Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Rəşad Qasımovun apelyasiya şikayəti üzrə məhkəmə başlayıb. İttihama görə, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Bakı şəhər sakini Kənan Muxtarov və Rəşad Qasımovun yol verdiyi qanun pozuntuları ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.
İstintaq zamanı onların “Azərbaycan Lizinq Şirkəti” MMC-yə məxsus istilik sistemlərinin ayrı-ayrı şəxslərə satılmasına dair saxta alqı-satqı müqavilələrinin rəsmiləşdirilməsinə nail olmaqla ümumilikdə 356 min manat məbləğində külli miqdarda özgə əmlakını, həmçinin MMC-yə məxsus 13 min manat dəyərində istilik avadanlığını aldatma yolu ilə ələ keçirməklə cəmiyyətə külli miqdarda ziyan vurduğu müəyyənləşib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Kənan Muxtarov barəsində Cinayət Məcəlləsinin 70-ci (cəzanın şərti hesab olunması) maddəsi tətbiq olunaraq şərti cəza ilə cəzalandırılıb. Rəşad Qasımov isə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı Rəşad Qasımov apelyasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini istəyib.
Hakim Abid Abdinbəyovun sədrliyi ilə keçirilən prosesdə Rəşad Qasımovun apelyasiya şikayəti üzrə ilkin baxış iclası olub. Prosesdə onun apelyasiya şikayətinin dəlilləri müəyyən edilib. Hökmdən Kənan Muxtarov apelyasiya şikayəti verməyib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?