Bakı Apelyasiya Məhkəməsində “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə (ASC) qarşı mülkiyyətin dövlət ehtiyacları üçün özgəninkiləşdirilməsi ilə əlaqədar kompensasiyanın və dəymiş zərərin əvəzinin ödənilməsi barədə iddiaya hakim Elnur Həsənovun sədrliyi ilə baxılıb. Bu barədə “Gündəmxəbər”ə Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının vəkili Azər Quliyev məlumat verib. A.Quliyev bildirdi ki, Bakı Apelyasiya Məhkəməsi Yasamal Rayon Məhkəməsinin qərarını qismən dəyişib. Belə ki, məhkəmə cərimənin “Azərsu” ASC deyil, Oğuz rayon İcra Hakimiyyəti tərəfindən ödənilməsi haqqında qərar verib. Beləliklə, icra hakimiyyəti iki mülkiyyətçiyə 100 min manatdan çox cərimə ödəməlidir. A.Quliyevin sözlərinə görə, Yasamal rayon Məhkəməsi isə Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilişi ilə bağlı, Qəbələ rayon sakini olan iki nəfər torpaq mülkiyyətçisinin iddiası üzrə cərimələmişdi. Lakin həm iddiaçılar, həm “Azərsu”, həm də Oğuz rayon İcra Hakimiyyəti qərardan narazı qalmışdı: “Sifarişçi “Azərisu” olduğundan cərimənin Oğuz rayon İcra Hakimiyyəti tərəfindən ödənilməsi narazılıq yaradıb. Buna görə də hər üç tərəf apelyasiya şikayəti verəcək”. Vəkilin sözlərinə görə, hazırda daha 7 iddiaçının işinə baxılır: “Şəki İnzibati İqtisad Məhkəməsində, Yasamal və Nəsimi rayon məhkəmələrində “Azərsu”ya qarşı kompensasiya və dəymiş zərərin ödənilməsi üzrə iddiaya baxılır. Məhkəmə mülkiyyətçilərin iddiasını təmin edərsə, “Azərsu” daha 5 iddiaçıya təxminən 200 min manatdan artıq cərimə ödəməli olacaq”. Onu da xatırladaq ki, Nazirlər Kabinetinin 24 fevral, 2006-cı il tarixli, 42S saylı sərəncamına əsasən, Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilməsi layihəsinin idarə edilməsi və sifarişçi funksiyalarının icrası “Azərsu” ASC-yə həvalə edilib. 2010-cu ildə kəmərin rəsmi açılışı olub. Su kəməri Azərbaycanın 8 rayonunun ərazisindən keçir. 3257 torpaq mülkiyyətçisinin əksəriyyəti hələ də kompensasiya ala bilməyib. Topaq mülkiyətçilərinə dəyən ziyan 1 milyon manata yaxındır.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?