Baş Dövlət Yol Polisi regionlarda yerli əməkdaşlarla birlikdə reydlər həyata keçirib.
Bayram günlərində rayonlarda nəqliyyatın hərəkətinin intensivləşməsi bir sıra müvafiq tədbirlərin görülməsini zəruri edir. Bu amili nəzərə alaraq, Baş Dövlət Yol Polisi regionlarda yerli əməkdaşlarla birlikdə reydlər həyata keçirib. Şəki və Zaqatala rayonlarında baş tutan belə reydlər zamanı qayda pozuntusuna yol verən sürücülər cəzalandırılıb.
Şəkidə keçirilən reyd zamanı bir sıra maraqlı faktlar qeydə alınıb. DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyevin də iştirak etdiyi reyddə qayda pozan sürücülər saxlanılıb və onlara qarşı protokol tərtib olunub. Sənədləri qaydasında olmayan sürücülərin avtomobilləri isə cərimə meydançasına aparılıb.
Saxlanılan sürücü: "Sürücülük vəsiqəsini üstümdə götürməmişəm, yadımdan çıxıb, olan şeydi. İnşallah, bir də olmaz"
Bəzi sürücülər tərtib olunan protokollara qarşı etirazlarını bildiriblər.
Gün ərzində ümumilkdə 60 sürücü texniki baxış, sığorta, yükdaşıma və bu kimi qayda pozuntularına görə cərimə olunub.
Oxşar reydlər Zaqatalada da keçirib. Reyd zamanı 50-dən yuxarı sürücü cərimə olunub. Protokollar əsasən məcburi sığortanın olmaması, təhlükəsizlik kəmərindən istifadə olunmaması, avtomobilin texniki baxışdan keçməməsi kimi faktlar əsasında tərtib edilib.
Polisdən verilən məlumata görə, belə reydlərin mütəmadi keçirilməsi nəzərdə tutulur (Region TV).
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?