Nurəddin Məmmədli: “İqtidarla separat danışıqlara getməyən qüvvələr Milli Şurada cəmləşib”
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini, professor Nurəddin Məmmədlinin müsahibəsini təqdim edirik.
- Nurəddin bəy, 2015-ci il həm də seçki ilidir. Seçki ilində ictimai-siyasi vəziyyəti necə qiymətləndirirsiniz? - Azərbaycanda hər hansı bir sahədə vəziyyətin yaxşılaşdığını iddia etmək fikrimcə, doğru deyil. Mən hesab edirəm ki, indiki komandanın iqtidarda olduğu bütün dövrlərdə azərbaycan xalqı daha böyük repressiyalarla üz-üzə qalacaq. Bu gün artıq əvvəlki illərdən fərqlənir. Məsələn, indi artıq cəmiyyətin demokratiya istəyən bütün kəsimlərinə qarşı, sanki amansız davranış müşahidə olunmaqdadır. Əgər, əvvəlki dönəmlərdə bu davranış daha çox siyasilərə qarşı ifadə edilirdisə, hazırkı dövrdə mətbuat sektoruna, qeyri hökumət təşkilatlarının ayrı-ayrı nümayəndələrinə münasibətdə repressiya baş verir. Hətta sosial şəbəkələrdə müxalifət nümayəndəsinə səs vermək istəyini ifadə edən gənclərə qarşı repressiya da baş verir. Uzun illərdir ki, beynəlxalq təşkilatlar, o cümlədən ATƏT-in seçkilər layihəsinə rəhbərlik edən Venesiya Komissiyası həm seçki qanunda, həm də seçki komissiyalarının tərkibinin dəyişdirilməsi istiqamətində, Azərbaycan hökuməti qarşısında tələblər irəli sürüb. Ancaq hökumət bu istiqamətdə heç bir pozitiv addım atmayıb. Odur ki, hazırda Azərbaycan müxalifətinin qarşısında duran əsas vəzifələrdən biri seçki mühitinin demokratikləşdirilməsi, habelə Seçki Məcəlləsinin ədalət seçkilər keçirməsinə imkan verən varianta gətirilməsi istiqamətində olmalıdır. Şəxsən biz bu sahədə əlimizdən gələni edirik. Həm beynəlxalq təşkilatlarla əlaqə saxlayırıq, həm də daxildən təzyiqlərin artırılması üçün zəruri olan addımları atmaq niyyətindəyik. Hazırda əsas fəliyyət bu istiqamətdə olmalıdır. Əks halda seçkilərdə iştirak etmək olsa da, onun nəticələrinin reallığı əks etdirməsinə nail olmaq çətin olar. - Hazırda Azərbaycanda müxalifətin sərhədləri konkret bəllidirmi? - İndiki iqtidarın mövcud olduğu bütün dövrlərdə müxalifətin uğur əldə etməsindən danışmaq mümkündürsə, birinci növbədə qeyd edilməli məsələ müxalifətdə suların durulması prosesinin başa çatdığını söyləməkdir. Çünki uzun illər ölkədə əhalinin intellektual kəsimi, eləcədə siyasətdə uzaq olanlar, həmçinin beynəlxalq təşkilatlar Azərbaycanda müxalifətin çox dağınıq və pərakəndə olmasına dair əndişələrini dilə gətirirdilər. Əksər vaxt da hətta müxalifətə dəstək verilməməsinin səbəbi kimi müxalif düşərgənin birləşə bilməməsi göstərilirdi. İndi hesab edirəm ki, müxalifətdə artıq diferensiallaşma prosesi artıq başa çatıb. Və bu gün ölkədə ikiqütblü siyasi sistem formalaşıb. Mənim şəxsi qənaətimə görə, bu sistemin bir tərəfində İlham Əliyevin idarə etdiyi iqtidar, digər tərəfində isə Milli Şurada təmsil olunan təşkilatlar durur. Bu gün artıq cəmiyyətdə müxalifətin birləşməsi zərurəti və bunun alınmadığı üçün tənqidlər mövcud deyil. Həm də açıq görünür ki, əvvəlki illərlə müqayisədə indi cəmiyyət də müxalifətin birləşməsinə dair sosial sifarişi hiss edilmir. Şəxsən əvvəlki illərdən fərqli olaraq bu haqda mənə nə irad tutan, nə də sual verənlər var. Bu da, o deməkdir ki, artıq cəmiyyətdə diferensiallaşma prosesinin başa çatması haqda ciddi qənaət var. - Sizcə Milli Şurada müxalifət hesab etdiyiniz təşkilatlar və partiyalar