“Ali Məhkəmənin Mülki Kollegiyası Nazpəri Dostəliyevanın mənə 25 min manat cərimə ödəməsi barədə qərar qəbul edib”.
Bunu APA-ya açıqlamasında xalq artisti İlhamə Quliyeva deyib. İ. Quliyeva bildirib ki, buna baxmayaraq Nazpəri Dostəliyeva məhkəmə qərarını icra etmir: “Nazpəri Dostəliyeva qaçıb gizlənir, yaşayış yerini dəyişir ki, qərarı icra etməsin. Ağlayır, sızlayır ki, pulum yoxdur. Bilirəm ki, Yasamal rayon Polis İdarəsinin əməkdaşları guya onun axtarışındadırlar. Lakin heç bir iş görmürlər. Məhkəmənin qərarı ötən ilin iyul ayında elan edilib. Mən o pulu kimsəsizlərə, Qarabağ müharibəsi əlillərinə verməyi düşünürəm. Mən xahiş edirəm bu işə ciddi yanaşsınlar və oyun oynamasınlar. Bu qanundur və qanuna qarşı çıxmaq olmaz. Guya Yasamal rayon Polis İdarəsinin əməkdaşları onu tutub bölməyə gətirməlidirlər. Xahiş edirəm bu işi görsünlər. Məhkəməni udmuşam. Onun qolunun qandallanıb polisə gətirilməsi barədə qərar var. Qanun yolu ilə cərimənin hamısı ödənilməlidir. Bu mənim yekun sözümdür. Bizim qanunlarımız var. Xahiş edirəm uduzduğunu ödəsin. Çünki o məbləği mən yox, yetim-yesir gözləyir. Onu hissə-hissə ödəyə bilməz”.
Xalq artisti Nazpəri Dostəliyeva isə APA-ya açıqlamasında bu məsələ ilə bağlı danışmaq istəmədiyini deyib: “Bu məsələ barəsində danışmamışam və danışmayacağam. Xahiş edirəm vəkilimlə əlaqə saxlayın”.
N. Dostəliyevanın vəkili Səyyad Mirzəyev isə APA-ya açıqlamasında bildirib ki, N. Dostəliyeva yaşayış yerini dəyişməyib: “Nazpəri xanım həmin ünvanda yaşayır. Bütün bunlar yalandır, dezinformasiyadır. Sadəcə, biz həmin məsələ ilə bağlı Ali Məhkəməyə müraciət etmişik ki, qərarın icra mexanizmi müəyyən olunsun. Hazırda məhkəmənin qərarını gözləyirik. Bununla bağlı qərar olandan sonra məhkəmə qərarı icra olunacaq”.
Qeyd edək ki, ötən il iyulun 23-də Ali Məhkəmədə xalq artisti Nazpəri Dostəliyevanın xalq artisti İlhamə Quliyevaya qarşı kassasiya şikayətinə baxılıb. Məhkəmə N. Dostəliyevanın İ. Quliyevaya 25 min manat təzminat ödəməsi barədə qərar qəbul edib.
Xatırladaq ki, İ. Quliyeva N. Dostəliyevaya qarşı iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edib. İddiada İ. Quliyeva N. Dostəliyeva tərəfindən şərəf və ləyaqətinin alçaldıldığını, işgüzar nüfuzuna zərər vurulduğunu bildirib. İddiaçı cavabdehdən maddi zərərə görə 200 min, mənəvi zərərə gör 500 min manat tələb edib. Lakin məhkəmə iddianı qismən təmin edərək N. Dostəliyevanın 50 min manat cərimə olunması barədə qərar çıxarıb. Həmin qərarla razılaşmayan N. Dostəliyeva isə apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib. Həmin qərardan N. Dostəliyevanın vəkili kassasiya şikayəti verib. Ali Məhkəmə isə təzminatı 25 min manata endirib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?