Lamiyə Quliyevaya məhkəmə quruldu, o azadlığa buraxıldı
Bakı Apellyasiya Məhkəməsində Lamiyə Quliyevanın barəsində olan hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə iclası keçirilib. Hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə çıxış edən prokuror Abbas Abbaslı bildirib ki, prokurorluq tərəfindən verilən protesti müdafiə edir.
Onun sözlərinə görə, Lamiyə Quliyevanın barəsində Xətai rayon Məhkəməsi tərəfindən verilən hökm həddindən artıq ağırdır. O, qeyd edib ki, birinci məhkəmə instansiyası tərəfindən hökm düzgün tətbiq edilməyib və nəticədə Lamiyə Quliyevaya ağır cəza təyin edilib. Prokuror qeyd edib ki, Lamiyə Quliyevanın əməlində ağırlaşdıran hal olmayıb. Prokuror Xətai rayon Məhkəməsinin hökmünün dəyişdirilməsini istəyib.
Lamiyə Quliyevanı döydüyü qadın: “Mən onu bağışlayıram”
Daha sonra zərərçəkmiş, 4 saylı Cəzaçəkmə Müəssisəsinin sabiq nəzarətçisi Aysel Ağayeva bildirib ki, prokurorluğun protestindən narazı deyil: “Mən Lamiyəni bağışlayıram, o, ana olub. Mən də anayam. Amma mənim ana olmağımı Lamiyə hərəkətləri ilə nəzərə almayıb. Hadisə vaxtı Lamiyənin hərəkətlərindən həyatımı itirə bilərdim. Mənim də 5 yaşlı uşağım anasız qala bilərdi. Məhkəmə iclaslarında Lamiyə bir dəfə də olsun günahını boynuna almadı, üzr istəmədi. Lamiyə məni ayaqyolunda vurdu, üstümə hücum çəkdi. Amma mən onu bağışladım. Bu gün internetdə yazırlar ki, Lamiyənin cəzasının ağırlaşdırılması sifarişdir. Amma burada heç bir sifariş olmayıb. Mən media nümayəndələrinə
məsləhət görürəm ki, yazı yazanda araşdırma aparsınlar və sonra məlumatı yaysınlar”.
Lamiyənin azad olunmaması üçün fərqli mövqe
Aysel Ağayevanın vəkili Sücəddin Hacıbalayev isə prokurorluğun protesti ilə razı olmadığını bildirib. O, qeyd edib ki, prokurorluğun apelyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi ilə bağlı vəsatəti qanunsuz olub: “Mən bu məsələyə hüquqşünas mövqeyindən yanaşıram. Belə bir vəsatətlə çıxış etmək qanunsuzdur. Lamiyə Quliyeva uşaq dünyaya gətirəndən sonra prokurorluq belə bir vəsatətlə çıxış edib. Əgər uşaq olmasaydı, Lamiyənin cəzasının ağır olması prokurorluğun yadına belə düşməzdi. Hökmdən apelyasiya şikayəti verilməsi üçün 20 gün müddət nəzərdə tutulub. Bu müddət başa çatandan sonra da apelyasiya şikayətinin verilməsi mümkünsüzdür. Lamiyə Quliyeva ağır cinayət törədib və Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə mühakimə olunub. Lamiyə Quliyevanın 2003-cü ildə ittiham olunduğu maddələr üzrə 15 il və ya ömürlük azadlıqdan məhrum edilməsi nəzərdə tutulub. Amma Lamiyə azyaşlı olduğu üçün 10 ildən artıq müddətə cəzalandırılması mümkün olmayıb. 10 il cəza alan Lamiyə Quliyeva cəza çəkmə müəssisəsinin qaydalarını pozub və buna görə də cəzası artırılıb. Nəzarətçi də müəssisədə vəzifəsini icra edib. Amma Lamiyə səlahiyyətlərini aşaraq nəzarətçiyə müqavimət göstərib. Belə olan halda onun azadlığa buraxılması mümkün deyil”.
