Baş Prokurorluq Azərbaycanda Türkiyə vətəndaşını qətlə yetirməkdə təqsirləndirilən Rasim Məmmədovun ömürlük azadlıqdan məhrum edilməsi tələbi ilə Ali Məhkəməyə kassasiya protesti verib.
Türkiyə vətəndaşı Mehmet Alimin meyiti 2013-cü ilin iyunun 5-də saat 20.00 radələrində Azərbaycan prospekti, ev 23, mənzil 20 ünvanında yerləşən “Göyçay Kerpicsan” MMC-nin ofisində aşkarlanıb. Araşdırmalar zamanı onun həmin şirkətin icraçı direktoru olduğu və bıçaqla qətlə yetirildiyi məlum olub.
Hüquq-mühafizə orqanlarının apardığı araşdırmalar nəticəsində hadisəni törətməkdə şübhəli bilən 1958-ci il təvəllüdlü Rasim Məmmədov saxlanılıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rasim Məmmədov 15 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Baş Prokurorluq apelyasiya protesti verib. Prokurorluq Rasim Məmmədovun ömürlük azadlıqdan məhrum edilməsini istəyir.
Hökmdən təqsirləndirilən şəxs və onun vəkili də apelyasiya şikayəti verib. Müdafiə tərəfi Rasim Məmmədova ağır cəza verildiyini əsas gətirib. Vəkil şikayətində Rasim Məmmədovun cəzasının yüngülləşdirilməsini xahiş edib. Bakı Apellyasiya Məhkəməsi həm Baş Prokurorluğun apelyasiya protestini, həm də təqsirləndirilən şəxsin apelyasiya şikayətini təmin etməyib.
Baş Prokurorluq qərardan narazı qalaraq Ali Məhkəməyə kassasiya protesti göndərib. Prokurorluq Rasim Məmmədovun barəsində ömürlük azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini istəyir. Prokurorluğun protesti hakim Hafiz Nəsibovun icraatına verilib. Məhkəmə baxışı aprelin 1-nə təyin edilib.
Sorğu
Yeni dizaynımız necədir?