibkarlar rüşvət verməklə bundan yaxa qurtarıblar. Rayon məhkəmə sədrinin yaş və xidmət müddətinin başa çatmasına baxmayaraq, hələ də vəzifədə qalması onun icra başçısının yerlisi olması ilə əlaqələndirilib. Birlik üzvləri rayonda durumun belə davam etməsinə seyrçi qalmayacaqlarını, müxtəlif tipli aksiyalara əl atacaqlarını bildiriblər. Həm də birlik üzvlərinin təqib, şantac yolu ilə həbsləri baş verərsə, buna görə rayon rəhbərliyinin məsuliyyət daşıyacağı nəzərə çatdırılıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?