Vəkil: “Baş verən xəta cinayət hesab edilə bilməz”
Lamiyə Quliyevanın vəkili Fəxrəddin Mehdiyev isə bildirib ki, zərərçəkmişin vəkilinin çıxışı əsassızdır. Onun sözlərinə görə, Lamiyə Quliyevanın barəsində cinayət işinin başlanması, yenidən cəzasının artırılması üçün əsas olmayıb: “Prokurorluğun belə bir vəsatətlə çıxış etməsi bizdə ümid yaratdı. Gec də olsa haqq-ədalət bərpa olundu. Prokurorluğun cəzanın yüngülləşdirilməsi ilə bağlı çıxış etməsi unikal hadisədir. Məhkəmə təcrübəsində belə hadisənin baş verməsi qiymətləndirilməlidir. Baş vermiş hadisə xəta nəticəsində baş verib. Baş verən xətaya görə, cinayət işinin başlanması əsasszıdır. Biz bir daha zərərçəkmiş Aysel Ağayevaya təşəkkür edirik. O, ana olması ilə həssaslığını nümayiş etdirdi və Lamiyəni bağışladı. Lamiyə hadisə vaxt verən zaman nəzarətçiyə müqavimət göstərməyib. O, çaydanı divara və yerə atıb. Hadisə zamanı da Aysel Ağayeva xəsarət almayıb. Belə olan halda baş verən xəta cinayət hesab edilə bilməz”.
Fəxrəddin Mehdiyev daha sonra bildirib ki, Lamiyə Quliyevanın əməlində cinayətin təhlükəsi olmayıb. Vəkilin sözlərinə görə, belə olan halda Lamiyə Quliyevanın əməlini ağırlaşdıran hal mövcud deyil: “İstintaq orqanı Lamiyə Quliyevanın barəsində cinayət işi başlayanda tərəddüd edib. Xətai rayon prokuror Yusif İldırımzadənin qərarı ilə Lamiyə Quliyevanın barəsində əvvəlcə Cinayət Məcəlləsinin 221-ci maddəsi ilə cinayət işi başlayıb. Amma sonradan həmin əməl Cinayət Məcəlləsinin 317.2-ci maddəsini tövsüf edilib. Bu işi araşdıran hakim cinayət işinə xitam verməli idi. Amma hakim cinayət işinə xitam verməli olduğu halda, ittiham hökmü çıxarıb. Belə olan halda Xətai rayon Məhkəməsinin hökmü qanunsuz və əsassız olmalıdır. Birinci instansiya məhkəməsində hakimin bu işə baxması qanunsuz olub.
Sonradan Lamiyə Quliyeva apelyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi ilə bağlı Xətai rayon Məhkəməsinə verdiyi vəsatəti təmin edilməyib. Həmin qərardan Bakı Apelyasiya Məhkəməsinə şikayət edilsə də, rədd cavabı verilib. Biz bu məhkəmədən ədalət gözləyirik. Buradan körpə uşaq anası azadlığa çıxmaq arzusu ilə yaşayır. Körpə bir uşaq azadlıqda böyümək ümidi var. İctimayyət bu məhkəmə qərarından ədalət gözləyir. Lamiyənin azadlığa çıxması üçün anası səbirsizliklə bu məhkəmədən ədalətli qərar gözləyir”.
Vəkil daha sonra qeyd edib ki, Lamiyə Quliyeva Cinayət Məcəlləsinin 182-ci maddəsi ilə də ittiham olunub: “Amma həmin işə baxan hakimlər haqsızlığın qarşısını alacaq qərar qəbul ediblər və bəraət hökmü çıxarıblar. Biz həmin işə baxan Xətai rayon Məhkəməsinin hakimi İbrahim İbrahimliyə, Ali Məhkəmənin hakimi Hafiz Nəsibova təşəkkürümüz bildiririk. Onların atdığı imza ilə daha bir haqsızlığın qarşısı alınıb”.