varmı? - Müxalifətçilik özünü hansısa formda təqdim etməklə bağlı deyil. Müxalifətçilik rejimə qarşı mübarizə ilə ifadə olunur, eləcə də, cəmiyyətdəki ictimai-siyasi fəaliyyətlə müəyyən edilir. Mən hesab edirəm ki, bu gün psevdo müxalifət qrupları kifayət qədər çoxdur. Və demokratikləşmə ilə bağlı mübarizə aparmaq istəyən, hakimiyyətlə hər hansı bir separat danışıqlar prosesində olmayan yeganə qüvvələr, İctimai Palatada fəaliyyət göstərirdi. Sonradan bu qurum bir qədər təkmilləşdirildi və nəhayətdə Milli Şuranın yaradılmasına nail olundu. Bu zaman Milli Şurada çoxlu sayda qüvvələr təmsil olundu. Zaman və hakimiyyətə münasibətlər konteksində, müəyyən qüvvələr Milli Şuradan getdi. Siz də bilirsiniz ki, Milli Şura və onun apardığı prosesi dağıtmaq cəhdləri də baş verdi. Milli Şuranın Rusiyanın projesi kimi təqdim etməyə çalışdırlar, ciddi böhtan kampaniyasına rəvac verildi. Ancaq biz Milli Şuranı qoruya bildik və Milli Şura
vasitəsilə də Azərbaycanda iqtidar-müxalifət diferensiallaşma prosesi sona çatdı. Əlbəttə, indi heç kim iddia etməz ki, bu gün psevdo müxalifət partiyaları nəzdində və yaxud yeni müxalifət qruplarının meydana gəlməsi müşahidə olunmayacaq. Fikrimcə, bu mümkündür. Ola bilsin ki, Milli Şuradan da güclü birliklər formalaşa biləcək. Amma bu gün demək olar ki, real müxalifətçilik mövqeyini ortaya qoyan başqa təşkilatlar yoxdur. - Milli Şura ilə Müsavat Partiyasının əməkdaşlığına dair müəyyən söz-söhbətlər gəzir. Bu istiqamətdə hansı yeniliklər var? - Bu məsələyə münasibət bildirilib. Bəlli olduğu kimi Müsavat Partiyasının başqanı Arif Hacılı AXCP sədri Əli Kərimliyə müraciət etmişdi və bu məsələlər də tərəflər arasında müzakirə olunmuşdu. Sizə deyim ki, bu gün AXCP və bütövlükdə Milli Şura ilə Müsavat Partiyası arasında fikir müxtəlifliyi var. Ona görə də, bu məsələlər müzakirə edilərək qərar verilməyib. Ancaq mənim öz şəxsi qənaətimcə, Müsavat Partiyasının indi yürütdüyü siyasətlə belə bir əməkdaşlığı mümkün hesab etmirəm. - Azərbaycan hakimiyyətinin Qərblə münasibətləri necədir, bununla bağlı da mətbuatda ziddiyyətli fikirlər səsləndirilir... - Prinsip etibarı ilə, bu gün Azərbaycan hökumətinin qərb ölkələri ilə apardığı siyasəti siyasi məntiqlə izah etmək qeyri mümkündür. Birincisi, bu siyasətdə çox böyük ziddiyət mövcuddur. Bir tərəfdən qərb dünyasına qarşı ittihamlar, onları ikilistandartlara görə ittiham edirlər. Sən demə qərb dünyası terror mərkəzdir. Qərb dünyasını dünyanın düzənini pozan mərkəzlər kimi təqdim edilir. Digər tərəfdən də, böyük pullar hesabına Amerikada və Avropada olan lobbi strukturları vasitəsilə. Həmçinin müxtəlif nümayəndə heyyətlərini səfərlərə göndərməklə qərbə yaxın olduqlarını, müttəfiqlik münasibətlərinin pozulmadığını təsdiq etməyə çalışırlar. Təbii ki, bu cür yanaşma səbəbsiz deyil. Burada çaşqınlıq elementlərinin mövcud olduğunu da görmək olar. Amma bu çaşqınlıq elementlərindən savayı, həm də prosesin özündən də qaynaqlanır. Yəni Azərbaycan hakimiyyətinin Rusiya qorxusu var, Moskvanın qarşısında az qala təslimçilik mövcuddur. İş o yerə çatıb ki, Azərbaycanın ərazi bütövlüyü Rusiyanın bilavasitə iştirakı ilə pozulduğu halda, Kremlinin Ukraynadakı istilaçı hərəkətlərinə haqq qazandırırlar. Bu dərəcədə ifrat qorxu Azərbaycan siyasətində özünü büruzə verir. Bu qorxu nəticəsində bir tərəfdən Rusiya ilə əməkdaşlığın xilas yolu olmadığını