Daha bir rayonda etiraz dalğaları baş qaldıra bilər. Bu barədə verilən xəbərlərdən aydın olur ki, bir müddət əvvəl Azərbaycanın dövlət bayrağının traktorla daşınması səbəbindən diqqətə gələn Qazaxda yenidən vəziyyət gərginləşib. Xatırladaq ki, bir müddət əvvəl KİV-də Qazax rayonunda keçirilən bayraq festifalından sonra həmin bayraqların “Belorus” maraklı traktorun qovuşunda daşınması prosesini əks etdirən foto yayılmışdı. Həmin foto çox geniş rezonans yaratdı. Hadisəyə millət vəkili Qənirə Paşayeva da sərt şəkildə etiraz etmişdi və bundan sonra Qazax RİH-də geniş iclas keçirildi. Amma hadisənin üstündən xeyli müddət keçməsinə baxmayaraq, bayrağa sayğısızlıq göstərənlər cəzasız qaldı. Sadəcə bu işi fəhlələrin günahı kimi ört-basdır ediblər. Bütün bunlar cəmiyyətdə müəyyən söz-söhbətin yaranmasına səbəb olub. Bununla bağlı bizə daxil olan məlumatlardan aydın olur ki, Qazax rayonundan olan bir qrup gənc məhz bu səbəbdən rayon icra hakimiyyətinint qarşısında BAYRAQ AKSİYASI keçirmək qərarını verib. Həmin qərarı verən təxminən 20-yə yaxın fəal gəncin redaksiyamıza yolladığı açıqlamada bildirilir ki, onlar kiməsə qarşı deyillər: «Sadəcə olaraq, məqsədimiz bayrağa sayğısızlıq etməyin hansı səviyyədə cinayət, hansı dərəcədə günah olduğunu diqqətlərə çatdırmaqdır. Biz bu səbəbdən aksiya keçiririk və bütün ölkəyə də mesaj ötürürük ki, Qazax rayonunda kimlərsə bayrağa sayğısızlıq edə bilər. Bu cür insanlar hər yerdə var. Amma Qazax camaatı düşmənlə savaşan bir camaatdır və bayraq uğrunda yüzlərlə oğlunu itirən camaatdır. Yəni bu hadisənin rayonumuz adına biabırçı bir hadisə olduğunu etiraf edirik, amma həm də bildiririk ki, qazaxlılar bayraq uğrunda hər zaman canlarını fəda etməyə hazırdırlar». Aksiyalarının fevral ayının 15-də rayon icra hakimiyyətinin binası qarşısında olacağını bildirən gənclər aksiyaya hər kəsin dəvətli olduğunu da bildiriblər. “Xəbər xidməti”
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?