Lamiyə Quliyeva: “Əxlaqsız olmamışam”
Lamiyə Quliyeva bildirib ki, vəkilinin çıxış ilə razıdır. Onun sözlərinə görə, belə bir protestlə çıxış edən baş prokuror Zakir Qaralova və bu protestə imza edən baş prokurorun müavini Namiq Əsəgərova minnətdarlığını bildirir: “Məni müdafiə edən hər kəsə öz minnətdarlığımı bildirirəm. 15 yaşında azadlıqdan məhrum edilmiş bir qızın taleyini yaşamışam. Səbəbsiz yerə olmasa da, cinayət törətmişəm. 15 yaşında olan qız anasını, atasının arxasında gizlənir. Amma mən 15 yaşında problemlərə sinə gəlmişəm. Həbsxana həyatında psixoloji durumum pozulub. Bu 10 ildə cürbəcür insanları yola salmışam. Azyaşlı yaşda 400-500
məhkumla yaşamaq çox çətin olub. 12 il həbsxana həyatı yaşamışam. Mənə qarşı bu illər ərzində çox haqsızlıq olub. Mənə qarşı əyri addımlar atanlar da olub. Mənim hər addımı izləyiblər və səhv bir hərəkətimi şişirtməyə çalışıblar. Uşaq olmuşam, nə etdiyimi bilməmişəm. Cinayət Məcəlləsinin 182-ci maddəsi ilə ittiham olunduğum cinayət işi üzrə çıxış edən prokuror mənə 19 il 6 ay cəza istədi. Bir həftə bu cəzanın şokunu yaşadım. Bir həftədən sonra hakim həmin ittiham üzrə bəraət hökmü çıxardı. Prokuror mənə 19 il cəza istəyəndə nə üçün yaşayacağımı düşündüm. Fikirləşdim ki, neçə yaşımda azadlığa çıxacam, azadlıqda nə qədər yaşayacam. Bu illər ərzində anamla tək başına qalmışam. Qohumlarımız bizə yaxın düşməyib. Yaxın düşən qohumumuz şantaj olunub. Qohumlarımın övladları həbs edilməsi ilə hədlənib. Bu 12 ildə anam nə qədər qocalıb. Ictimayyət məni qınamasın. Ana olmaq mənim də haqqım olub. Ana olmaqla azadlığa çıxmaq şansı məndə yaranıb. Mən əxlaqsız olmamışam. Məni bu addımı atmağa insanlar məcbur edib”.
Lamiyə Quliyeva deyib ki, Cinayət Məcəlləsinin 317.2-ci maddəsi ilə ittiham olunan zaman günahsız olmasını sübut etməyə çalışıb: “Müəssənin qarşısında rəhbər şəxslərə yalvardım. Onlara günahsız olduğumu bildirdim. Amma mənə baxan olmadı sürəyərək məni “kars”a saldılar. Səhərə qədər it kimi uladım, Allaha yalvardım ki, günahsızam, məni bağışlayın. Amma səsimi eşidən olmadı. Mən bu gün azadlığa çıxmaq istəyirəm. Məni azadlığa buraxın, daha həbsxana həyatı yaşamaq istəmirəm. Bu qədər zülm olmaz. Mənim uşaqlığım, gəncliyim hədər olub. İmkan yaradın övladımı azadlıqda böyüdüm. Diz çökürəm, yalvarıram, məni azad edin.
Daha mən həbsxanaya qayıtmaq istəmirəm. İsti həyat qurmaq, övladımı böyütmək istəyirəm”.
Tərəfləri dinləyən hakim heyəti sonda qərar qəbul etmək üçün müşavirə otağına yollandı. Müşavirədən qayıdan hakimlər Lamiyə Quliyevanın cəzasının azaldılması və dərhal məhkəmə zalından azadlığa buraxılması barədə qərar açıqlayıb.
