Səidə Qocamanlı: “Cəzaçəkmə müəssisələrində elə məhbuslar var ki, artıq qocalıblar, ağır taleh yaşayıblar”
Novruz bayramında əfv fərmanının veriləcəyi haqda xəbərlər yayılıb. Qeyd edilir ki, martda əfv fərmanı veriləcək, çoxlu sayda siyasi məhbus azadlığa buraxılacaq. Həmçinin insan hüquqları üzrə Birləşmiş İşçi Qrupunun toplantısının keçiriləcəyi haqda da informasiyalar səsləndirilir. Bu mövzularda suallarımıza İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi Bürosunun rəhbəri Səidə Qocamanlı cavab verib. - Bir müddət əvvəl hüquq müdafiəçiləri bir araya toplaşıb müzakirə aparıblar. Hakimiyyət nümayəndələrinin və Avropa Şurası nümayəndəsinin iştirakı ilə qurulan Birləşmiş İşçi Qrupunun toplantısı gözlənilirmi? - Siz nəzərdə tutduğunuz İşçi Qrupuna daxil olan hüquq müdafiəçilərinin sadəcə görüşü idi. Biz insan hüquqları üzrə İşçi Qrupunun iclasları arasında görüşürük, daxil olan şikayətlərə baxırıq, lazım olanları hazırlayıb İşçi Qrupuna təqdim edirik, lazımdırsa hansısa instansiya ilə əlaqə saxlayıb problemin həll edilməsini təmin edirik. Yəni bu bizim işimiz və növbəti görüşümüz idi. Təbii ki, biz İşçi Qrupunun növbəti görüşünü gözləyirik. Məndə olan məlumata görə, fevral ayında bu olmalıdır. - Həmin görüşdə nələr müzakirə ediləcək, siz hansısa təkliflər irəli sürəcəksiniz? - Birincisi, bizə gələn şikayətləri təqdim edəcəyik. Sonra Novruz bayramı ərəfəsində gözlədiyimiz əfvlə bağlı təkliflərimiz olacaq. Bundan başqa, bir söz deyə bilərəm. Biz ancaq insanların azadlığa buraxılmasını təklif edə bilərik.
- Hazırda sizin siyahınızda neçə siyasi məhbusun adı var? - Bunu dəqiq deyə bilmərəm, çünki siyahı əlimin altında deyil. Əvvəl 27 nəfər idi. Sonra 10 məhbus azadlığa qovuşdu və 17 nəfər qaldı. - Xədicə İsmayılı siyahıya salmısınız? - Təbii ki, salmışıq. Xədicə İsmayıl, Rəsul Cəfərov, Arif Yunus, Leyla Yunus, İntiqam Əliyev və Rauf Mirqədirov bizim siyahıda istintaq altında olan şəxslər kimi qeyd edilib. - Konkret martda əfv ola bilərmi, bu haqda nə deyə bilərsiniz? - Güman edirəm ki, milli bayramımız ərəfəsində əfv olacaq. Hesab edirəm ki, ənənə kimi Novruz bayramında daima əfv fərmanları verilib. Biz ümid edirik ki, bu Novruz bayramı ərəfəsində bizim siyahımızda olan və İşçi Qrupuna təqdim etdiyimiz xəstə məhbuslar, cəzalarının böyük hissəsini çəkən məhbuslar azadlığa buraxılacaq. - Təcrübəyə görə, Yeni İl Bayramında əfv fərmanı olanda Novruz bayramında olmur... - Olur, olub və president var. Mən gözləyirəm. Əfvə ehtiyac duyuram. Nəhayət bizim siyahımız qapansın və bu məsələyə bir daha qayıtmayaq. Bilirsinizmi, onlara qarşı ağır maddələr irəli sürülüb və bu insanlar Amnistiya Aktına düşməyə bilərlər. Ancaq əfv fərmanı ilə azadlığa çıxa bilərlər. Onların içərisində xəstələr, cəzalarının çox hissəsini çəkənlər var. Elələri var ki, əfv ərizəsini yazıblar. Bunları nəzərə alaraq əfv olmalıdır. Novruz bayramı bizim əziz bayramımızdır. Mən ümid edirəm ki, bu bayramda çoxlu sayda məhbusu sevindirəcəklər.
