Son illər doğum zamanı ana və uşaq ölümlərinin sayı get-gedə artır. Həkimlər ölüm hallarının günahını analarda görürlər və iddia edirlər ki, guya gələcək analar vaxtı-xaxtında həkimə müraciət edib tibbi müayinədən keçmirlər. Bu gün isə araşdırıb baxsaq, son günə qədər tibbi müayinəyə gedib-gələn bir ana-uşaq hansısa bir həkimin səhlənkarlığı ucbatından həyatını itirsə, ananın burada nə günahı ola bilər?
Amma belə deyil əslində. 2008-ci ildən bütün tibb müəssisələrinin pulsuz fəaliyyəti ilə bağlı sərəncam verilsə də, həmin dövlət xəstəxanalarında, doğum evlərinə göndərilən dərman preparatları yaxınlıqdakı apteklərə elə həkimlər tərəfindən satılır. Doğum evinə sancı ilə gələn gələcək ana, naəlac qalıb ehtiyac olunan dərmanı aptekdən almalıdır. Əgər ki, həmin preparatı almağa pulu olmazsa, o zaman ana da, uşaq da bu ağ xalat geyinmiş həkimlərin gözləri önündə can verə ona barmaqlarının ucu ilə də toxunmazlar.
Son zamanlar haqqında olduqca çox qərəzli informasiyalar dolaşan 2 saylı doğum evi də həmin qəbildən olanlardandır. Əməkdaşımız gələcək ana kimi həmin məkana yollanaraq, doğum evində çoxsaylı maxinasiyalar haqqında məlumat toplayıb. Keysəriyyə əməliyyatına sürüklənənlər və tibb bacılarının müştəri ovu köhnə adı “Razin” qəsəbəsində, yeni adla desək, Bakıxanov qəsəbəsində yerləşən 2 saylı doğum evi düz yolun kənarında yerləşir. Xəstəxanadakı abu-havadan danışmazdan əvvəl onu deyim ki, xəstəxananın həyətinə maşının girişdən tutmuş o xəstəxananı tərk edənə qədər pul tələb edilir. Amma, ilk başdan pul paylamaqdan çox adamın sözün əsl mənasında, gözünə girən ağ geyimli sanitar və tibb bacılarının bütün xəstəxana boyu müştəri ovuna çıxmasıdır. Həyətə girməyi ilə adamın başının üstünü alırlar. Nə üçün? Elə biz də onu araşdırdıq. Məlum oldu ki, doğuş qəbul edən həkimlərin hərəsinə işləyən tibb bacıları və ya sanitarlar fəaliyyət göstərir ki, onlar da öz həkimləri üçün müştəri axtarırlar. Hər gətirilən
müştəriyə görə həkimdən müəyyən məbləğ alırlar. Həkimlər də bu cür iş prinsipi ilə iki qat mənfəət əldə etmiş olurlar. Belə ki, həkimlər yaxşı həkim olmalarını sübut etməkdən və çoxlu qazanc əldə etməkdən ötrü müştərilərin sayı nə qədər çox olsa, bir o qədər yaxşıdır.
Bunun üçün isə, bizim bu doğum evlərinin həkimləri boyunlarına götürə biləcəkləri və ya bilməyəcəkləri işə baxmadan, məhz bu iki prinsiplə fəaliyyət göstərirlər. Deməli, həkimlərin öyrəndikləri kimi tibb bacılarının və sanitarların əsas işi öz həkimlərinə müşrəti tapmaqdır. Sonra isə həmin müştərini normal doğuşa deyil, məhz keysəriyyə əməliyyatı yolu ilə doğum etmələrini tənzimləmək üçün çalışırlar. Ananın normal doğumu dövlət doğum evlərində 400-500 manatdır, kesəriyyə yolu ilə isə 700-1200 manata başa gəlir. Sanitar və tibb bacıları isə həmin danışılan vəsaitdən sadəcə müəyyən faiz əldə edirlər. Əgər keysəriyyəyə razılaşan müştəri olarsa, bu həmin tibb bacısı və ya sanitarın daha çox vəsait əldə etməsi deməkdir. Ona görə də, ilk iş yeri gəldi-gəlmədi müştərinin gözünü normal doğumdan qorxutmaq və onu keysəriyyə yolu ilə əməliyyata razı salmaqdır.