Məhkəmə zalından azadlığa buraxılan Lamiyə Quliyeva bildirib ki, bütün ictimaiyyət nümayəndələri, media işçilərinə, protestlə çıxış edən prokurorluğa minnətdardır. O, azadlığa çıxdığına sevindiyini bildirib: “Hər bir anaya uşağını azadlıqda böyütmək nəsib olsun. Mən uşağımı azadlığa böyüdəcəyəm, bundan böyük arzu yoxdur. Eyni zamanda, mənimlə birlikdə mühakimə olunaraq ömürlük cəza alan Vüqar Əliyevə də azadlığa çıxmağı arzu edirəm”.
O, Şəmkirin keçmiş icra başçısı Aslan Aslanovun üzündən həbsə düşdüyünü xatırladıb. “Aslan Aslanovu Allaha tapşırıram. Allah onun cəzasını verəcək”.
Lamiyə Quliyeva keçmiş nişanlısı Vüqar Əliyevin də azadlığa çıxmasını arzu etdiyini deyib: “Onun da azadlığa buraxılması çox yaxındır. Bunun üçün də mübarizə aparacağıq. Allah onun da qapısını açsın”.
Uşağının atası ilə bağlı suala cavabında təkrar edib ki, Elnur Rəsulov adlı dustaqla münasibətdə olub. Lamiyə ilə canlı təmasda olmadıqları barədə Elnur Rsüstəmovun dediklərini o, yalan adlandırıb. Lamiyə Quliyeva bəzi media orqanlarında haqqında yazılanlar və deyilənlərə də münasibət bildirib. Onun anası isə
əlavə edib ki, Mirşahin Ağayev ANS-də onu və qızını aşağılayıb. Mirşahin Ağayev barədə Lamiyə özü də açıqlama verib. Lamiyə Quliyevanın anası Kifayət Quliyeva da qızının azadlığa buraxılmasına görə sevindiyini bildirib. O, qızına yaxından köməklik edənlərə minnətdarlıq edib.
Qeyd edək ki, Baş Prokurorluq 4 saylı cəzaçəkmə müəssisində saxlanan məhkum Lamiyə Quliyeva ilə bağlı Xətai Rayon Məhkəməsinə protest verib. Protestə əsasən Lamiyə Quliyevaya onun məhkum olunmasına dair hökmdən şikayət etmək hüququnun tanınması istənilib. Xətai Rayon Məhkəməsi protesti təmin edib. Lamiyə Quliyeva onun 5 il 6 ay azadlıqdan məhrum edilməsinə dair hökmdən şikayət vermək hüququ qazanıb.
Lamiyə Quliyeva 2003-cü ildə Aslan Aslanovun oğlunun qətlə yetirilməsinə görə 10 il müddətinə azadlıqdan məhrum edilib. Həmin müddət 2013-cü ildə bitib. Lakin 2012-ci ildə L.Quliyevaya yenidən ittiham elan olunub və Xətai Rayon Məhkəməsinin hökmü ilə 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilməklə ümumilikdə 15 il 6 ay müddətinə cəzaya məhkum olunub.
Lamiyə Quliyevaya ümumilikdə 3 dəfə ittiham irəli sürülüb. Quliyeva 2003-cü ildə Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilərək 10 il azadlqıdan məhrum edilib.
2012-ci ildə Cinayət Məcəlləsinin 317-ci (cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının normal fəaliyyətini pozma) maddəsi ilə ittiham olunaraq 5 il 6 ay əvvəlki hökmlə təyin
olunmuş cəzanın üstünə gəlinib. Bundan 1 il sonra, 2013-cü ildə o Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittihama olunub. İşə Xətai Rayon Məhkəməsinin hakimi İbrahim İbrahimov üçüncü ittiham üzrə bəraətverici əsaslarla hökm çıxarıb. Lakin prokurorluq protest verib, Bakı Apelyasiya Məhkəməsinin hakimi Sahibxan Mirzəyev həmin hökmü ləğv edib. Beləliklə, Lamiyə Quliyevanın cəzası 6 il 6 ay artırılıb. Ali Məhkəmənin hakimi Hafiz Nəsibov Bakı Apellyasiya Məhkəməsinin qərarını ləğv edib birinci məhkəmə instansiyasının qərarını qüvvədə saxlayıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?