Mehriban Abbasquliyevanın hakim partiyanın rayon təşkilatı sədri vəzifəsindən uzaqlaşdırmaq istəyirlər
YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyevanın baş həkimi olduğu Sabunçu rayonu, Bakıxanov qəsəbəsindəki 2 saylı Doğum Evində vəziyyət dözülməz həddə olduğu haqda ötən saylarımızın birində yazı dərc etmişdik.
Bu barədə «Gündəm Xəbər»ə verilən məlumatda bildirilirdi ki, Mehriban Abbasquliyeva dövlət xəstəxanasında palataları həkimlərə, sonuncular da xəstələrə satır. Belə ki, palatalar xəstəxanada çalışan həkimlər tərəfindən bir növ özəlləşdirilib. Bundan əlavə, bir az əvvəl saytlarda yayıldığı kimi, 2 saylı doğum evində “yaxşı palatalar”da qalmağın qiyməti 6 gun üçün 100 manatdır. “Pis palatalar”da qalmaq isə ümumi “haqq”a daxildir. Sanitarların dediyinə görə, “yaxşı” palatalar istilik sistemi, kondisioner, yaxşı yorğan-döşək, soyuducu, səliqəli tualet və sair keyfiyyətlərlə fərqlənir.
Məlumata görə, xəstəxanada doğuşun da adamına görə «qiyməti» dəyişir: «Xəstəxanaya daxil olan xəstənin vəziyyətinə uyğun qiymət oxuyurlar. Məsələn, imkansızdan ən azı 500 alırlarsa, varlı xəstənin qohumunu müxtəlif variantlarla soyurlar. Həkimlər daha çox pul alıb, Mehriban Abbasquliyevanın qoyduğu «planı» doldurmaq üçün bəzən xəstələrə qarşı «genosid» də aparırlar. Yəni xəstəni və yaxınlarını qorxudub, deyirlər ki, bəs təbii doğuş aparıla bilməz. Guya bu zaman ana və ya uşağın həyatı təhlükəyə girəcək. Beləliklə, əksər vaxtı 700-800 manata apardıqları təbii doğuşu keysəriyyə variantına çevirib, bundan iki dəfə artıq qazanc əldə edirlər».
Müsahibimiz onu da bildirir ki, hakim partiyadakı vəzifəsinə arxayın olan baş həkim xəstəxanada nümayişkarənə davranışları ilə də seçilir: «O, bir neçə ay əvvəl vəzifədən çıxarılma xəbərindən sonra qarşısına gələnə «Yazıblar ki, guya məni işdən çıxarıblar. Məni kim işdən çıxaracaq? Oqtay Şirəliyevmi? Onun ümumiyyətlə, səhiyyədən xəbəri var ki?», - deyərək, kimsənin onu tutduğu vəzifədən uzaqlaşdırmaq gücündə olmadığını bəyan edir».
Aldığımız məlumata görə, Mehriban Abbasquliyevanın illərdir baş həkimi olduğu doğum evindəki vəziyyəti heç də ürəkaçan deyil. Bu yöndə olan xəbərlər arasında ən diqqətçəkəni isə onun keçmiş icra başçısının dövründə seçildiyi YAP Sabunçu rayon təşkilatının sədri postuna da təhlükə yarandığı bildirillir.
Bu barədə bizi məlumatlandıran mənbə deyir ki, Sabunçunun icra başçısı Adil Vəliyev bir neçə dəfə YAP rayon təşkilatının sədrinin dəyişdirilməsi məsələsini gündəmə gətirib: «Adil Vəliyev Mehriban Abbasquliyevanın partiyanın rayon təşkilatındakı fəaliyyətindən qətiyyən razı deyil. O, bu təşkilatın rəhbərliyinə öz yaxın adamlarından birini gətirmək istəyir. Lakin Mehriban Abbasquliyeva hakim partiyanın bir neçə nüfuzlu üzvünün dəstəyi ilə hələ ki icra başçısının təzyiqlərinə davam gətirir».
Məllumatlı şəxs deyir ki, Mehriban Abbasquliyevanı YAP-dakı vəzifəsində əvəzləmək istəyən bir neçə iddialı şəxs də var: «Onlar hətta təşkilatın başına gətiriləcəyi halda, əhəmiyyətli dəyişikliklərə də imza atacaqlarını deyirlər. Bundan əlavə, təşkilat sədrinin rəqibləri onun ötən illər ərzində təşkilatdakı fəaliyyəti ilə bağlı tutarlı hesabat hazırlayıblar. Aydın olub ki, Mehriban Abbasquliyeva həqiqətən də hakim partiyanın işində ciddi dönüş əldə etməyibdir. İcra başçısı Adil Vəliyev də bunu əsas götürərək, onun dəyişdirilməsini tələb edir».
Bu və ya digər məsələlərlə bağlı daxil olan bəzi məlumatlara qarşı tərəflərin münasibətini öyrənə bilmədik. Onları da dinləməyə hazırıq.
Sorğu
Yeni dizaynımız necədir?