12 saylı Cəzaçəkmə Müəssisəsində saxlanan Bayram Abdullayevə şikayət etdiyi üçün psixoloji işgəncə verildiyi və yeri dəyişdirilmədiyi iddia olunur; məhkumun bacısı prezidentdən kömək istəyir
Azərbaycan cəzaçəkmə müəssisələrində şərait barəsində hər kəs məlumatlıdır. Penitensiar Xidmətə Mədət Quliyev rəis təyin olunduqdan sonra, bir sıra müsbət islahatlar həyata keçirilib. Ancaq bununla belə problemlər də qalmaqdadır.
Həbsxanalardakı istər saxlanma şəraiti, istər qida, istərsə də məhkumlarla rəftar elə Avropa səviyyəsinə çata bilməyib. Hətta Norveçdə 77 nəfəri qətlə yetirən radikal sağçı - terrorist Breyvik belə komfort bir məhbəsdə saxlanılır. Onun olduğu yer Bakıda hotelə bənzəyir. Bununla belə M.Quliyevə ümidlər var ki yaxın illərdə müəyyən addımlar atacaq.
Ancaq problemlərin həlli birdəfəlik reallaşacaqmı bəlli deyil. Redaksiyamıza Şəmkir rayonu, Həzi Aslanov küçəsi, ev 82- də yaşayan Seyranə Abdullayeva müraciət edib. Şikayət məktubunda Şəmkir sakini həbsdə olan qardaşından nigaranlığını ifadə edib. Onun sözlərinə görə, qardaşının saxlanma şəraiti ürəkaçan deyil və psixoloji işgəncə mühitindədir.
“Gündəm-xəbər”in redaksiyasına göndərilən məktubda qeyd olunur ki, yalnız prezident köməklik göstərə bilər: “Bu şikayətimdə Sizə bildirirəm ki, artıq 5 aydır ki, qardaşım məhkum Abdullayev Bayram Oruc oğlu 12 saylı Cəzaçəkmə Müəssisəsində cəza yox əzab-əziyyət, psixoloji işgəncə çəkir. Bu barədə 12 saylı CÇM-nin rəisi Rauf Məmmədov və onun müavini Qaçay Aslanov qəsdən, qərəzli olaraq heç bir tədbir görmürlər.
Məqsəd isə qardaşımdan qisas almaq üçün onu təxribata çəkməkdir. Belə ki məhkum Tağıyev Elçinlə qardaşım Bayramın aralarında qərəzçiliyin olmasına baxmayaraq onları bir yataqxanada, eyni kupedə saxlayırlar.
Bu da təxribatdır. Bayram bu məhkumla düşməndir, aralarında qərəzçilik var .Bunun axırı ölümlə, ağır xəsarətlə qurtara bilər ki, müəssisə rəhbərliyi də bunu istəyir. Baxmayaraq ki, bu barədə çoxlu sayda şikayətlər etsəm də, müəssisə rəhbərliyi, Penitensiar Xidmət heç bir tədbir görmür”.
Şikayətçi daha sonra əlavə edir: “Bu özbaşınalıqdır, qanunsuzluqdur. Bunun qarşısı alınmalıdır. Mən şəxsən bu barədə Penitensiar Xidmətin qaynar xəttinə, Ombudsmana, İctimai Komitəyə müraciət etsəm də, heç bir tədbir görülməmişdir.
Bu qanunsuzluğun başında 12 saylı CÇM-nin korrupsiyaya qurşanmış rəisi Rauf Məmmədov və onun müavini Qaçay Aslanov dayanır. Bizim ailəmiz buna görə çox narahatıq. Tədbir görülməsə ciddi təhlükəli hadisə baş verəcək.
Qeyd edim ki, 12 saylı CÇM-də baş alıb gedən qanunsuzluq, işgəncə və özbaşınalıq faktları barədə qardaşım bu ilin iyun ayında mətbuata şikayətlər etdiyi üçün, rəhbərlik bu yolla ondan qisas alır. Həmin vaxt qardaşımdan mətbuatda yazılanları təkzib edilməsi barədə ərizə yazılması tələb olundu.
Ancaq qardaşım buna etiraz etmişdir. Bu müəssisədə işgəncə, qanunsuzluq, korrupsiya baş alıb gedir. Qardaşım Bayram da, ailəmiz də Penitensiar Xidmətin rəisi Mədət Quliyevə dəfələrlə ərizə ilə müraciətlər edib, Şəki Penitensiar Müəssisəsinə köçürülməsinə köməklik göstərməsini xahiş etmişdik. Ancaq həmin ərizəmizə cavab verilsə də, indiyədək köçürülmə icra edilməmişdir”.
S.Abdullayeva yazır ki, Şəki Penitensiar Müəssisəsinə məhkumların köçürülməsi isə rüşvətlə həyata keçirilir: “Mən mətbuat vasitəsi ilə cənab Prezident İlham Əliyevə müraciət edirəm. Cənab Prezident ailəmiz adından Sizdən xahiş edirik ki, həyat və sağlamlığı ciddi təhlükədə olan qardaşım məhkum Bayramın 12 saylı CÇM-dən Şəki Penitensiar Müəssisəsinə köçürülməsinə köməklik göstərəsiniz. 12 saylı CÇM-də baş alıb gedən korrupsiya, qanunsuzluq və özbaşınalıq faktının obyektiv araşdırılıb tədbir görülməsinə göstəriş verəsiniz”. Yazıda adıçəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?