- Əfv fərmanı ancaq siyasi məhbuslara görə verilir? - Xeyr. Azərbaycanda bəyəm başqa dustaqlar yoxdur? Mən belə bir bölgünü qəbul etmirəm. Cəzaçəkmə müəssisəsində xəstə, əfv ərizəsini yazanlar, gənclər var ki, onları azadlığa buraxıb reablitasiyası ilə məşğul olmaq, cəmiyyətə qaytarmaq üçün böyük işlər görülməlidir. Odur ki, mən belə fərqləndirməni doğru hesab etmirəm. İnsan elə insandır. - SSRİ zamanı da belə əfvlər olurdu? - Mən həmin dövrdə gənc olmuşam. Amma xatırlayıram ki, SSRİ zamanı tez-tez aministiya verilirdi. Azadlığa çoxlu bandit, qatı cinayətkarlar buraxılırdı ki, sonra şəhərdə cinayətlərin sayı artırdı. Şübhəsiz ki, əfv fərmanları da olub. İndi həbsdə əfv ərizəsini yazanlara bizim siyasi dairələrdə pis baxırlar. Hər halda həbsxana kurort deyil, azadlıq daha şirindir. İnsanlar azadlığa çıxırlar, öz problemlərini həll etməklə yanaşı ictimai həyatda özlərini təsdiq etməyə çalışırlar. Biz həbsxanalara gedirik, məhbuslarla görüşürük. İnanın, elə məhbuslar var ki, artıq qocalıblar, taleyləri ağırdır. Odur ki, əfv ərizəsi məsələsinə məsuliyyətli yanaşılmalıdır. Əfv ərizəsi yazan artıq bilir ki, həbsxana həyatı nədir və azadlıq istəyir. Cəmiyyətin əsas işi o olmalıdır ki, həbsxanadan çıxana minimum şərait yaradılsın, işləsinlər, həyatlarını davam etsinlər. Onlara başqa cür baxmaq olmaz. Elə etmək lazımdır ki, onlar yenidən həbsxanaya düşməsinlər. - Siz Ədliyyə Nazirliyi yanında Penitensiar Xidmətə Nəzarət funksiyasını yerinə yetirən İctimai Komitənin üzvü olaraq qalırsınız? - Xeyr. Mən Müsavat Partiyasına daxil olduqdan sonra bu qurumdan getdim. Çünki əsasnaməyə görə, siyasi partiya mənsubiyyəti olan şəxs İctimai Komitədə təmsil olunmamalıdır.
- Ancaq nə Penitensiar Xidmətdə durum normaldır, nə də üzvü olduğunuz Müsavat Partiyasında. Pentensiar Xidmət Lamiyə Quliyeva şokunu yaşadır, Müsavat Partiyası isə parçalanma ərəfəsindədir... - Həyatda daima problemlər olur. Bəzən mənə elə gəlir ki, biz dünyanın sonunu yaşayırıq. Mən 2015-də insanlarda aqressiyanın artdığını, əmin-amanlıq hissinin azaldığını müşahidə edirəm. İndi deyirlər ki, dialoq olmalıdır, bu məqsədlə İşçi Qrupu yaradılacaq. İşçi qrupunun yaradılmasının əsasında dialoq durmalıdır. Monoloq olan yerdə bir-birini eşitmək və anlamaq olmayacaq. Dialoq lazımdır. Mən elə bilirəm ki, insan hüquqları üzrə Birləşmiş İşçi Qrupunda biz buna nail olmuşuq, bir-birimizi anlayaraq, yaranan problemin həllində səylərimizi göstəririk. Orada təmsil olunanlar çox normal, etik çərçivədə və işgüzar şəraitdə işləyir, hamı bir-birini eşidir. Ancaq təəssüflər olsun ki, siyasi partiyalarda, cəmiyyətin ayrı-ayrı qruplarındakı narazılıqlar bir-birini eşitməməkdən doğur. Hamı deyir ki, mən doğrunu deyirəm, mənim monoloquma qulaq asmalısınız, qəbul etməlisiniz. - Müsavat Partiyasından çoxları istefa verib. Sizin istefa vermək niyyətiniz var? - Mən istefa vermək fikrində deyiləm. Əgər məni partiyadan çıxarsalar, bunu özüm üçün böyük problem hesab etməyəcəyəm. Çünki mən partiya üzvü olmazdan əvvəl də daxilən özümü müsavatçı hesab etmişəm. Partiyadan çıxarsalar da, özümü müsavatçı hesab edəcəyəm. Bu mənim genetik kodumda var. Amma Müsavatda baş verənləri alqışlamıram. Çünki Müsavatda baş verənlər M.Ə.Rəsulzadə roluna, Müsavat adına ağrıdır. Yaxşı olardı ki, bir masa ətrafında əyləşərək bir-birini eşitsinlər. Bu ən yaxşı yoldur. Əgər mənim bu mövqeyimə görə sağol deyib partiyadan çıxarsalar, bunu normal qarşılayaram. Əsas
odur ki, öz əqidəm və vicdanım qarşısında özümü müsavatçı hesab edirəm və bu ömrümün sonuna qədər də belə olacaq. Bunun da, heç kəsə aidiyyəti yoxdur. - Deyirsiniz ki, partiyanızda ən yaxşı çıxış yolu bir masa arxasında əyləşib söhbət etməkdir. Ən pis variant hansıdır?