Doğum evində vəzifəli şəxsin qohumunun palata biznesi
Redaksiyamıza Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsindəki 2 saylı doğum evindəki vəziyyətlə bağlı şikayət daxil olub. Orada yatan xəstələrdən biri bildirib ki, doğum evinin baş həkimi Mehriban Abbasquliyeva dövlət xəstəxanasında palataları həkimlərə, həkimlər də xəstələrə satır. Belə ki, palatalar xəstəxanada çalışan həkimlər tərəfindən bir növ özəlləşdirilib. Doğum evinin adının çəkilməsini istəməyən sanitarları əməkdaşımıza bildiriblər ki, doğum evində faktiki olaraq əsas söz sahibi olan həkim Zəmirə Qaralova xeyli palatanı təmir etdirib və onları yalnız öz xəstələrinə bir növ icarəyə verir. Zamirə Qaralova da baş prokuror Zakir Qaralovun qardaşının həyat yoldaşıdır. Müxbirimizi müştəri zənn edən
Zəmirə Qaralovanın ona təklifi belə olub: “Mənim otaqlarımda xəstələrim üçün hər cür şərait yaradılıb. Bir nəfərlik və iki nəfərlik otaqlarım da var. Hansını istəsəniz, danışarıq”.
Nəzərinizə çatdıraq ki, bu hələ dövlət xəstəxanasıdır və qapının üstündə yekə hərflərlə 2008-ci il prezidentin dövlət xəstəxanalarının ödənişsiz fəaliyyəti ilə bağlı verdiyi sərəncam da asılıb. Amma qohumunun vəzifəsindən sui-istifadə edib doğum evində meydan sulayanlar, müxbirimizə otağın və əməliyyatın qiymətini “Xəstənizi gətirəndə danışaırıq” deyib. Xəstəxanada çalışanların verdiyi məlumata görə, özəlləşdirilmiş palatalar boş qalsa belə onlara digər həkimlərin xəstələrini yerləşdirmək olmaz. Belə ki, dövlət xəstəxanasında mənimsənilmiş otaqlar sanki həmin həkimin xüsusi mülkiyyətidir. 2 saylı doğum evində çalışan sanitarlar isə qeyd edirlər ki, xəstəxanada mənimsənilmiş palatalardan savayı “yaxşı” və “pis” palatalar da var. Belə ki, “yaxşı palatalarda” qalmağın qiyməti 6 gün üçün 50-100 manatdır. “Pis” palatalarda qalmaq isə ümumi “haqq”a daxildir. Sanitarların dediyinə görə, “yaxşı” palatalar istilik sistemi, kondisioner, yaxşı yorğan-döşək, soyuducu, səliqəli tualet və s. özəllikləri ilə fərqlənir. Həmin xəstəxanada yenicə ana olan E.A. (xəstənin adını etik səbəblərdən vermirik-red.) deyir: “Burada çalışan tibb bacıları və sanitarlar xəstələrdən bütün gün ərzində hər şeyə görə pul istəyir.
Qohumlar, yaxınlar tərəfindən gətirilən nə sovqat varsa, xəstəyə yalnız “şirinlik”, “hörmət” müqabilində çatdırılır. Xəstələrin termosu da pulla doldurulur. “Şirinlik” adı altında adamı elə soyurlar ki, övlad sahibi olmağın sevincini də yaşaya bilmirsən”. Bir az əvvəl qeyd etdiyimiz kimi, xəstəxananın içində divara prezidentin “Xəstəxana pulsuz xidmət göstərməlidir” sözləri iri hərflərlə yazılıb asılsa da, elə həmin şüarın vurulduğu divarın arxasındakı otaqda ultrasəs müayinəsinə görə hər xəstədən 10 manat alınır. Baş həkimlərin səhiyyə ilə razılaşdırdıqları firma dərmanlarının satışı bu gün apteklərdə bahalı və ucuz dərmanlar adlı bir termin formalaşıb. Amma aptekə verilmiş ən baha
dərman belə həkimlərin gizlin-gizlin ünvanı bilinməz dərman firmalarının nümayəndələri ilə əməkdaşlığı olduqca şübhəli məsələdir.
Bu əslində tibbdə görünməmiş bir hadisədir. Yerli, ölkəyə daxil olma yolu belə bilinməyən dərmanlar görəsən həkimlərimiz tərəfindən nə üçün alınır? Əgər həmin dərmanlar həqiqətən də effektlidirsə, nə üçün normal yolla həmin həkimlər onları apteklərdən almırlar? Bəlkə sözügedən “dərman biznesi” elə baş həkimlərin və səhiyyə ilə razılaşdırdıqlarından irəli gəlir? Yoxsa həkimlər sözügedən firma dərmanlarını apteklərdən əsirgəyib, xəstələrə niyə sırısınlar? Hərçənd ki, bir az əvvəl də qeyd etdiyimiz kimi, dövlətin xəstəxanlara ayırdığı o cüzi dərman ehtiyatını isə həmin həkimlər sevə-sevə apteklərə iradə edirlər. Deməli, bu preparatların satışında və rəsmi şəkildə apteklərdə yer almasında bir deyil, böyük problem var. Amma deyilənə görə, ölkədə dərman monopoliyası mövcuddur. Və bu monopoliyanın başında duran şəxs o qədər qüvvətlidir ki, ora heç kəsin müdaxiləsi mümkün deyil. Amma bu məsələ ana və uşaq ölümlərinin səbəbini araşdıran hüquq mühafizə orqanlarının nəzərindən qaçmamalıdır.
