Qarabağ uğrunda döyüşən ehtiyyatda olan zabitimiz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi arasında qalıb...
Niyə heç kəs döyüşçü Fədai Əsədovun qayğısına qalmır?..
Bu günlərdə bir neçə dəfə Dağlıq Qarabağ uğrunda döyüşən, Azərbaycanın Milli Qvardiyasında xidmət edən Əsədov Fədai Babaş oğlunun acınacaqlı həyatından və onun əvvəl Cənab Prezident İlham Əliyevə, daha sonra Səlim Müslümova olan müraciətini vermişdik. Həmin insanın bütün həyatını, yaşayışını da, yazıb həm oxucuların, həm də adiyyatı orqanların nəzərinə çatdırmışdıq. Düzdür, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbəri, cənab nazir Səlim Müslümova müraciətdən sonra həmin nazirliyin əməkdaşı Çingiz Əliyev acınacaqlı vəziyyətdə yaşayıb cəmi 30 manat müavinət alan ehtiyyatda olan zabitimiz Fədai Əsədova zəng açıb gözəl tövsiyyə də vermişdi. Bildirmişdi ki, “sizin əlacınız Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun əlindədir”. Bizdə bu tövsiyyəni olduğu kimi yazıb Əli Həsənova çatdırmaq istədik. Amma nə Əli Həsənov cənablarından, nə də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən bir xəbər çıxmadı. Cənablar! Öləndən sonra adına min kitab yazıb, abidə qoyub, şəhid, qəhrəman adı verib hər il qara torpağa verdiyimiz döyüşçülərimizi xatırlamaq savabdır, həm də borcumuzdur. Amma sağ ikən ölməyə məhkum etdiyimiz döyüşçüləri görəsən kim düşünəcək? Bəzilərimizin qohum-əqrəbasını, kol dibində gizlədərkən, Fədai Əsədov öz ailəsini, anasını, atansını, torpağını, vətənini, bizi və elə siz kürsülüləri qorumaqdan ötrü Qarabağ uğurunda döyüşüb. Azərbaycanın Milli Qvardiyasında xidmət keçmiş bir zabitin bu gün 30-40 manat müavinət alması nə qədər doğrudur. Biz torpağı düşmən tapdağı altında olan və hələ də müharibə şəraitində yaşayan bir dövlət olaraq, gənc nəsili beləmi, tərbiyyə edirik? Axı Fədai Əsədovun bu yaxınlarda həyatdan köçmüş atası da, ikinci dünya müharibəsinin veteranı olub... Fədai Əsədov Laçın rayonundan olan məcburi köçkün kimi, bir döyüşçü kimi və bir ehtiyyatda olan zabit kimi 30 manat müavinət alması, sabahın gəncinə necə təsir bağışlayar? Ulu Öndər Heydər Əliyev deyirdi ki, əsgər və döyüşçü yaxşı şəraitdə yaşamalıdır. Ölməz şəxsiyyət bunun üçün əlindən gələni də edirdi. Düzdür, həmin qayğıdan hər zaman məhrum olan Fədai Əsədov bu günə qədər heç kəsə müraciət etməyib. Amma sonradan veteran atasının gözü önündə şam kimi əriməsinə seyrici qaldığından özünə gələ bilməmiş, indi də yataq xəstəsi olan anasına heç bir yardım edə bilmədiyindən müraciət etdi. Böyük ailə sahibi olan, üç əsgər yetişdirib hərbi xidmətə yollayan ata, yurd-yuvasından köçgün düşən azərbaycanlı, xəstə anasını seyr etməyə məhkum olan bir oğul, siz deyin bu gün nə etməlidir? O da, bu vətən üçün döyüşdüyünü fəxarətlə demək və ona olunan hörməti duymaq istəyir. O da, öz dövlətinin onun pis günündə ona arxa dayaq çıxmasını istəyir. Məgər bir döyüşçü öz dövlətindən bundan başqa nə istəyə bilər ki? Axı o vaxtilə bizləri qorumaq üçün döyüşüb...İndi isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Fədai Əsədov kimi vətəninə bağlı bir döyüşçünün müraciətini Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənova istiqamətləndirilməsi,
bunun da Əli Həsənov cənablarının diqqətindən yayınması sadəcə bir döyüşçünün dövlətinə olan inamını və güvənini deyil, yurd-yuvasından köçkün bir ailənin, yataq xəstəsi olan bir ananın ümidlərini də puç etdi... Axı nə üçün dövlətin ümidinə qalmış bir qaçqın soydaşımız, bu gün boynu bükük halda “Qarabağ uğrunda döyüşmüşəm...” deməlidir? Xaricdən gələn qonaqları ilk öncə apardığımız yerin Şəhidlər Xiyabanı olduğu halda, sağ ikən hörmət etdiyimiz döyüşçünün Fədai Əsədov kimi yaşadığını və 30 manat müavinət aldığını həmin qonaqlara danışan varmı? Görəsən həmin qonaqlar, həyatda olan bir qəhrəmanın bu cür yaşadığnı bilsə, Fədai Əsədovu ziyarət edərlər, ya Şəhidlər Xiyabanını?
“Gündəm Xəbər” bu məsələni yalnız döyüşçümüz Fədai Əsədovun deyil, bütün xalqımızın döyçüsünün məsələsi hesab edərək, onların problemlərini gündəmdə saxlayır. Ümid edirik, cənab Əli Həsənov bizim səsimizi duyacaq və haqq-ədalət bərqərar olacaq! Biz Əli Həsənovun bu yazımıza biganə olmayacağına inanmaq istəyirik! İnanaq ki, gələn sayımızda biz Fədai Əsədovla bağlı ictimaiyyətə problemli xəbərlər çatdırmayacağıq!
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?