hiss edib qərbə yaxınlaşmağa çalışırlar, o biri tərəfdən də Kremlin təzyiqi altında qərb dünyasını tənqid etməkdə davam edirlər. Bunun da əsas səbəbi odur ki, Heydər Əliyev tərəfindən əsası qoyulan və uzun illər ciddi şəkildə işləyən balanslaşdırma siyasəti artıq işləmir. İllər əvvəl həm Rusiya, həm də qərb dünyasına istədiklərini verməklə hakimiyyətlərinin ömrünü uzada bilirdilər. Amma bu gün qərb dünyası da, Moskvada bizim hökumətdən öz siyasətində birmənalı istiqamət tələb edirlər. “Ya bizimləsən, ya da bizim düşmənimizsən” prinsipi, Azərbaycan hakimiyyəti qarşısında qoyulub. Bu da ciddi çaşqınlığa səbəb olub. Mən hesab edirəm ki, ölkənin strateji maraqları qərbə inteqrasiyadan keçir. Qərbə qarşı atılan addımlar dövlətçiliyimiz üçün təhlükə təşkil edir və hakimiyyət nə qədər tez bunu anlasa, Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi və inkişafı istiqamətində uğurlar da bir o qədər çox olacaq. - Hakimiyyət Rusiyadan qorxur, yoxsa burada bir çox faktorlar, o cümlədən Rusiyada milyonlarla soydaşımızın olduğunu nəzərə alır... - Məncə, Rusiyanın təzyiqi və qorxsu altında qərbə qarşı tənqidlər baş verir. Düzdür, burada müəyyən məqamda hakimiyyətlə bağlı maraqları var. Rusiyanın qorxusu gözündə qərbi öz iradələrinə tabe etdirmək, “sizə nə istəyirsiniz verəcəyik, bir şərtlə ki, bizdə demokratiya və insan hüquqlarına hörmət tələb etməyin” iradəsini qəbul etdirmək istəyirlər. Azərbaycan hakimiyyəti bu millətlə necə davrandığının fərqindədir. Odur ki, despotik metodlardan əl çəkmir, hakimiyyətin ömrünü uzatmağa çalışırlar. Həm də istəyirlər ki, qərb dünyası bunların iradəsi ilə razılaşsın. - Razılaşacaqmı? - Qətiyyən yox. İyirmi il əvvəl dünyada 42 diktatura və ya avtoritar rejimlər mövcud idi. İndi onların sayı 19-a enib. Bu tendensiya nə Azərbaycan hakimiyyətindən, nə də biz müxalifətçilərdən asılı deyil. Bu, dünyanın gələcək mənzərəsini özündə əks etdirən qlobal
siyasətin tərkib hissəsidir. Diktaturalar artıq mövcudluğunu tükəndirir. Düzdür, bu proses çox ağrılldır, heç də bütün hallarda xalqları xoşbəxt etmir. Amma bu tendensiyanın da alternativi yoxdur. Dünya demokratikləşəcək. Xüsusilə qeyd olunmalı odur ki, uzun illər aparılan danışıq və müzakirələrdən sonra, Azərbaycan Avropanın coğrafi tərkibi kimi təsdiq edilib. Avropa Birliyi özünün qərarında Avropanı Xəzər dənizinin sahillərinə qədər olan regionu əhatə etdiyini rəsmiləşdirib. Bu o deməkdir ki, Azərbaycan Avropadır, burada gec-tez Avropa normaları bərqərar olacaq. Bu prosesi heç kim dayandıra bilməz. Sadəcə olaraq bu gün müəyyən geopolitik maraqlar, regionda qüvvələr nisbətinin dəyişməsi, başlıcası xalqın davranışları prosesini ləngidə və tezləşdirə bilər. Ancaq ümumilikdə bu proses heç zaman dayanmayacaq. - Milli Şura parlament seçkilərində iştirak edəcək? - Parlament seçkisində iştirak iddiası yüksəkdir. Biz istənilən qanun çərçivəsində seçkilərin verdiyi imkanlardan bəhrələnərək, hakimiyyətin siyasətini açmaq iddiasındayıq. Görsək bizim iddialarımızı reallaşdırmaq üçün imkan və şərait yoxdur, bu halda təbii ki, seçkilərin boykotu istisna edilmir. Konkret olaraq hansı variantın seçilməsi hakimiyyətin davranışlarından və beynəlxalq təşkilatların bu davranışa reaksiyasından asılıdır. Mən hesab edirəm ki, seçkilərdə iştirak etmək ehtimalı daha yüksəkdir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?