Doğum evlərinin əməliyyat otaqları standartlara cavab vermir
“Əməliyyat otağında heç bir texniki avadanlıq yoxdur və natəmizlik baş alıb gedir”. Bu sözləri “Gündəm Xəbər”in araşdırmaları zamanı ismini verməyə ehtiyat etdiyimiz Y.B adlı yenicə keysəriyyə əməliyyatı yolu ilə ana olan bir pasient elə pəncərədən müxbirimizə danışıb. Onun sözlərinə görə, 2 saylı doğum evində uşaq dünyaya gətirməyə gələnlər birmənalı olaraq həyatlarını risqə atır: “Doğum evində heç nə yoxdur, yataq dəstinə qədər evdən gətiririk. Dərmanları və gərəkən sistemdən tutmuş şprisə qədər yoldaşıma həkimlər aldırıb. Daha şirinlik verməkdən kələyimiz kəsilib. Yaxınlarımın mənə gətirdikləri payı yuxarı havayı qaldırmırlar. Hamı pul dilənir. Otaqlar pis gündədir. Keysəriyyə əməliyyatından çıxan pasientlər üçün
xüsusi yataqlar lyuks şəraitli ödənişli otaqlara qoyulur. İmkanımız olmadığından mən adi otaqda qalmalı oldum. Yeriyə bilmirəm. Agrım var. Uşağın palatası ikinci mərtəbədədir. Məcburiyyət qaşısında gedib gəlməliyəm. Amma necə bilmirəm. Uşağı otaqda da saxlaya bilmirəm. Çünki bura çox soyuqdur.
Pəncərə də gördüyünüz kimi qırıqdır. (Danışdığımız xanım qırıq pəncərə arxasından əməkdaşımızın suallarını cavablandırıb.) Hələ heç əməliyyat otağından danışmıram. Elə bil ət kombinatıdır əməliyyat otağı yox. Siz kinolarda və ya özəl klinikalarda gördüyünüz o əməliyyat otaqlarından burada yoxdur. Bir otağa daxil oldum. Çoxlu həkim vardı. Elə bil bazar idi. İki stol qoymuşdular. Biri boş idi. yəni mənim üçün nəzərdə tutulmuşdu. Digər stolda bir xəstəni əməliyyatdan sonra tikirdilər. Hər yer qan içərisində idi. Adi əməliyyat zamanı başımızın üzərində şnurların hava balonunun və ürək döyüntülərini, nəbzi və s. göstərən heç bir avadanlıq filan da yox idi. Bir az əvvəl otaqdan çıxarılan qanlı alətlər də yuyulub yenidən içəri gətirildi. Soyuq su ilə fevral ayında. Bəlkə məndən əvvəlki pasient xəstə idi? Allah yoxun üzünü qara eləsin. Məcbur olmasam heç vaxt bura gəlməzdim. Palatada qızlar danışırdı ki, uşaq bələnən də yanında olmağa çalışın. Çünki tibb bacıları uşağın göbəyini bilərəkdən dartıb qoparırlar ki, anadan “muşduluq” alsınlar. Uşaq da apentisit və s. deyilənə görə xəstəliklərə yoluxur. Dünən bir qız gətiriblər bura normal doğuşla ana olub. Qız deyir ki, sancılanıb qalmışam, amma həkim sistemin 50 manat olduğunu deyir. Deyib “Vermirsənsə, get döz”.
Daha sonra həkimi bunu doğum otağına aparıb. Hə, yeri gəlmişkən, qeyd edim ki, yeməkxana doğum zalının yanında olduğundan mən də görmüşəm. Analar doğum zamanı adi soyuq kafel üzərində uzanaraq reallaşdırılır. Hə, qız deyir ki, doğuş zamanı həkimin telefonu zəng çalıb. Həkim də telefonu açıb və cavab verib. Səhiyyə bura niyə baxmır, ay bacı? Burada heç it qalmaz. Belə yerdəmi biz gələcəyin əsgərini dünyaya gətirirk?
Budurmu anaya qoyduğunuz hörmət?”... Məlum olduğu kimi, gənc ana doğum evinin qırıq pəncərəsi arxasından olduqca tükürpədici faktları açıqladı...
İndi 2 saylı doğum evinin baş həkimi Mehriban xanım bütün bunları təkzib etsə belə, fakt faktdır. Bu cür şəraitlə biz ana və uşaq ölümündən danışmağa haqqımız yoxdur...
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?