- Ən pis yol tərəflərin bir-birini təhqir etməsi, eşitməməsi, problemləri əyləşib masa arxasında çözməmələridir. O bundan danışır, bu ona əyri baxır, digəri qarşısındakını düşmən elan edir. Bizim bir düşmənimiz var-erməni. Bizlər bir-birimizə düşmən ola bilmərik. Biz hamımız bir millətik. Mən siyasi partiyalar arasında keçirilən görüşə görə sevindim. Çünki orada ümumi məsələlər qoymuşdular. Çox istərdim ki, bizim siyasətçilər Dağlı Qarabağla bağlı müzakirə aparıb ümumi mövqedən çıxış etsinlər. Eləcə də azad və ədalətli seçkilərin keçirilməsi, insanların rifahı məsələləri müzakirə etsinlər. Axı bu siyasətçilərin hər biri ağıllı və təcrübəli insandır. Biz onları tanıyırıq. Deyir, iş sözdən keçir. Söz olmayan yerdə, bir-birinə qulaq asılmayan yerdə necə ola bilər? Ailəni məsəl kimi götürün. Əgər orada ata-ana-uşaq bir-birini eşitmirsə, ona mehriban ailə demək olarmı? Əlbəttə, yox. Bu saat mən Müsavat Partiyasına mehriban ailə deyə bilmərəm. Orada gərginlik yaşanır. Məncə, bir müdirik insan lazımdır ki, buna “stop” deyib prosesləri müsbət istiqamətə yönəltsin. - İsa Qəmbərin müdirikliyi... - Mənə elə gəlir ki, İsa Qəmbər çox şeyi edə bilər. Onun bu gücü var və məsələləri yoluna qoya bilər. Mən çox ümid edirəm ki, nəhayətdə bu baş verəcək. Buna ümidim var. İnsanlarla bu cür oynamaq olmaz. İnsanları elə-belə yola atmaq olmaz, onların hər biri dəyərdir. Müxalifət partiyalarında çox dəyərli insanlar var. Neçə illərdir ki, onlar işləmirlər, yaşayışları çətindir. Buna baxmayaraq əqidələrindən dönmürlər. Belə insanları necə atmaq
olar? Ümumiyyətlə partiyadan çıxarılmaq nə deməkdir, bəyəm başqa tənbeh üsulu yoxdur, axı var. Amma biz millət olaraq çalışırıq ki, ən sərt yolu seçək. Baxın, bizdə şəxsi həbs edib polisə aparırlar. İlk olaraq onun haqqında həbs qətimkan tədbiri seçilir. Baxmayaraq həmin şəxsi başqa maddə ilə əvəz edib ev dustaqlığına, sutkalıq həbsə göndərmək olar. Ancaq bizdə ən sərt cəzanı seçirik. Əlbəttə, mən bunu partiyadakı durumla müqayisə etmək istəməzdim. Ancaq kənardan baxanda görürəm ki, vəziyyət belədir. Hər halda mənim yaşıma və təcrübəmə yaraşmaz ki, belə halları tərif edim, alqışlayım. Məni partiyadaşlarım anlasın, bilsinlər ki, mən nə o tərəfdəyəm, nə də bu tərəfdə. Hesab edirəm ki, dil tapmaq, işləmək, danışmaq lazımdır. Hər kəs partiya daxilində öz töhvəsini verməlidir. Əgər iki nəfər yanırsa, beş nəfər kənardan durub bunu sevinclə müşahidə edir, düşünür ki, nə yaxşı oldu, Müsavat dağıldı. Odur ki, Müsavatda baş verənlər mənim ürəyimi ağrıdır. Müsavat bizim evimizdir, millətimizin partiyasıdır. Odur ki, bu işlərə son vermək lazımdır. Müsavat Partiyası güclü olmalı, bütün proseslərdə aktiv iştirak etməlidir.
Sorğu
Yeni dizaynımız necədir?